Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xocalılılar qəriblikdə də əkib-becərirlər

15 May 2018
 

Məcburi köçkünlük həyatı yaşayan xocalılılar da məskunlaşdıqları bölgələrdə əkin-biçinlə məşğul olur, yetişdirdikləri məhsulları ilə ailələrini dolandırır, güzəranlarını qururlar. Bu sahədə keçən ili də uğurlu göstəricilərlə yola salan xocalılılar 2342 hektardan 4964 ton taxıl, 107 hektardan 974 ton kartof, 39 hektardan 286,2 ton tərəvəz götürmüşlər.

Onlar ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsi istiqamətində də fəallıq göstərirlər. Belə ki, sıx məskunlaşdıqları ərazilərdə fındıqçılığın və baramaçılığın inkişaf etdirilməsi üçün tut bağları salınır, onlara qulluq göstərilir. Xocalılılar qısa vaxt ərzində Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 2 hektar ərazidə məhsuldar fındıq ağacları əkmişlər.

Bu işdə dövlət nəzarəti və yerli icra orqanları da xocalılıların əlindən tutur. Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun (MKSİF) xətti ilə Kərkicahan qəsəbə tam orta məktəbinə su xətti çəkilmiş, Yuxarı və Aşağı Ağcakənd qəsəbələrində qəsəbədaxili yollar təmir edilmişdir. Bundan başqa, Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış əhali üçün ayrıan torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsi məqsədilə mövcud arxların təmirinə başlanılmışdır. Yeri gəlmişkən qeyd edək ki, ötən il əhalinin su təminatında olan problemlərin bir qismi aradan qaldırılmışdır. Bu məqsədlə köhnə su xətlərinin bir hissəsi təmir edilmiş, sıradan çıxmış xətlər yeniləri ilə əvəz olunmuşdur. Aşağı Ağcakənd, Yuxarı Ağcakənd, Meşəli və Cəmilli qəsəbələrində yaşayan əhalinin, o cümlədən xocalılıların fasiləsiz içməli su ilə təmin edilməsi üçün Ballıqayadan 90 metr əlavə boru kəməri çəkilmiş, Cəmilli və Meşəli qəsəbələrinə gələn boru xətləri yenilənmişdir.  

Xocalılıların işsizlik problemi də həll edilir. Hazırda “Azərxalça” ASC-nin xətti ilə xalça sexi tikilir. Sex istifadəyə veriləndə orada 126 nəfərin daimi işlə təmin ediləcəyi gözlənilir. Bundan başqa, Prezidentin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli sərəncamının icrası çərçivəsində ehtiyacı olan 9 nəfər seçilərək təlimlərə cəlb edilmişdir. Onlardan 6 nəfərinin biznes planı Beynəlxalq Əmək Təşkilatının və Dövlət Məşğulluq Xidmətinin nümayəndələrindən ibarət komissiya tərəfindən müsbət qiymətləndirilmişdir. Bu təsərrüfatlar bir il sınaq müddəti olmaqla həmin vətəndaşların istifadəsinə verilmişdir. Özünü doğruldan təsərrüfatlar bir ildən sonra onların şəxsi mülkiyyətinə veriləcək.

Rayon məşğulluq mərkəzi də əhalinin işlə təminatında, eləcə də vətəndaşların sosial müdafiəsinin təşkilində müəyyən işlər görür. Keçən il 27 nəfər işlə təmin olunmuş, 7 nəfərə işsiz müavinəti təyin edilmişdir. Bir qrup işaxtaran isə peşə ixtisasına yönəldilmişdir.

Xocalılıların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. İndiyədək 4199 ailə mənzillə təmin edilmişdir. Təkcə keçən il 49 ailə yeni mənzillərə köçürülmüşdür.

Ölkənin müxtəlif şəhər və rayonlarında məskunlaşması nəzərə alınaraq ayda 4 dəfədən az olmayaraq yerlərdə sakinlərlə səyyar görüşlər təşkil edilir. Bunun üçün əvvəlcədən əhaliyə səyyar görüşün keçiriləcəyi məkan və vaxt haqqında məlumat verilir. Belə görüşlərdə rayon rəhbərliyi ilə yanaşı, idarə və təşkilatların, xidmət təşkilatlarının rəhbərləri də iştirak edirlər. Qaldırılan məsələlər bəzi hallarda yerində həll edilir, bəziləri aidiyyəti orqanlara çatdırılmaq üçün nəzarətə götürülür. Təkcə keçən il 41 belə səyyar görüş keçirilmişdir. Görüşlər zamanı 139 məsələ qaldırılmış və onların çoxu öz həllini tapmışdır. Bəzilərinin həlli üçün aidiyyəti təşkilatlara müraciət edilmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”