Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Saatlıda süd emalı müəssisəsi istifadəyə verilib

15 May 2018
 

Mayın 11-də Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi (SEDA) çərçivəsində Saatlı rayonunun Günəşli kəndində inşa edilən süd emalı müəssisəsi fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə İqtisadiyyat Nazirliyinin, ABŞ-ın Azərbaycandakı səfirliyinin, Beynəlxalq İnkişaf Agentliyinin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin nümayəndələri iştirak edib.

Müəssisənin açılışında çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, regionların tarazlı və davamlı inkişafı sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasının və sahibkarlığın inkişafının uğurlu iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində bölgələrdə yeni texnologiyalara əsaslanan müəssisələr yaradılır, yeni iş yerləri açılır, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün sistemli tədbirlər həyata keçirilir.

Saatlı Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev rayonda reallaşdırılan layihələr barədə məlumat verib və yeni süd emalı müəssisəsinin istifadəyə verilməsinin heyvandarlıq sahəsinin inkişafına mühüm töhfə olduğunu vurğulayıb.

ABŞ səfirliyinin nümayəndəsi Karter Vilbur ölkəmizlə Birləşmiş Ştatlar arasındakı əlaqələrdən, SEDA layihəsi çərçivəsində görülən işlərdən danışıb, bu tədbirlərin Azərbaycanın bölgələrinin inkişafına töhfə olduğunu bildirib.

Tədbirdə çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Süd emalı müəssisəsinin fəaliyyətə başlaması nəticəsində Günəşli kəndində təsərrüfatlar istehsal etdikləri südü emal edəcək ki, bu da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək. Layihə çərçivəsində 6 ədəd müxtəlif təyinatlı süd emalı avadanlığı quraşdırılıb. Müəssisədə hər gün 20 ton süd qəbul olunacaq ki, nəticədə 500 kiloqram sarı pendir, 400 kiloqram ağ pendir istehsal ediləcək və burada ümumilikdə 20 nəfər çalışacaq.