Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suraxanı rayonunda əhalinin 90 faizə yaxını kütləvi tibbi müayinə olunub

14 May 2018
Bu il fevralın 12-dən başlayan və mayın 12-dək davam edən ölkə vətəndaşlarının pulsuz tibbi müayinə kampaniyası Suraxanı rayonunda uğurla aparılıb. Tibbi müayinənin yüksək səviyyədə və operativ təşkil edilməsi üçün komissiya yaradılıb, rayonda yerləşən müəssisə və idarələrin kollektivlərinin müayinədən keçməsi üçün qrafik tərtib olunub.

İcra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, rayonda 18 yaşdan yuxarı 180,1 sakinin və 14,5 min məcburi köçkünün 4 xəstəxana, 4 poliklinikada və 1 ambulatoriyada pulsuz tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdu. Müayinə müddətində rayon üzrə 157,4 min nəfərin sağlamlıq vəziyyəti yoxlanılıb. Onların 10,8 min nəfəri rentgen, 21,2 min nəfəri laboratoriya müayinəsindən, 5,3 min nəfəri USM və 3,1 min nəfəri exokardioqramma müayinəsindən keçib. Sakinlərdən 3,4 min nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 118 nəfər stasionar müalicəyə cəlb olunub, 259 nəfər təkrar müayinə və müalicə üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.

Səhiyyə müəssisələrində həkimlərdən ibarət səyyar briqadalar müxtəlif yaşayış ünvanlarına baş çəkərək, poliklinikaya gələ bilməyənlərə yaşayış yerində tibbi xidmət göstəriblər.

Rayonun böyük səhiyyə ocaqlarından olan 23 nömrəli şəhər poliklinikasının baş həkimi Şərəbanı Yusifzadənin verdiyi məlumata görə, müəssisənin xidmət göstərdiyi 27 min nəfər əhalidən 23,6 mini tibbi müayinə olunub. Onlardan 2,3 min nəfəri rentgen, 2 min nəfəri ultrasəs aparatından, 919 nəfəri laboratoriya və 2,6 min nəfəri exokardioqramma müayinəsindən keçib. Müayinədən keçənlərin 334 nəfərində müxtəlif xəstəliklər aşkar olunub və onlardan 72 nəfər daha ixtisaslı müayinə və müalicə üçün Bakının digər xəstəxanalarına göndərilib.