Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə 24 terrorçu zərərsizləşdirilib

14 May 2018
Türkiyədə son bir həftə ərzində keçirilmiş antiterror əməliyyatları nəticəsində 24 terrorçu zərərsizləşdirilmişdir. Onlardan biri məhv edilmiş, 9-u silahını yerə qoyub təslim olmuş, 14-ü həbs edilmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri mayın 7-14-də separatçı terrorçu təşkilatlara qarşı 1821 əməliyyat keçirmişdir. Nəticədə PKK terrorçuları ilə işbirliyində şübhəli bilinən 132 nəfər, İŞİD-lə əlaqəyə görə 22 nəfər, FETÖ terrorçu təşkilatı ilə mübarizə çərçivəsində 967 nəfər və solçu terrorçu təşkilatlarla mübarizənin gedişində 2 nəfər saxlanmışdır.

Planlı əməliyyatlar zamanı tutulan 4840 nəfərdən 123-ü terrorçuluqda, 83-ü qanunsuz miqrasiya ilə əlaqəli cinayətlərdə, 3634-ü narkotik maddələr və insan alverində şübhəli bilinir.

Hakkari, Bitlis, Şırnak, Tunceli, Mardin və Qəhrəmanmaraş vilayətlərində keçirilmiş əməliyyatlar zamanı terrorçuların 7 sığınacağı və 10 əldəqayırma partlayıcı qurğusu məhv edilmiş, 530-dan çox döyüş sursatı, 20 qumbara və 6 ədəd odlu silah müsadirə olunmuşdur.