Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qida Təhlükəsizliyi Agentliyinin sədri İstehlak Mallarının Ekspertizası Mərkəzinin laboratoriyası ilə tanış olub

14 May 2018
Mayın 14-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli İstehlak Mallarının Ekspertizası Mərkəzinin Nərimanov rayonunda yerləşən Mərkəzi Qida və Qeyri-Ərzaq Mallarının Sınaq Laboratoriyasının fəaliyyəti, maddi-texniki bazası və əməkdaşlarının bilik səviyyəsi ilə tanış olub.

Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, aparılan laborator müayinələr zamanı şəffaflığın qorunması üçün vahid elektron bazanın yaradılmasının vacibliyini vurğulayan Q.Təhməzli gələcəkdə bu istiqamətdə həyata keçiriləcək yeniliklərdən danışıb.

Q.Təhməzli, həmçinin iş prosesində əməkdaşların qarşılaşdıqları bir çox məsələlərlə maraqlanıb, onların istək və arzularını dinləyib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2018-ci il 26 yanvar tarixli sərəncamına əsasən İstehlak Mallarının Ekspertizası Mərkəzinin Bakı şəhərində yerləşən Qida və Qeyri-Ərzaq Mallarının Mərkəzi Sınaq Laboratoriyası Qida Təhlükəsizliyi Agentliyinin balansına verilib.