Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 49,97 faizi attestat qiymətlərini doğrulda bilib

14 May 2018
Ötən il abituriyentlər iki dəfə imtahan vermək imkanı əldə ediblər. Hər iki imtahanda iştirak edən abituriyentlərin nəticələri təhlil olunub. Məlum olub ki, abituriyentlərin ikinci imtahandakı nəticələri birinci imtahandakı nəticələrindən nisbətən yaxşı olub. Bu imtahanların hər ikisində iştirak edən abituriyentlərin nəticələri arasındakı fərqin orta qiyməti 20,09 bala bərabər olub.

AZƏRTAC xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində əks olunub.

Jurnalda bildirilir ki, abituriyentlərin təxminən 64-65 faizinin bu iki imtahanda əldə etdikləri nəticələri arasındakı fərq 50 baldan, 91-92 faizinin isə 100 baldan aşağı olub. Nəticələr arasındakı korrelyasiya əmsalı 0,94-ə bərabər olub. “Abituriyentin ərizəsi” formasına ayrı-ayrı fənlər üzrə attestat qiymətləri də daxil edilir. Ərizədə qeyd olunan qiymətlər əsasında abituriyentlərin orta attestat qiymətləri hesablanaraq, onların qəbul imtahanlarında topladıqları ballarla müqayisəsi aparılıb. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 96,87 faizinin qəbul imtahanlarındakı nəticələri 0–199 bal intervalında olub. Orta məktəbi “5” qiymətlə bitirən məzunların yalnız 49,97 faizi attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir. Əlbəttə, obyektiv qiymətləndirilmə aparılarsa, təhsilin bir pilləsində əldə olunmuş nailiyyətlər digər pilləyə keçiddə nəzərə alınmalıdır. İndiki halda isə ali təhsil müəssisələrinə qəbul zamanı attestat qiymətləri nəzərə alınaraq bunun əsasında abituriyentin nəticəsinə hər hansı bal əlavə edilərsə, əla qiymətlərini doğrultmayan “əlaçılar” öz biliyi hesabına bal toplayanları sıxışdırıb onları ali təhsil müəssisələrinə qəbulda üstələyə bilərlər. Digər tərəfdən, bu cür addımın subyektivliyə bir qədər də yol açmayacağına zəmanət vermək çətindir. Jurnalda qeyd olunur: “Odur ki, biz məktəb və qəbul göstəriciləri arasında yüksək korrelyasiya (r>0.9) olmayanadək attestat qiymətlərinin qəbulda əlavə bal kimi nəzərə alınmasının tərəfdarı deyilik. Qiymətləndirmə ilə bağlı qeyd olunan problem digər amillərlə yanaşı, həm də tam orta təhsil standartlarının yerlərdə eyni qaydada tətbiq edilməməsindən irəli gəlir. Qiymət meyarlarının məktəblərdə bir-birindən ciddi fərqlənməsi nəticəsində eyni hazırlıqlı şagirdin biliyi bir məktəbdə (rayonda) “əla”, digər məktəbdə (rayonda) “kafi” qiymətləndirilir. Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində qiymətləndirmənin vahid standartlar əsasında aparılması işinə kömək məqsədilə məktəb proqramlarına uyğun olaraq şagirdlərin biliyinin yoxlanılması və qiymətləndirilməsi üçün fənlər üzrə test kitabları nəşr edib. Kitablar Təhsil Nazirliyi tərəfindən dərs vəsaiti kimi təsdiqlənib. Onlarda qiymətləndirmənin 5 və 9 ballıq sistemdə standartları da təqdim olunub ki, hər bir məktəb bunun əsasında öz şagirdlərinin biliyini vahid qiymətləndirmə sistemi ilə ölçmək imkanı əldə etsin”.