Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Çelik Fadimə: Qardaş ölkədə keçirilən marafonda birinci olduğum üçün çox şadam

13 May 2018
Çox şadam ki, qardaş ölkədə - Azərbaycanda keçirilən belə bir marafonda birinci oldum. Bakı marafonunda ilk dəfə iştirak edirəm. Bu vaxtadək qoşulduğum marafonlarda ilk qələbəmi paytaxtınızda əldə etdim. Külək əsdiyi üçün qaçmaq bir qədər çətin oldu. Həm də 15 gün əvvəl Düsseldorf şəhərindəki marafonda iştirak etmişəm. Həmin yarışda həm də olimpiada dərəcəsini keçmişəm. Bundan əvvəl uzun məsafələrdə marafonlarda iştirak etmişəm. 10 kilometr məsafəyə qaçış yarışlarında universitetlər arasında keçirilən dünya çempionatının qalibiyəm. Türkiyədə təşkil edilən Avrasiya marafonlarının ikisində 2-ci yeri tutmuşam. Uzun məsafəli marafonlarda ən yaxşı dərəcəm 2 saat 36 saniyə olub.

AZƏRTAC xəbər verir ki, bunu Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2018”də qadınlar arasında finiş xəttinə birinci çatan iştirakçı Türkiyə vətəndaşı Çelik Fadimə söyləyib.

Əslən Eskişəhərdən olan Çelik Fadimə jurnalistlərə müsahibəsində deyib:

Azərbaycanda yarış olduğunu öyrənəndə qardaş ölkədə marafonda iştirak etməyi qərara aldım. Bakı kimi küləkli şəhərdə mübarizə aparmaq çox həyəncanverici idi. Yorğun olmağıma və küləyin əsməsinə baxmayaraq, Bakıdakı marafonda qalib gəldim. Azərbaycanda qonaqpərvərlik və yarışın təşkilatçılığı yüksək səviyyədədir. Qələbə qazanmağımda marşrut boyunca insanların dəstəyi rol oynadı. Gələcəkdə paytaxtınızda yenə də marafon təşkil edilərsə, məmnuniyyətlə gəlib iştirak edəcəyəm.