Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şimal bölgəsindən olan 1539 abituriyent Xaçmaz şəhərindəki üç təhsil müəssisəsində imtahan verib

13 May 2018
 Mayın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən şimal bölgəsinin məzunları Xaçmaz şəhərində biliklərini sınayıblar.

AZƏRTAC xəbər verir ki, bu bölgədən olan, 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 1539 məzun üç mərkəzdə - akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-lisey, şəhər 9 saylı və Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəblərində imtahan veriblər.

DİM-in Xaçmaz regional bölməsinin müdiri Faiq Buzurki AZƏRTAC-a bildirib ki, imtahanlara 138 nəzarətçi müəllim, o cümlədən 11 imtahan rəhbəri cəlb olunub. İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahan saat 11:00-da başlayıb və 3 saat davam edib. Proses zamanı hər hansı ciddi qayda pozuntusu qeydə alınmayıb.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.