Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

7,1 milyon manatlıq layihə, 9 müəssisə

13 May 2018
 

Tezliklə fəaliyyətə başlayacaq Masallı Sənaye Məhəlləsi Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinin növbəti mühüm töhfəsidir

 

Bakı-Astara magistral yolu, Masallı rayonunun Dadva yaşayış massivi. On ay öncə bu magistral yoldan təxminən 150 metr aralıda ayrılmış 10 hektar torpaq sahəsində böyük tikinti-quruculuq işləri gedirdi. Bu gün isə ərazidə tam fərqli mənzərə var. Əgər 2017-ci ilin iyul ayınadək bura sadəcə boş torpaq sahəsindən ibarət ərazi idisə, indi burada böyük bir möhtəşəm kompleks inşa edilib. Bu, respublikanın cənub bölgəsinin sosial-iqtisadi inkişafına mühüm töhfəsini verəcək Masallı Sənaye Məhəlləsidir.

 

Səkkiz ayda dəyişən mənzərə

 

Görünən mənzərə onu deməyə əsas verir ki, tezliklə ölkəmizdə daha bir sənaye məhəlləsi fəaliyyətə başlayacaq. Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli sərəncamı ilə yaradılan Masallı Sənaye Məhəlləsi artıq tam hazırdır. Ötən ilin iyul ayında tikintisinə başlanılan məhəllədə bütün işlər yekunlaşıb və hazırda rezidentlərin müraciətlərinə baxılır. Tezliklə sənaye məhəlləsinin açılış mərasimi olacaq.
Açılış mərasimindən öncə görülən işlərlə tanış olmaq üçün Masallı rayonuna üz tutduq. Əvvəlcə onu deyək ki, ötən ilin sentyabr ayında burada aparılan tikinti-quruculuq işlərinin gedişatı ilə maraqlanmışdıq. Həmin zaman tikintinin bu ilin mart ayında başa çatacağı bildirilmişdi. Səkkiz aydan sonra əraziyə növbəti səfərimiz zamanı gördüyümüz mənzərə tamamən fərqli idi.

 

Cənub bölgəsində sənayenin inkişafına böyük təkan verilir

 

Öncə onu vurğulayaq ki, 2014-cü ilin oktyabr ayından etibarən sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi dövlət başçısı tərəfindən İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə həvalə edilib. Adıçəkilən qurum Neftçala Sənaye Məhəlləsindən sonra respublikanın cənub bölgəsində sənayenin inkişafına böyük təkan verəcək ikinci bir məhəllənin tikintisini yekunlaşdırıb. Yəni bu istiqamətdə verilən tapşırıqlar yerinə yetirilib.
Məhəllənin tikintisi üçün 10 hektar torpaq sahəsi ayrılsa da, hələlik birinci mərhələdə tikinti-quruculuq işləri 3,54 hektar ərazidə aparılıb. Yəni rezidentlərin sayı artarsa, burada yeni obyektlərin inşa edilməsi üçün kifayət qədər ərazi mövcuddur.
Sənaye məhəlləsinin ərazisində 3 çoxfunksiyalı istehsalat korpusu (6200 m2), ikimərtəbəli inzibati bina (1255 m2 ), texniki bina və köməkçi sahələr (738 m2), zəruri infrastruktur (5 Mvt gücündə elektrik, 4003 saat qaz, 4303 saat su, nəqliyyat, internet və rabitə sistemi) quraşdırılıb.
Bütün bu işlər ötən ilin iyul ayından bu ilin mart ayına kimi, yəni səkkiz ay müddətində tam başa çatdırılıb. Tikintiyə 200 nəfər işçi cəlb edilib.

 

Poçt, bank və mühasibatlıq bir mərkəzdə

 

Hər bir istehsalat sahəsi 6 boksdan ibarətdir. Sənaye məhəlləsində inşa edilmiş inzibati binada sahibkarlar üçün hüquq məsləhətxanası, istehsal edilən məhsulların nümayiş etdirilməsi üçün sərgi salonu, mühasibatlıq, poçt xidməti, bank, ilkin tibbi yardım məntəqəsi, yeməkxana və supermarket də mövcuddur.
Yəni məhəllədə fəaliyyət göstərəcək sahibkarlara hər cür imkanlar yaradılacaq. İnvestorlar vaxt itkisi olmadan öz məhsullarının satışını həyata keçirmək üçün bu xidmətlərdən yararlanacaqlar. İstehsal olunan məhsullarla bağlı bütün sənədləşmə prosesi məhəllədə həll olunacaq.

 

İlkin olaraq burada 9 müəssisə fəaliyyətə başlayacaq

 

Artıq məhəllədə fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyinə sahibkarlar tərəfindən ümumi dəyəri 33,5 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Masallı Sənaye Məhəlləsində həyata keçiriləcək layihələr əsasən 4 mebel istehsalı, digərləri avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə, metal məmulatlar, tikinti materialları, kabel istehsalı və dulusçuluq məmulatları, elektrik dirəklərinin təmiri, park və bulvarlar üçün skamyaların hazırlanması və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edəcək.
İlkin olaraq məhəllədə 9 müəssisə fəaliyyətə başlayacaq. Bu layihələrin dəyəri 7,1 milyon manat təşkil edir. İlkin mərhələdə fəaliyyətə başlayacaq müəssisələrdə 229 nəfər işçi çalışacaq.

 

Məhəllənin iki rezidenti artıq fəaliyyətə başlayıb

 

Artıq iki rezident məhəllədə fəaliyyətə başlayıb. Müəssisələrdən biri park və istirahət mərkəzləri üçün zibil qabları və skamyalar, elektrik dirəkləri istehsal edir. Hətta Bakı Dənizkənarı Milli Parkdan və Astara dənizkənarı parkdan sifarişlər də artıq qəbul edilib.
Digər müəssisə isə stol-stul istehsal edəcək. Hazırda müəssisə icarəyə götürdüyü ərazidə avadanlıqlarını quraşdırır. Burada stol-stulun hazırlanma prosesi, parça kəsilmə, üzləmə və rəngləmə sexləri fəaliyyət göstərəcək.
Masallı Sənaye Məhəlləsində yaradılan müasir infrastruktur və güzəşt-dəstək sxemləri tamamilə dünya praktikasına uyğundur və əminliklə söyləmək olar ki, buradakı şərait investorların ürəyincə olacaq. Eyni zamanda, bu kompleks Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, ən başlıcası, əhalinin işlə təmin edilməsinə kömək göstərəcək. Eləcə də sahibkarlığa, iş adamlarına xüsusi diqqətin verilməsinə, onların fəaliyyət dairəsinin genişləndirilməsinə də xidmət edəcək.

 

Dövlət kiçik sahibkarlara əlverişli şərait yaradır

 

Ölkədə sənaye məhəllələrinin yaradılması dövlət başçısının “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal, xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Ümumiyyətlə, sənaye məhəllələri üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi, hazır istehsalat sahələri idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədi ilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.
Sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastruktur (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılır. Sadəcə olaraq, sahibkar öz texniki avadanlığını icarəyə götürdüyü ərazidə quraşdırmaqla fəaliyyətə başlayır.
Bir sözlə, bu məhəllələr dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

 

Proqram kimi təqdim edilən layihələr artıq reallaşır

 

İnkişaf etməkdə olan Azərbaycan sənaye sektorunda 2014-cü ildən başlayaraq təşviq olunan innovativ yeniliklər bu sahədə həqiqətən, böyük uğurların əldə olunmasını şərtləndirib.
Prezident İlham Əliyevin tapşırığı ilə şənayenin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi, sənaye parklarının və məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Artıq demək olar ki, Azərbaycanda fəaliyyət göstərən sənaye park və məhəllələrində avtomobildən tutmuş yüzlərlə çeşiddə məhsul istehsal edilərək “Made in Azerbaijan” brendi ilə yerli və xarici bazarlara çıxarılır. Hazırda ölkəmizdə Neftçala Sənaye Məhəlləsi fəaliyyət göstərir. Masallı Sənaye Məhəlləsi də tezliklə fəaliyyətə başlayacaq. Hacıqabul və Sabirabad sənaye məhəllələrində isə tikinti-quruculuq işləri gedir.
Prezident İlham Əliyev ötən ilin sentyabrın 24-də Neftçala Sənaye Məhəlləsinin açılışında vurğulamışdır ki, ölkəmizdə uğurlu sənayeləşmə siyasəti aparılır. Dövlət sənaye məhəllələrinin yaradılması ilə iş adamlarına dəstək göstərir və əvvəlki dövrdə proqram kimi təqdim edilən layihələr artıq reallaşır. Tezliklə bütün rayonlarda sənaye məhəllələri yaradılacaq.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”