Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı

13 May 2018
 

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 may tarixli Sərəncamı ilə təsdiq edilmişdir

 

1. Giriş

İqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranmış və əhalinin, eləcə də uşaqların sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapmaqdadır.

Əhalinin, o cümlədən uşaqların sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının müstəsna rolu olmuşdur. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamikaya nail olunmuşdur. Uşaqlar arasında xəstələnmə və ölümün səviyyəsi azalmışdır. Belə ki, körpə ölümü göstəricisi hər 1000 diridoğulana 2006-cı ildə 11,9 olmuşdursa, 2016-cı ildə bu rəqəm 11,4-ə enmişdir.

Bununla yanaşı, sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının artması uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi xidmətlərinin səviyyəsinin gücləndirilməsinə, uşaq xəstəliklərinin profilaktikasına yönəlmiş tədbirlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planının qəbulu və həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı (bundan sonra - Milli Fəaliyyət Planı) uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin gücləndirilməsini, bu sahədə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, skrininq və genetik analiz müayinələri üçün tibb müəssisələrinin avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini, əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.

 

2. Milli Fəaliyyət Planının məqsədi və əsas vəzifələri

2.1. Milli Fəaliyyət Planının məqsədi antenatal, neonatal və sonrakı dövrlərdə uşaqlarda risk amillərinin və xəstəliklərin erkən mərhələdə aşkar edilərək sağlamlıq imkanlarının məhdudluğu səviyyəsinin azaldılmasıdır.

2.2. Milli Fəaliyyət Planının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

2.2.1. anadangəlmə inkişaf qüsurları ilə müşahidə olunan doğuş hallarında sistemli perinatal nəzarətin aparılması;

2.2.2. erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

2.2.3. az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların tibbi nəzarətdə saxlanılması məqsədi ilə registrin yaradılması;

2.2.4. əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir standartlara uyğunlaşdırılması;

2.2.5. erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən tibb müəssisələrində kadrların bilik səviyyəsinin artırılması;

2.2.6. uşaqlarda sağlamlıq imkanları məhdudluğunun azaldılması üçün erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri ilə bağlı maarifləndirmə işinin gücləndirilməsi.

3. Milli Fəaliyyət Planının maliyyələşdirilməsi

Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

4. Milli Fəaliyyət Planının həyata keçirilməsindən gözlənilən nəticələr

4.1. Milli Fəaliyyət Planının həyata keçirilməsindən gözlənilən nəticələr aşağıdakılardır:

4.1.1. uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi;

4.1.2. uşaqların sağlamlıq imkanlarının məhdudluğunun və əlillik səviyyəsinin azaldılması;

4.1.3. uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxilə xidmətləri işçilərinin biliklərinin artırılması.

 

5. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı TƏDBİRLƏR PLANI

 

Sıra №si

                           Tədbirin adı

      İcraçılar

     İcra    müddəti     (illər üzrə)

5.1. Sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlər

5.1.1

Sağlamlıq imkanları məhdud olan uşaqlarla işləyən, tibb təhsili olmayan işçilərin və həmin uşaqların valideynlərinin bilik və bacarıqlarının artırılması  məqsədilə psixoloji, sosial və fiziki reabilitasiya xidmətləri göstərən dövlət qurumları və ictimai birliklərin əməkdaşları üçün icbari intensiv təlim kurslarının hazırlanması və keçirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Gənclər və İdman Nazirliyi

mütəmadi

5.1.2.

Uşaqlıq dövrünə xas olan əlillik hallarının azaldılması məqsədilə erkən aşkarlanma, profilaktika, erkən müdaxiləyə dair xidmətlərlə bağlı sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri və onlarla işləyən ictimai birliklər üçün  müvafiq tibbi-profilaktika müəssisələri tərəfindən geniş maarifləndirmə işi aparılması

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadı

5.1.3.

Peyvəndlənmənin əhəmiyyəti barədə valideynlərin məlumatlılıq səviyyəsinin artırılması üçün tibb işçilərinin təlimləndirilməsi

Səhiyyə Nazirliyi

mütəmadi

5.1.4.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə ilə bağlı yeni metodika və yanaşmaların sınaqdan keçirilməsi və elmi tədqiqatların  dəstəklənməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.1.5

Kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınlar arasında kimyəvi maddələrin (pestisidlər və aqrokimyəvi maddələr, tütün tüstüsü, spirtli içkilər və s.) hamiləliyə və gələcəkdə doğulacaq uşağın sağlamlığına təsirləri ilə bağlı maarifləndirmə işi aparılması

Səhiyyə Nazirliyi,

Kənd Təsərrüfatı Nazirliyi

mütəmadi

5.2. Uşaqlıq dövrünə xas  olan  xəstəliklərin erkən aşkarlanması  və  profilaktika  xidmətləri    göstərən    tibb   müəssisələrində    kompleks   tədbirlərin    həyata keçirilməsi

5.2.1.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən tibb müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması

Səhiyyə Nazirliyi

2018-2020

5.2.2.

Erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən həkimlərin və orta tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə perinatal dövrdə fetal exokardioqrafiya və ultrasəs müayinəsi, audiometriya, fiziki reabilitasiya və s. üzrə intensiv nəzəri və praktik təlim kurslarının təşkili

Səhiyyə Nazirliyi

2018-2020

5.2.3.

Perinatal və tibbi-genetik məsləhət xidmətləri göstərən həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə tədris planlarının müasir standartlara və tələblərə uyğunlaşdırılması və onların əsasında hər il təkmilləşdirmə kurslarının keçilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.2.4.

Uşaqlarda anadangəlmə inkişaf qüsurlarının (anadangəlmə ürək qüsurları, anadangəlmə karlıq, qarın boşluğu orqanlarının anomaliyaları, sinir borusu defektləri və s.) erkən aşkarlanması və ağır dərəcəli əlilliyin profilaktikası üçün ilkin mərhələdə tibb müəssisələrinin ixtisaslaşdırılmış, habelə müasir diaqnostika avadanlığı ilə təchiz edilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.2.5.

Sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən ambulator, stasionar və sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq dövlət orqan və qurumlarının  tabeliyində olan sanatoriya-kurort müəssisələrinin ehtiyaclarının qiymətləndirilməsi və xidmətlərin müasir standartlara cavab verməsi və uşaqların ehtiyaclarının qarşılanması üçün maddi-texniki bazanın yaxşılaşdırılması

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi

2018-2020

5.2.6.

Sağlamlıq imkanları məhdud olan uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni müalicə üsullarının tətbiqi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2019

5.2.7.

Neonatal ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə xidmətlərinin təkmilləşdirilməsi və tətbiqi sahəsinin genişləndirilməsi 

Səhiyyə Nazirliyi

2018-2019

5.2.8.

Uşaq müəssisələrində, uşaqlara xidmət göstərən sosial xidmət müəssisələrində (uşaq evləri, məktəbəqədər təhsil müəssisələri və s.) uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlaması və profilaktikası məqsədilə mütəxəssis hazırlığının həyata keçirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2018-2020

5.3. Sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması məqsədi ilə skrininq aparılması

5.3.1.

Antenatal və neonatal skrininq (kardio, eşitmə, görmə, koqnitiv, ünsiyyət və hərəkətin inkişafı) aparılması, qiymətləndirilməsi və müayinə metodlarının təkmilləşdirilməsi  

Səhiyyə Nazirliyi

2018

5.3.2.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntuların aşkar edilməsi üçün mərkəzləşdirilmiş laborator diaqnostika imkanlarının yaradılması

Səhiyyə Nazirliyi

2018-2019

5.3.3.

Koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin erkən aşkarlanması məqsədi ilə müasir proqramların hazırlanması və həyata keçirilməsi

Səhiyyə Nazirliyi

2018-2019

5.3.4.

Antenatal və neonatal dövrlərdə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması məqsədilə koqnitiv, ünsiyyət, hərəkət, eşitmə, görmə patologiyaları, habelə ciddi əlilliyə səbəb olan və tez-tez rast gəlinən digər anadangəlmə qüsurların müayinəsi üçün vahid diaqnostika metodlarının geniş tətbiqi

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2018-2020

5.3.5.

Tibbi-genetik məsləhət işinin regionlarda gücləndirilməsi məqsədilə regional səviyyədə tibbi genetika üzrə müvafiq kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.4. Sağlamlıq  imkanları  məhdud  olan  uşaqlara  müasir standart və qaydalara uyğun tibbi xidmət göstərilməsi

5.4.1.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda çalışan pediatr, reabilitoloq, fizioterapevt və bədən tərbiyəsi müəllimləri üçün sağlamlıq imkanları məhdud olan uşaqlara müalicə-profilaktika müəssisələrində göstərilən tibbi xidmətlərlə bağlı uyğunlaşdırılmış nəzəri və praktik təlim kurslarının təşkili

Səhiyyə Nazirliyi,

Gənclər və İdman Nazirliyi

2018-2020

5.4.2.

Kəmiyyət və keyfiyyət indikatorları əsasında  sağlamlıq imkanları məhdud olan uşaqlara hər il dövrü monitorinqlər və illik qiymətləndirmələrin keçirilməsi 

Səhiyyə Nazirliyi

2018-2020

5.4.3.

Az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların registrinin yaradılması

 

Səhiyyə Nazirliyi

2018-2019

5.5. Sağlamlıq imkanları məhdud olan uşaqlara tibbi-sosial dəstək göstərilməsi

5.5.1.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqların dərman preparatları ilə təmin edilməsi

Səhiyyə Nazirliyi

2018-2020

5.5.2.

Geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar üçün müvafiq pəhriz qidalarının istehsalının təşviq edilməsi

İqtisadiyyat Nazirliyi,

Səhiyyə Nazirliyi

2018-2020

5.5.3.

Sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə tibbi-sosial dəstək göstərilməsi üçün beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən  ictimai birliklər və xeyriyyə fondları  ilə əməkdaşlığın genişləndirilməsi

 

 

 

Səhiyyə Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

mütəmadi

5.6. Uşaqlarda erkən, habelə sonrakı yaş dövrlərində əlilliyin profilaktikası, aşkarlanması, müalicəsi və reabilitasiyası ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi

5.6.1.

Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsi

Səhiyyə Nazirliyi,

Təhsil Nazirliyi,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

2018-2019

5.6.2.

Uğurlu beynəlxalq təcrübə nəzərə alınmaqla psixoloji-tibbi-pedaqoji sahədə fəaliyyət göstərən qurumların işinin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi

2018-2019

5.6.3.

Uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsi,  inkişaf xüsusiyyətlərinin aşkarlanması,  sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müalicəsi və reabilitasiyası üzrə təlim-tədris proqramlarının işlənib hazırlanması və tətbiqi

 

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

2018-2020

5.6.4

Sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə kəmiyyət və keyfiyyət indikatorlarının hazırlanması

Səhiyyə Nazirliyi

2018

5.6.5.

Neonatal ürək-damar cərrahiyyəsinin və neyrocərrahiyyənin təkmilləşdirilməsi məqsədi  ilə beynəlxalq standartlara uyğun normativ sənədlərin hazırlanması

Səhiyyə Nazirliyi

2018-2019