Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tək mən demirəm...

13 May 2018
 

Hörmətli redaksiya!

Qədər-qismət elə gətirdi ki, mənim də yolum Bakı şəhəri Xətai rayonunun Seyid Əzim Şirvani küçəsində fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Mərkəzinə düşdü.

Burada elə qayğının və mehribanlığın şahidi oldum ki, sizə məktub yazıb bu təşkilata rəhbərlik edən Asif Məcidova, həkim Vəli Əliyevə, protez ustaları Ağa Həsənova, Sayəddin Mehdiyevə və Razinə (soyadını unutmuşam) qəzetiniz vasitəsilə minnətdarlıq etməyi özümə borc bildim. Əvvəlcə Vəli Əliyevin qəbulunda oldum. Məni diqqətlə, hərtərəfli müayinə edib sənədlərimi hazırladı. Sözarası onu da dedi ki, özlərində narahatlıq hiss edənləri, buradakı xəstəxanada yatızdırır, üç gün, beş gün müalicə edib sağalandan sonra evə buraxırlar. Həkim müayinəni qurtarıb protez üçün ölçülər götürüb dedi ki, iki həftədən sonra yoxlamaya gələrsən. Elə də etdim. Protez hazır olanda gördüm ki, ustalar çox səliqəli iş görüblər. İndi rahat gəzirəm.

Təkcə mən yox, burada müalicə kursu keçən hər bir şəxs həkimlərin öz işlərinə necə məsuliyyətlə yanaşmalarından, sağlamlıqlarını itirmiş insanlara necə böyük qayğı və diqqət göstərdiklərini təsdiq edərlər. 

 Özü də burada müalicə də, əlillərin protezlə təminatı da dövlət hesabınadır. Dediyim odur ki, bu mərkəzdə mən dövlətin əlillərə hərtərəfli qayğısını gördüm.

 

Ümüdşah AĞABALAYEV