Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xoş təəssüratlara kölgə salmayaq

13 May 2018
 

Dövlət tərəfindən Mingəçevir şəhərinin inkişafı üçün nə lazımdırsa edilir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, cari il fevral ayının 27-də yenidənqurmadan sonra Mingəçevir Su Elektrik Stansiyası, şəhərin su təchizatı  sistemi, Mingəçevir elektrik paylayıcı şəbəkəsi, Avtomatik idarəetmə və nəzarət mərkəzi, “Mingəçevir Tekstil” MMC-nin iplik istehsal üzrə iki müəssisəsi, “ASAN həyat” kompleksi istifadəyə verildi. Özü də bunların hamısında dövlət başçısı iştirak etdi.

Sosial sahədə də böyük işlər görülür. Bununla da bağlı xeyli misal çəkmək olar. Məsələn, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmiş, Kür Olimpiya Avarçəkmə bazası yenidən qurulmuş, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Şəhərdə turizmin inkişafı ilə bağlı yeni hotellər açılır.

Mingəçevirdə sahibkarlara da əlverişli şərait yaradılmışdır. Amma sahibkarların heç də hamısı yaradılan şəraiti düzgün qiymətləndirmirlər. Bu, ticarət obyektlərində, mağazalarda özünü daha çox büruzə verir. Elə mağazalar var ki, orada çalışanlar barmaqlarını dilləri ilə yaşlayıb pul sayır, polietilen torba açır, qablaşdırılmamış ərzaq məhsullarını əlcəkdən, tutacaqlardan istifadə etmədən götürüb alıcıları narazı salırlar. Belə halların qarşısını almaq üçün yaxşı olardı ki, qida sektorunda çalışan işçilər və satıcılar mütəmadi olaraq tibbi müayinələrdən keçsinlər. Belədə sanitar-gigiyenik qaydalar da pozulmaz.

Axtarsanız, öz maraqları naminə insanları müqaviləsiz işlədib vergilərdən yayınmağa çalışanlara da rast gələrsiniz. Belələri unudurlar ki, işəgötürən vəzifəsini layiqincə yerinə yetirmədiyi təqdirdə bu gün olmasa da, sabah İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilib böyük məbləğdə cərimələnə bilərlər.

Unutmayaq ki, mağazaların xidmətindən təkcə şəhər sakinləri yox, qonaqlar və turistlər də istifadə edirlər. Yəqin ki, onlar da bu qüsurları görür, üzə vurmasalar da, daxilən təəssüf hissi keçirirlər. Axı onlar şəhərimizin gözəlliyindən, təmiz ab-havasından zövq alır, yeri düşəndə qonaqpərvərliyimizdən ağızdolusu danışırlar. Gəlin elə edək ki, xoş təəssüratlara kölgə düşməsin.

 

İlahə İSMAYILOVA,

Mingəçevir şəhər sakini