Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Akif Əlizadə: Doktorant və dissertantların tədqiqatları dünya elminin tələblərinə cavab verməlidir

12 May 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Fizika-Riyaziyyat və Texnika, Kimya, Yer, eləcə də Biologiya və Tibb Elmləri bölmələri üzrə 57 tədqiqatçının dissertasiya mövzularının müzakirəsinə həsr olunan yığıncaq keçirilib.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun əsas hədəflərindən birinin gənclərin elmi fəaliyyətinə dəstək vermək, onları həvəsləndirmək və yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdən ibarət olduğunu deyib. Son zamanlar AMEA-da elm və təhsilin inteqrasiyasının sürətləndiyini qeyd edən A.Əlizadə gənc tədqiqatçıları prioritet elmi istiqamətlərdə araşdırmalar aparmağa çağırıb: “Hər bir tədqiqatçı mövzu seçərkən diqqətli olmalı, onların əldə etdiyi elmi nəticələr dünya elminin çağırışlarına, müasir tələblərə cavab verməlidir”.

AMEA rəhbəri elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantların dünyanın nüfuzlu elmi mərkəz və laboratoriyalarında təcrübə keçməsinin əhəmiyyətindən söhbət açıb.

Akademiyada dissertasiya mövzularının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini vurğulayan A.Əlizadə bu prosesdə AMEA-nın alim və mütəxəssislərinin fəal iştirakının zəruri olduğunu qeyd edib.