Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Keyfiyyətin qarantı

12 May 2018
 

“Azqranata” istehsal etdiyi şirə və şərablarla ölkəmizdə, eləcə də xaricdə rəğbət qazanan brendə çevrilib

 

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” təsdiqlənib. Həmin sənədin mahiyyəti isə, sözsüz ki, adından da göründüyü kimi, birmənalı şəkildə ölkəmizdə şərabçılığın daha da inkişaf etdirilməsinə nail olmaqdır.
Qeyd olunan dövlət proqramının əhəmiyyətli sənəd olmasını nəzərə alaraq ölkəmizin ən iri və “Made In Azerbaijan” brendi altında fərqli içkilərlə beynəlxalq bazarda rəğbət qazanmış “Azqranata” MMC-nin şirə və şərab emalı zavodunda olduq. Müəssisənin direktor müavini, texnika elmləri doktoru, professor Vüqar Mikayılov bildirdi ki, şərabçılıqla bağlı belə bir sənədin təsdiqlənməsini çoxdan gözləyirdilər. Əmin olduqlarını bildirdi ki, həmin proqram işlək mexanizmə çevrildikcə onların fəaliyyətində qarşıya çıxan bəzi çətinliklərin aradan qalxmasına təsir göstərəcək. Beləliklə də müvafiq sahədə fəaliyyət göstərən müəssisələr arasında formalaşan sağlam rəqabət daha keyfiyyətli məhsulların istehsalına təkan verəcək.
Professor Vüqar Mikayılov təmsil etdiyi “Azqranata” MMC-nin şirə və şərab emalı zavodunun keçdiyi yol və hazırkı vəziyyəti haqqında məlumat verərkən bunları dedi: “Müəssisədə tikinti işlərinə 2008-ci ildə başlanıb və 2011-ci ilin oktyabr ayının 29-da Prezident İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayıb. Zavodun mövcudluğu regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla həyata keçirilməsinin bariz nümunəsidir. On iki hektardan çox ərazini əhatə edən müəssisə beşmərtəbəli inzibati binadan, üçmərtəbəli hoteldən, 20 min kvadratmetr istehsal sahəsindən və digər yardımçı sahələrdən ibarətdir. Burada bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulub. Hazır məhsulun satışını təmin etmək məqsədilə Bakıda iki min tonluq anbar tikilib, satış mərkəzi və regional satış nümayəndəlikləri yaradılıb”.
Müəssisə yarandığı ilk günlərdən inkişaf istiqamətli fəaliyyətdə olub. Real olaraq ilk dəfə ölkəmizdə qora suyunun sənaye üsulu ilə istehsalı bu müəssisədə həyata keçirilib. Qora suyu Azərbaycanın milli içkisi kimi tanınsa da, bütün ensiklopediyalarda fransız içkisi kimi təqdim olunur və “verjis” adlanır. Bunun da tarixi təxminən XIII əsrin ortalarına gedib çıxır. Halbuki bu içki birmənalı şəkildə xalqımıza məxsusdur. Hətta bu, dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında da təsdiqini tapır. Orada deyilir: “Bir vaxt ki qoraydım, bir vaxt ki kaldım, onda şirin idim, elə bil baldım. Əzib şirəmi də ayırardılar, ondan tutya qayırardılar”. Tutya isə təxminən 100-ə qədər xəstəliyin müalicəsində istifadə olunan dərman deməkdir. Əgər qeyd olunan məhsul hələ XII əsrdə o qədər xəstəliyi sağaldırdısa, bu, bir daha qora suyunun vətəninin Azərbaycan olmasını təsiqləyir. Elə ilk istehlakçıları da azərbaycanlılar olub.
Zamanında ağbirçəklərimiz ev şəraitində qora suyunu kustar üsulla hazırlayıblar. Xüsusi çalalarda ayaqları ilə üzümü əzər və onu bir qədər saxlayıb duz qataraq günəş şüası altında saxlamaqla tibbi əhəmiyyəti olan təbii tərkibli içki halına gətiriblər. Sənaye üsulu isə belə deyil. İlk dəfə olaraq 2014-cü ildə “Azqranata” MMC bunun öhdəsindən gəlib. Beləliklə də qora suyu bazara yol tapıb. Bu da, öz növbəsində, geniş yayılmış təzyiq, şəkər və sair xəstəliklərin müalicəsində, xüsusən də sabit saxlanılmasında istifadə olunan tibbi əhəmiyyətli bir içki növüdür.
V.Mikayılov dedi ki, müəssisədə həmçinin ilk dəfə Şotlandiya texnologiyasına uyğun olan viski istehsalına nail olunub. Sadəcə olaraq istehsal prosesində bizdə Şotlandiya meşələrindəki torflardan olmadığı üçün köhnə konyak saxlanan çəlləklərin yonqarlarından istifadə olunur və ona aromat verilir. Bu təcrübə dünyada ilk dəfə idi. Nəticədə yeni bir viskinin alınmasına nail olunub. Avropadan gələn turistlərin bu içkiyə maraqları isə onun keyfiyyətinin təsdiqinə çevrildi. Ümumilikdə isə müəssisənin respublikanın təxminən 90-a qədər olan firma mağazalarında həmin içkiyə tələbat böyükdür.
Yeni texnologiya əsasında hazırlanan daha bir içki isə nar şərabıdır. Həmin şərab başqa müəssisələrdə əvvəllər də hazırlanıb. Lakin bu dəfə fərqli texnologiyaya müraciət olunur. Hazırda həmin şərablar ayrı-ayrı Avropa ölkələrinə və Yaponiyaya ixrac olunur. Nar şərabının üzüm şərabı ilə müqayisədə güclü antioksidant xarakterə malik olması bir sıra xəsləliklər üçün də müsbət təsirə malikdir. İlk dəfə olaraq nar şərabından qazlaşdırılmış şərab da hazırlanıb.
Türkiyə ilə olan davamlı təmas, yaxınlıq insanların rakıya marağını artırıb. Ona görə də müəssisədə həmin içkinin istehsalına qərar verilib və buna nail olunub. Bu içkiyə də tələbat var. Türk rakısının tərkibi əsasən konyak və cirədən ibarətdir.
Müəssisə yaxın aylarda alkoqolsuz şərab istehsalına da başlamaq niyyətindədir. Bunun üçün də lazımi imkan və texnologiyalar var.
Müəssisənin Böyük Qafqaz sıra dağlarının, Ləngəbiz dağ silsiləsinin, Adnalı yaylasının yamaclarında 500 hektara yaxın üzüm bağlarının olması, onların dəmyə şəraitində yetişdirilməsi də xüsusi əhəmiyyətə malikdir. Buradakı üzümlər sulanmadığından köklər daha dərinə gedir ki, bu da onların mineral maddələrlə daha çox zənginləşməsinə dəstək verir. Ona görə də həmin üzümlərdən alınan şərablar Avropa standartlarına tam uyğundur.
Azərbaycandan valyutanın Rusiya, Ukrayna, Finlandiya, Belarus və digər ölkələrdə istehsal olunan vodkaların alınmasına yönəldilməsi də müəssisənin mütəxəssislərini narahat edirdi. Bu problemin də həllinə nail olan “Azqranata” MMC xaricə gedən valyutanın 30 faizə qədərinin axınının qarşısını alıb. Beləliklə, ilk dəfə vodkaya keçi südü əlavə edilməklə bu içkinin yumşaldılmasına və keyfiyyət göstəricisinin yüksəldilməsinə nail olunub. Eyni zamanda onlara gümüş ionları da əlavə edilib. Bundan da məqsəd vodkanı içənlərin yaddaşının itməsinin qarşısını almaqdır.
Qeyd edək ki, MMC-də markalı və kolleksiya şərablarının istehsalı istiqamətində də işlər görülür. Bunun üçün 12 hektar ərazisi olan istehsal müəssisəsində yeni şərab sexi istifadəyə verilib.
Üstün tərəflərdən biri də bu müəssisədə il ərzində 17 tonadək arı balından istifadə edilməsidir. Burada şəkər siropunun vodkaya qatılmasından imtina olunub və hazırlanma texnologiyasında baldan istifladə edilib. Beləliklə də içkinin keyfiyyəti daha da yüksəlib.
Müəssisə əsasən dünyanın inkişaf etmiş 30-dək ölkəsinə məhsul ixrac edir. V.Mikayılov bildirdi ki, onların arasında Almaniya, ABŞ, Çin, Yaponiya, Polşa, Rusiya, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digərləri qeyd oluna bilər. Ümumi ixracda isə şirələr üstünlük təşkil edir. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən zavod mövsüm ərzində 10 min ton meyvə və 5 min ton üzüm qəbulu, saatda 12 ton meyvə şirəsi istehsalı gücündədir. İllik istehsal gücü isə 100 milyon qablaşdırmadır.
Alkoqollu içkilərdən isə daha çox nar şərabları ixrac olunur. Nar şərabı əsasən İsrailin milli içkisi olmaqla keçən əsrin 80-ci illərində yaradılıb. Həmin məhsul Türkiyədə də istehsal olunur. Lakin Azərbaycanın nar şərabı keyfiyyətinə görə daha üstündür. Hətta bunu müəssisədə olan İsrail səfiri də etiraf edib. Səbəb isə ölkəmizin iqlim müxtəlifliyi və bizim narların daha keyfiyyətli olmasıdır.

Əli SƏLİMOV,
“Azərbaycan”