Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Cəza” monotamaşasının yaradıcı heyəti Bilik Fondunda

11 May 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Mədəni maarifləndirmə” proqramı çərçivəsində yazıçı-dramaturq Tamara Vəliyevanın “Cəza” monotamaşasının yaradıcı heyəti ilə görüş keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, psixoloji oyun dramında rolu ifa edən Əməkdar Artist Kəmalə Hüseynova, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə gənclərlə teatr sənəti, bədii düşüncə tərzi, estetik maariflənmənin faydaları barədə maraqlı müzakirələr aparıblar.

Fondun Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Cəza” monotamaşasına baxan əməkdaşları və bir sıra ali məktəblərin bu qurumda təcrübə keçən tələbələri yaradıcı heyətlə səhnə əsəri haqqında fikirlərini bölüşüblər.

Gənclər Prezident mükafatına layiq görülmüş hər iki xanımı təbrik ediblər. Onlara Bilik Fondunun hədiyyələri təqdim olunub.