Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib

11 May 2018
 

Mayın 11-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib.

Əvvəlcə “Hesablama Palatası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Z.Səmədzadə bildirib ki, bu qanun Azərbaycan Respublikası Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və səmərəli istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri və digər tərəflərlə münasibətlərini tənzimləyir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan son 25 il ərzində böyük inkişaf yolu keçib. Artıq bu gün bütün dünya Azərbaycanın qazandığı uğurları, iqtisadi sahədə əldə etdiyi nailiyyətləri birmənalı şəkildə qəbul edir. “Ulu öndər Heydər Əliyev azad bazar münasibətləri sistemini qurarkən ölkəmizdə bir neçə strukturun yaradılmasını vacib hesab etdi. Bu qurumlardan biri də Hesablama Palatasıdır. Beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin nüfuzunun artması, aparılan islahatların demokratikləşdirilməsi, iqtisadi inkişafda əldə olunan nailiyyətlər, eləcə də şəffaflığının təmin edilməsi, dövlət büdcəsi üzərində nəzarətin birmənalı şəkildə Milli Məclis tərəfindən aparılması və parlamentin cəmiyyətdə rolunun artırılması istiqəmətlərində görülən işlər göz qabağındadır”, - deyə Ziyad Səmədzadə vurğulayıb. Bildirilib ki, Hesablama Palatası Milli Məclisin orqanı olaraq son illərdə böyük inkişaf yolunu keçib.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, ötən 5 ay ərzində qanun layihəsinə 30-dan çox maddə üzrə həm texniki, həm mahiyyəti üzrə əlavə və düzəlişlər edilib. Edilən dəyişikliklər həm ölkədaxili qanunvericilik aktlarına, həm də xarici ölkələrin təcrübələrinə, beynəlxalq prinsipləri və standartları yenidən nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər əsasən Hesablama Palatasının vəzifə və funksiyaları, həmçinin korrupsiyaya və hüquq pozğunluqlarına qarşı aparılan tədbirlərlə bağlıdır.

Müzakirədən sonra “Hesablama Palatası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub. Bildirilib ki, bu qanun layihələrinə edilən dəyişikliklər texniki xarakter daşıyır. Bu qanun layihələri də parlamentin plenar iclasına tövsiyə olunub.