Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli intibahın müəllifi

09 May 2018
 

Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin 95 illik yubileyi bu şəxsiyyətin zaman keçdikcə daha aydın dərk olunan miqyası, onun xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri, ölkəmiz və bütövlükdə region üçün əzəmətli missiyası barədə bir daha düşünməyə, ulu öndərin şərəfli ömrünün çağdaş Azərbaycan tarixi ilə üzvi surətdə bağlı olan parlaq məqamlarını yenidən mənalandırmağa imkan verir. 

Bir siyasətçi və dövlət adamı olaraq, Heydər Əliyevin fəaliyyətinin zaman baxımından əhəmiyyətli hissəsi bəllidir ki, sovet dövrünə təsadüf etmişdir. Və diqqətli təhlil göstərir ki, Heydər Əliyevin sonralar müstəqil Azərbaycanın Prezidenti kimi həyata keçirdiyi işlər onun sovet dövründəki məqsədyönlü fəaliyyətinin məntiqi davamı idi. Başqa sözlə, hələ SSRİ dönəmindəki çoxşaxəli fəaliyyəti ilə o, müstəqil Azərbaycanın varlığını təmin edən möhkəm təməlləri yaratmağa müvəffəq olmuşdu. Belə ki, sovet Azərbaycanına rəhbərlik etdiyi 13 il ərzində Heydər Əliyev ölkəmizi nəhəng dövlətin xammal əlavəsi olan ucqar ərazisindən qabaqcıl sənaye sahələri və texnologiyalara malik, elm, təhsil və mədəniyyətin, ümumən insan potensialının yüksək inkişaf etdiyi bir respublikaya çevirməyi bacarmışdı. Bu mənada Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər sovet Azərbaycanı tarixinin “qızıl dövrü” kimi səciyyələndirilə bilər. 1982-ci ildə Heydər Əliyevin SSRİ rəhbərliyinə irəli çəkilməsi onun müstəsna liderlik və idarəçilik qabiliyyətinin təsdiqi olmaqla yanaşı, həm də Azərbaycanın yüksəliş və tərəqqisinin təzahürü idi.
Sonrakı illərdə dünyada gedən qlobal proseslər və “yenidənqurma” adlanan dövrdə buraxılmış səhvlər tədricən SSRİ-nin süqutuna və parçalanmasına gətirib çıxardı. Bədnam qonşumuzun ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Azərbaycanda daha mürəkkəb və fəlakətli situasiya yaranmışdı. Bir-birini əvəz edən ölkə rəhbərləri xalqı üzləşdiyi bəlalardan xilas etməyə, tarixi nailiyyət olan dövlət müstəqilliyini möhkəmləndirməyə qadir olmadıqlarını nümayiş etdirirdilər. Böyük siyasi təcrübəyə və ən başlıcası, xalq və vətən qarşısında sevgi və məsuliyyət hissinə malik olan Heydər Əliyev bu mənzərəni ürək ağrısı ilə seyr edir, Azərbaycan dövləti üçün yaranmış təhlükələri çox yaxşı anlayırdı. Xalq da düşdüyü bu ağır durumdan onu qurtara biləcək yeganə şəxsiyyəti Heydər Əliyevin simasında görürdü. Bu qarşılıqlı inam və sevgi ulu öndərin yenidən siyasi fəaliyyətə qayıdışı və onun Naxçıvandan başlayan yolunun müstəqil Azərbaycan Respublikasının Prezidenti postunda yekunlaşması ilə nəticələndi.
Heydər Əliyevin Ali Məclisin sədri kimi Naxçıvanda fəaliyyət göstərdiyi dövr (1991-1993-cü illər) barədə çox deyilmiş və yazılmış, kitablar nəşr edilmişdir. Bir məsələ şübhəsizdir ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın həmin kritik dövrdə Qarabağın taleyini yaşamaması məhz Heydər Əliyev faktoru sayəsində mümkün olmuşdur.
1993-cü ilin iyununda xalqın ən müxtəlif təbəqələrinin çağırışı ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün təxirəsalınmaz və qətiyyətli tədbirlər görməyə başladı. Ən mühümü də o idi ki, bu tədbirlər xalqla, ictimaiyyətlə aramsız ünsiyyət, müzakirə və dialoq şəraitində həyata keçirilirdi. Həmin dövrdə istər Milli Məclisin çox zaman canlı yayımlanan iclaslarında, istərsə də prezident seçildikdən sonra keçirdiyi müxtəlif görüş və toplantılarda çeşidli mövzularda etdiyi çıxışlarla Heydər Əliyev bir yandan ölkənin durumunu cəmiyyətə izah edərək nəhəng siyasi maarifçilik işi həyata keçirir, o biri yandan da vəziyyətdən çıxış yollarını müəyyənləşdirir, müstəqilliyin qorunması və möhkəmlənməsi üçün dəqiq strateji xətt işləyib hazırlayırdı. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” - deyən ulu öndər XX əsrdə xalqımızın ikinci dəfə qazandığı müstəqilliyin müdafiəsini və onun dönməzliyinin təmin edilməsini öz daxili və xarici siyasətinin başlıca hədəfinə çevirdi. Bu siyasətə geniş kütlələrin birmənalı dəstəyi Heydər Əliyevin xalqdan güc alan bir lider kimi daha inamlı, daha cəsarətli fəaliyyətinə stimul verir, eyni zamanda, xarici qüvvələri, qlobal və regional oyunçuları Azərbaycan cəmiyyətinin iradəsini təmsil edən bir şəxsiyyət kimi onunla hesablaşmağa vadar edirdi.
Bu günün zirvəsindən baxanda hakimiyyətə gəldiyi zaman iqtisadi böhran və müharibə şəraitində olan, müxtəlif beynəlxalq güclərin geosiyasi mübarizəsi məngənəsində sıxılan Azərbaycanda Heydər Əliyevin on illik prezidentliyi dövründə gördüyü işlər, həyata keçirdiyi düşünülmüş və hərtərəfli ölçülüb-biçilmiş siyasi strategiya heyrət doğurmaya bilməz. Həmin strategiyanın bütün cəhətlərini Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili, xarici və iqtisadi siyasət uğurla davam etdirilir. Qlobal və regional səviyyədə qaynaqlanan çağırışlara ölkəmiz adekvat cavab verməklə yanaşı, formalaşan imkanlardan maksimum istifadə etmək və beynəlxalq siyasi və iqtisadi təşəbbüslərlə ölkəmizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dərindən anlayan, populist və səriştəsiz qüvvələrin yarıtmaz fəaliyyəti nəticəsində cəbhədə üzləşdiyimiz uğursuzluqların orduda və cəmiyyətdə doğurduğu ruh düşkünlüyünü yaxşı görən Heydər Əliyev ölkəyə “nəfəsini dərmək” və özünü toparlamaq imkanı yaratmağın zəruriliyini nəzərə alaraq, atəşkəsə nail oldu. Ölkənin düşdüyü hərbi-siyasi durumda yeganə düzgün addım olan atəşkəs sazişi üç mühüm hədəfi gerçəkləşdirməyə şərait yaradırdı: 1) Dağlıq Qarabağ münaqişəsindən Azərbaycana təzyiq vasitəsi kimi yararlanan xarici qüvvələrin ölkənin daxili siyasi həyatına təsirini minimuma endirmək; 2) ciddi böhran içərisində olan iqtisadiyyatı dirçəltmək; 3) ordu quruculuğu prosesini sürətləndirmək.
Bu məqsədlərə çatmaq üçün digər vacib bir şərt ölkədə siyasi sabitliyin təmin olunması idi. Ulu öndər xalqın hərtərəfli dəstəyinə arxalanaraq, qısa zaman kəsiyində qanunsuz silahlı birləşmələrin ləğvinə, destruktiv və pozucu siyasi qüvvələrin zərərsizləşdirilməsinə, qanunçuluğun və ictimai asayişin təmin edilməsinə nail oldu. Bu baxımdan 1993-1995-ci illərdə faktiki olaraq dinc yolla, xalqın köməyi ilə separatçılıq və dövlət çevrilişi cəhdlərinin qarşısının alınması bir tərəfdən Heydər Əliyevin rəhbərlik etdiyi dövlətin gücünü hər kəsə nümayiş etdirdi, digər tərəfdən də böyük siyasi və dövlətçilik dərsi kimi Azərbaycan tarixinə düşdü.
Müstəqil Azərbaycan dövlətinin güclənməsi onun xarici siyasətində də özünü büruzə verdi. Heydər Əliyevin adı ilə bağlı olan balanslaşdırılmış xarici siyasət formalaşmağa və öz növbəsində onun müstəqilliyinin möhkəmlənməsinə, dünya birliyində layiqli yer tutmasına xidmət etməyə başladı. “Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır” - deyərkən, ulu öndər Azərbaycanın suverenliyini təhdid edən xarici amilləri önləmək və dəf etmək prinsipini vurğulamışdır. Bunun üçün o, ilk növbədə qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması istiqamətində böyük səylər göstərdi. Həmin səylərin nəticəsi olaraq, SSRİ-nin hüquqi varisi olan Rusiya Federasiyası ilə əlaqələr, müstəqilliyin ilk illərində kifayət qədər gərgin səciyyə daşıyan İranla münasibətlər konstruktiv məcraya düşdü. Qardaş Türkiyə ilə əlaqələr romantik mərhələni arxada qoyaraq, real məzmun kəsb etdi, qarşılıqlı maraqlar, birgə mənafelər əsasında daha da genişlənməyə başladı. Gürcüstanla münasibətlərdəki problemlər aradan qaldırıldı, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq istiqamətində inkişafına şərait yaradıldı. Eyni zamanda, işğalçı Ermənistanın təcrid olunması siyasətinin əsası qoyuldu. Azərbaycan Respublikası Prezidenti
İlham Əliyevin Ermənistanı təcrid siyasətini inkişaf etdirərək işğalçı ölkəni siyasi böhrana, iqtisadiyyatını iflasa, xarici siyasətdə isə inamsızlığa gətirib çıxardı.
Azərbaycanın yerləşdiyi regionun geosiyasi mürəkkəbliyindən və strateji əhəmiyyətindən çıxış edərək Heydər Əliyevin müəyyənləşdirdiyi balanslaşdırılmış xarici siyasət kursu milli mənafelərin qorunması məqsədilə xarici güclərin maraqlarının nəzərə alınması və uzlaşdırılması, onlarla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin qurulub inkişaf etdirilməsi ilə yanaşı, həm də bu gün haqqında fəxrlə danışdığımız müstəqil xarici siyasətin əsasıdır. Məhz bu cəhəti vurğulayan ulu öndər deyirdi: “Azərbaycan heç bir ölkənin təsiri altına düşməyəcəkdir. Azərbaycan öz müstəqilliyini qoruyacaqdır. Bu da bir Prezident kimi mənim siyasətimin əsas ana xəttidir”. Həmin xəttin gerçəkləşdirilməsi isə öz növbəsində çoxvektorlu xarici siyasəti zəruri edirdi ki, bunun da təməlləri Heydər Əliyev tərəfindən qoyulmuşdur. O, həm keçmiş SSRİ məkanında yerləşən MDB dövlətləri ilə, həm müsəlman ölkələri və onların təmsil olunduğu İslam Əməkdaşlıq Təşkilatı ilə, həm tarixi-mədəni birlik əsasında türkdilli dövlətlərlə, həm də Avropa Birliyi, Avropa Şurası və NATO kimi Qərb strukturları ilə Azərbaycanın bu gün uğurla inkişaf edən əlaqələrinin qurucusu olmuşdur. Xarici siyasətdə formalaşan prinsiplər bu gün də öz aktuallığını qoruyur və Prezident İlham Əliyev tərəfindən uğurla tətbiq edilir, Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub vektorlarda müstəqil şəkildə iqtisadi layihələri həyata keçirir və ölkəmizin müstəqil siyasəti dünya güc mərkəzləri tərəfindən qəbul olunur.
Heydər Əliyevin neft strategiyası da onun siyasətinin “ana xəttinə” xidmət etmiş, ölkənin təkcə iqtisadi baxımdan çiçəklənməsinə deyil, həm də beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmişdir. Dünya siyasətində enerji amilinin rolunu gözəl bilən Heydər Əliyev Tanrının Azərbaycana bəxş etdiyi neft və qaz kimi təbii sərvətlərdən ölkənin davamlı inkişafı naminə məharətlə istifadə etməyi bacarmışdır. Onun rəhbərliyi ilə 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” artıq öz bəhrəsini vermişdir və hələ uzun illər (yada salaq ki, müqavilənin müddəti 2050-ci ilə qədər uzadılmışdır) Azərbaycan dövlətinin möhkəmlənməsinə və xalqımızın rifahına xidmət göstərəcəkdir. Təsadüfi deyildir ki, Azərbaycan neftini dünya bazarlarına daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəməri onun çəkilməsi barədə sazişə imza atmış Heydər Əliyevin adını daşıyır. Sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP, TAP - “Cənub qaz dəhlizi” və digər enerji layihələri də ulu öndərin aydın və uzaqgörən strategiyasının davamıdır.
Hakimiyyətə yenidən qayıtdığı 1993-cü ildə xəzinəsi boşalmış, iqtisadiyyatı dağılmış bir dövləti təhvil alan Heydər Əliyev yeni dövrün çağırışlarını, yeni formasiyaya keçidin qanunauyğunluqlarını nəzərə alaraq, Azərbaycan iqtisadiyyatının dirçəlişi naminə qətiyyətli addımlar atdı. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipindən çıxış edən ulu öndərin bu yöndə həyata keçirdiyi geniş proqramın iki məqamı xüsusi vurğulanmalıdır. Bunlardan birincisi, dövlət əmlakının özəlləşdirilməsi, ikincisi isə keçmiş SSRİ məkanında ilk dəfə olaraq torpaq islahatının həyata keçirilməsidir. Bu addımlar ölkənin bazar iqtisadiyyatına keçidi baxımından müstəsna əhəmiyyət kəsb etmiş, sənayenin, kənd təsərrüfatının, xidmət sahəsinin azad sahibkarlıq prinsipləri əsasında inkişafına təminat yaratmışdır. Heydər Əliyev ardıcıl şəkildə yeni iqtisadi modelin qızğın tərəfdarı kimi çıxış etmiş və demişdir: “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”. Bu strateji yol çox keçmədən - XXI əsrin ilk onilliyindəcə Azərbaycanı sürətli sosial-iqtisadi inkişaf mərhələsinə gətirib çıxardı.
Ümummilli lider öz dövlət quruculuğu fəlsəfəsində hüquqi prinsiplərə və demokratik əsaslara xüsusi önəm vermiş və bu istiqamətdə ən mühüm addım kimi müstəqil Azərbaycanın ilk Konstitusiyasını işləyib hazırlamışdır. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən və Heydər Əliyevin qürurla “xalqın Konstitusiyası” adlandırdığı tarixi sənəd müstəqil Azərbaycanın çağdaş, demokratik, sivil, dünyəvi dövlətçilik modelinin nəzəri və hüquqi bünövrəsini təşkil etmişdir. Məhz bundan sonra ölkədə çoxpartiyalı əsasda parlament və prezident seçkiləri keçirilmiş, bələdiyyə orqanlarının yaradılması prosesi başlamış, vətəndaş cəmiyyəti və azad mətbuatın formalaşması sürətlənmişdir. Senzuranın və ölüm hökmünün ləğvi (1998-ci il), Ombudsman institutunun yaradılması (2002-ci il) Azərbaycanın demokratik inkişafı istiqamətində tarixi addımlar olmuşdur. Totalitar sistemdən yenicə qurtulmuş cəmiyyətin demokratik dəyərləri mənimsəməsi baxımdan bu addımlar müstəsna əhəmiyyət daşıyırdı. Ulu öndər demokratik və dünyəvi inkişaf yolunun Azərbaycan xalqının şüurlu strateji seçimi olduğunu dönə-dönə vurğulamış və demişdir: “Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir”.
Heydər Əliyev dövlət quruculuğu prosesində milli həmrəyliyi təmin edəcək ideoloji amilin rolunu da adekvat qiymətləndirmiş və bu sahədə də bizə qiymətli irs qoymuşdur. Onun irəli sürdüyü azərbaycançılıq ideologiyası milli dövlətimizin təməlini təşkil etməklə, qloballaşma şəraitində milli kimliyin qorunması baxımından misilsiz əhəmiyyətə malikdir. Ulu öndərin Azərbaycan dili və tarixi ilə bağlı alimlər, ictimai xadimlər və yaradıcı ziyalılarla keçirdiyi geniş müzakirələr bu ideoloji konsepsiyanın elmi əsaslarının formalaşmasında önəmli rol oynamışdır. Tarixi ənənələrə, milli məfkurə və dəyərlərə söykənən azərbaycançılıq ideologiyası Azərbaycanda sabitliyə, vətəndaş sülhünə təminat verən mühüm faktorlardandır. Məhz bu ideologiya sayəsində ideoloji ziddiyyətlərin, dini çəkişmələrin, məzhəb qarşıdurmalarının vüsət aldığı müasir dünyada Azərbaycan multikultural və tolerant atmosferin hökm sürdüyü məkan kimi seçilməkdədir. Bu ideologiya həmçinin bütün dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsinə xidmət edir. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq” sözləri ilə ulu öndər məhz bu cəhəti vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin məkrli təbliğatı və onların beynəlxalq havadarlarının fəaliyyəti Azərbaycan dövlətini informasiya blokadasına almış, xalqımızın haqq səsini eşidilməz etmişdi. Heydər Əliyev Azərbaycanın üzləşdiyi bu tarixi haqsızlıqla bir an belə barışmamış, istər ölkədə keçirdiyi görüşlərdə, istərsə də çoxsaylı xarici səfərlərində yorulmadan bu blokadanın yarılmasına çalışmış və buna nail olmuşdur. Yaşının ixtiyar çağına baxmayaraq, ulu öndər tükənməz enerji və sarsılmaz əzmkarlıqla ən yüksək tribunalardan Azərbaycan həqiqətlərini dünyaya çatdırmış, informasiya müharibəsində itirdiyimiz mövqeləri addım-addım geri almışdır. Bu gün münaqişə ilə bağlı müxtəlif beynəlxalq qurumların qəbul etdiyi və Azərbaycanı müdafiə edən çoxsaylı sənədlər məhz Heydər Əliyevin başladığı böyük işin bəhrələridir. Münaqişənin sülh yolu ilə nizamlanmasını və ATƏT-in Minsk qrupu çərçivəsində aparılan müzakirələri dəstəkləyən ümummilli lider bu mövqe ilə bağlı qarşı tərəfdə və müəyyən xarici dairələrdə yanlış təsəvvürlər yarana biləcəyini nəzərdə tutaraq qətiyyətlə bildirirdi: “Əgər torpaqlarımız sülh yolu ilə azad olunmasa, biz nəyin bahasına olursa-olsun torpaqlarımızı azad edəcəyik. Dünya bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik. Dünya belə qalmayacaq. Heç kəs güman etməsin ki, torpaqlarımızın bir hissəsi - Dağlıq Qarabağ, yaxud başqa bir hissəsi zorla əlimizdən alına bilər. Xeyr, biz bununla heç vaxt razı ola bilmərik və heç vaxt razı olmayacağıq. Bizim xalqımız heç vaxt bununla razı ola bilməz!”
Bu sözləri yalnız öz xalqına inanan, ona tükənməz sevgi bəsləyən bir lider deyə bilərdi. Elə bir lider ki, xalqına, dövlətinə, Vətəninə xidməti həyatının mənası və qayəsi bilirdi. Və bunu qürur hissi ilə bəyan edirdi: “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam”. O, buna nail oldu, xarici təcavüzə məruz qalan və daxili çəkişmələr girdabında əzab çəkən ölkəsini cəmi on il ərzində ən inkişaf etmiş dövlətlərin təmsilçilərinin də heyranlıqla seyr etdiyi müasir, sivil, çiçəklənən bir dövlətə çevirdi. Bu mənada ulu öndər doğrudan da, ən xoşbəxt adamdır. Bütün həyatı boyu sədaqət və fədakarlıqla xidmət etdiyi xalqı onun doğum gününü sevinc və qürurla bayram edirsə, anım günündə ruhu qarşısında ehtiram və minnətdarlıqla baş əyirsə, bu, siyasətçi və dövlət adamının nail ola biləcəyi ən böyük xoşbəxtlikdir.
Azərbaycanlı olmağı ilə fəxr edən Heydər Əliyev bütün azərbaycanlılara baxıb fəxr edə biləcəkləri bir miras qoydu - müstəqil və güclü Azərbaycan dövləti! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir!”

Fərhad MƏMMƏDOV,
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru