Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarixin dahi azərbaycanlısı

09 May 2018
 

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Şərəfli ömür yolu ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı Azərbaycan tarixinə görkəmli dövlət xadimi, xilaskar, dahi şəxsiyyət və qüdrətli sərkərdə kimi həkk olunub.

Milli Məclisin deputatları da ümummilli liderin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz missiyasının böyük əhəmiyyətini qeyd edirlər.

 

Heydər Əliyev ucalığı

 

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
YAP Xətai rayon təşkilatının sədri:

- İllər ötəcək, əsrlər keçəcək, nəsillər dəyişəcək, amma bu qoca dünyanın unikal və qədim sivilizasiya ərazilərindən olan Azərbaycanda bir ad daim yaşayacaq, hörmətlə, ehtiramla xatırlanacaq. Bu, Heydər Əliyevin adıdır. Bu adın qarşısında saysız-hesabsız titullar, millət, xalq, Vətən qarşısında misilsiz və müstəsna xidmətlər dayanır - Azərbaycanın xilaskarı, müstəqil dövlətçiliyin memarı və qurucusu, ümummilli lider, fenomen şəxsiyyət, Azərbaycan və azərbaycanlıların şərəf simvolu...
Bu gün müstəqil dövlətçiliyin elə bir atributu yoxdur ki, orada bu böyük dühanın müstəsna xidmətləri olmasın, onun parlaq zəkasının nişanəsi görünməsin. Bu mənada ötən yüzillik Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, ictimai-siyasi həyatına “Heydər Əliyev qərinəsi” kimi daxil olmuşdur. Tarixçilər ulu öndəri əbəs yerə ümumdünya tarixinin azərbaycanlı dahisi adlandırmırlar! Heydər Əliyev vətən tarixinin böyük müəlliflərindən biridir! Azərbaycan xalqı XX əsrdə dünyanın siyasət meydanına bəxş etdiyi nadir şəxsiyyətə öz qəlbində möhtəşəm abidə ucaldıb. Çünki bu qeyri-adi zəka sahibi xalqımıza azadlıq və müstəqil dövlət bəxş edib.
Heydər Əliyev siyasi fenomen kimi Azərbaycan tarixinin həqiqətidir. Həqiqətlər isə bütün nisbiliklərə baxmayaraq, tarixin sınaqlarından üzüağ çıxır. Deyirlər, fenomenlərin sirri yoxdur. Onlar heç bir möcüzə yaratmırlar. Sadəcə, zəngin bilikləri, təcrübələri ilə çoxlarını, az qala bütün müasirlərini üstələyir, onların bacarmadıqlarını bacarır, hətta qeyri-mümkün olan hər nə varsa, hamısını reallaşdıra bilirlər. Ulu öndər təkcə biliyə, təcrübəyə əsaslanmırdı, O, taleyüklü məsələlərin həllində fədakarlıq, qəhrəmanlıq nümunəsi də göstərirdi. Dünyanın siyasi xadimləri arasında Heydər Əliyev obrazı öz parlaqlığı ilə diqqəti cəlb edir. Bu siyasi fenomenin işığının bu qədər gur olmasının səbəbi çoxdur. O, ən azı XX əsrin qüdrətli siyasi sütunlarından biridir.
XX əsrin sonunda Azərbaycanı xilas edən ulu öndər həm də xalqının taleyində önəmli rol oynadı. Heydər Əliyev sevgisi və məhəbbəti ilə süslənmiş yolla gedən Azərbaycanın müasir dövrü möhtəşəm uğurların zənginliyi ilə diqqəti cəlb edir. Bu gün Azərbaycan nəhəng tikinti meydançasıdır. Dünya xəritəsində elə bir ölkə ola bilməz ki, Azərbaycan qədər geniş tikinti işləri aparılsın. Gündən-günə qüdrətlənən, çiçəklənən ölkəmizdə həyatın bütün sahələrini əhatə edən irimiqyaslı işlər görülür. Milli azadlığın, müstəqilliyin xalqımıza, ölkəmizə bəxş etdiyi töhfələr hər birimizin gözü qarşısndadır. Ümummilli lider Heydər Əliyevin mədəni-mənəvi dəyərlərimizin qorunması ilə bağlı işıqlı ideyaları bu gün də yaşayır və uğurla həyata keçirilir... Heydər Əliyev öz əməlləri ilə millət atası olduğunu sübut etdi.
Son 15 ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin arzularını reallaşdırmaqla ulu öndərin layiqli davamçısı olduğunu sübut edib. Cənab İlham Əliyev ulu öndərin bütün arzularını göyərtdi, qol-qanad verdi.
Ataların yolu müqəddəs yoldur! Atadan oğula gələn yoldan çox danışmaq olar. İlham Əliyevin tükənməz enerji mənbəyi genetik olaraq atasından əxz etdiyi keyfiyyətlərdir. Azərbaycan xalqı dövlət başçısının simasında Heydər Əliyev amallarını böyük usatalıqla davam etdirən dövlət xadimi görür! Onun bir fikrini misal gətirmək istəyirəm: “Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəyəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı”.
Ötən ay prezident seçkilərində layiqli qələbə qazanan İlham Əliyevi cəmiyyətə təqdim etməyə ehtiyac yoxdur. Çünki o, öz tərcümeyi-halını xalqının gözü qarşısında əməyi ilə yazıb. İlham Əliyev vətən tarixinin yeni səhifəsidir. Təbiidir ki, onu lider kimi zaman və mühit yetişdirib. Dünyanın ən möhtəşəm yazıçılarından biri olan, mərhum dostum Çingiz Aytmatov mənimlə söhbət zamanı belə bir fikir söyləmişdi: “İlham Əliyev qloballaşan dünyada yeni lider etalonudur”. Bu gün Azərbaycan Respublikası Prezidenti kürsüsündə oturması İlham Əliyevin həm də mənəvi haqqıdır. O, xalqın etimadını və ümidlərini doğruldub. İlham Əliyevin siyasi xadim kimi ən üstün cəhətlərindən biri onun siyasi gücünün ulu öndər, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyev tərəfindən etiraf olunması və siyasi varis kimi onun xeyir-duasını almasıdır. İlham Əliyevin böyük addımı sələfinin yolunu seçməsidir. O, gözünü açandan özünü həmişə bu yolda görüb. Onu bu yola taleyi gətirib, Heydər Əliyev yolunun gur işığı gətirib!..
Bu gün ulu öndərin milli dövlətçilik konsepsiyasının bütün atributları öz real təsdiqini tapmaqla Azərbaycanı iqtisadi, siyasi, sosial, humanitar inkişaf yoluna çıxarmışdır. Gündən-günə tərəqqi edən Azərbaycanın hansı guşəsinə baxsan, gözümüzün önündə ulu öndər Heydər Əliyevin vətənimiz və xalqımız üçün gördüyü möhtəşəm işlər canlanır.

 

Heydər Əliyevin tarixi xidmətləri zəngin siyasi irsdir

 

Tahir SÜLEYMANOV,
Milli Məclisin deputatı:

- Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümüdür. Keçdiyi şərəfli ömür yolunun 34 ilini dövlətə və xalqa həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq böyük quruculuq illəri, Azərbaycanın hərtərəfli və sürətli tərəqqi mərhələsi kimi səciyyələndirilir. Azərbaycanın müasir tarixinə nəzər salarkən aydın görünür ki, ölkənin və xalqın ən çətin anlarında Heydər Əliyevə ehtiyac duyulub və üzərinə düşən böyük missiyanı uğurla yerinə yetirən ulu öndər hər zaman ona bəslənilən ümidləri layiqincə doğruldub.
Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri əvəzedilməzdir. Həssas olan bir bölgədə yerləşən Azərbaycanda dövlətçiliyin yaradılması və bu dövlətçiliyin bütün bəşəriyyətə örnək olan inkişaf modelinin qurulması istiqamətində Heydər Əliyevin tarixi xidmətləri bütün dünyanın qəbul etdiyi və öyrəndiyi zəngin bir irsdir. Heydər Əliyev müasir dövlət quruculuğu fəlsəfəsini yaradan bir siyasətçi idi. O, sivil, demokratik, dünyəvi dövlət quruculuğu təcrübəsini ortaya qoydu. Heydər Əliyev kimi şəxsiyyətlər tarixi yaradırlar, sonrakı nəsillər üçün örnək və məktəb olurlar.
Sovet illərində Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın milli mənlik şüurunun, mədəniyyətinin və dilinin inkişafına güclü təkan verən tədbirlər həyata keçirildi. Bu mənada o illərdə təkcə sosial-iqtisadi yüksəliş deyil, milli-mənəvi dəyərlərə qayıdış da Heydər Əliyevin adı ilə bağlı idi. Sovet ideologiyasının qılınıcının arxasının da, qabağının da kəsdiyi bir dövrdə Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin əriyib itməməsi üçün əlindən gələni etdi. Elə bu səbəbdəndir ki, sovet hakimiyyəti illərində həyata keçirilən məqsədyönlü siyasət Azərbaycan xalqının milli-mənəvi dəyərlərini xalqın şüurundan silə bilmədi.
SSRİ-nin süqutundan sonra bütün İttifaq respublikaları müstəqilliyə qovuşdu. Amma Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətə yiyələnən qüvvələrin səriştəsizliyi ölkəmizi parçalanmaq, dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoymuşdu. Hakimiyyət uğrunda çəkişmə Ermənistanla aparılan müharibəni də arxa plana keçirmişdi. Belə ağır və mürəkkəb dövrdə Azərbaycan xalqı çox düzgün addım ataraq ölkəni düşdüyü ağır böhrandan qurtarmaq üçün Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın təkidli tələbi ilə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasına və möhkəmləndirilməsinə xidmət edən başlıca amil oldu.
Əgər ulu öndər 1993-cü ildə xalqın təkidli çağırışlarını qəbul etməsəydi, indi nə müstəqil dövlətimiz vardı, nə də firavan yaşayışımız. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan dövlətçiliyini qurdu, yaşatdı. Ulu öndər ağır döyüşlərin getdiyi cəbhə bölgələrinə, səngərlərə baş çəkirdi, hərbçilərin problemləri ilə yerindəcə tanış olurdu, respublikamızın bütün regionlarına, eləcə də xarici ölkələrə səfərlər edirdi, islahatlar aparırdı, yorulmadan çalışırdı. Bu tükənməz enerji, dərin siyasi təcrübə sayəsində yeni, gənc müasir Azərbaycan dövləti quruldu. Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi yalnız bu tarixi yarada və yaza bilərdi.
Aradan ötən illər bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə daha dərindən dərk etmək imkanı verir. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.
Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi dahi şəxsiyyət onun sıralarından çıxıb. Biz bu gün müstəqilliyimizə, inkişafımıza görə Heydər Əliyevə borcluyuq. Biz bu gün atdığımız hər bir addıma Heydər Əliyevin baxışları ilə qiymət verməliyik. Tarix sübut edir ki, Heydər Əliyevin Azərbaycan üçün seçdiyi yol düzgün idi. Bu gün Azərbaycan bütün paramertlər üzrə nəinki regionun, ümumilikdə götürdükdə böyük bir arealın inkişaf nümunəsidir. Heydər Əliyev irsinə dünyanın bir çox yerlərində müraciət edirlər. Dünyanın neçə-neçə ölkəsində ulu öndərin abidəsi qoyulub, onun irsi öyrənilir. Biz Heydər Əliyevlə fəxr edirik, ondan nümunə götürürük.

 

Əbədiyaşar lider

 

Məlahət İBRAHİMQIZI,
Milli Məclisin deputatı,
YAP Nəsimi rayon təşkilatının sədri:

- Yaşadığımız üçüncü minillikdə beynəlxalq aləmdəki prosesləri və təhlükəli oyunları təhlil etdikcə bir daha görürük ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda və regionda sabitliyin və təhlükəsizliyin əldə olunmasında, region xalqlarını üzləşdiyi xaosdan və fəlakətdən qorumaqla qlobal sülhə və inkişafa əvəzsiz töhfə vermişdir. Bu mənada Azərbaycan xalqı bilməlidir ki, müasir dünyada kürəsəl güclərin öz maraqları baxımından, “parçala və höküm sür” fəlsəfəsindən yaratdıqları təhlükələrdən qorunmağın yeganə yolu ulu öndər Heydər Əliyevin zəngin irsinə və uzaqgörən siyasətinə sadiq olmaqdır.
Uca Allah XX əsrin sonunda 1991-ci ildə Sovet İttifaqının çöküşü zamanı xalqımıza öz müstəqilliyini bərpa etmək üçün bir daha şans verdi. Bu şərəfli tarixi yazmağı və yaratmağı hər zaman xalqının yanında olan Heydər Əliyevə nəsib etdi. Bu yerdə çağdaş müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevin dillər əzbəri olan və hər bir azərbaycanlı üçün müqəddəs vəsiyyəti “Müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu saxlamaq ondan da çətindir” kəlamları minnətdarlıqla xatırlanır.
1991-1993-cü illər xatirimizdədir. 1993-cü ildə mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtararaq çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər və dövlət çevrilişini təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı.
Bu gün dünyanın ən yeni tarixində Azərbaycanın layiqli yeri var. Xalqın adını hər zaman uca tutan Heydər Əliyev bu şərəfli və şöhrətli tarixi həm yaratdı, həm də yazdı. Bu gün Heydər Əliyevi dünyanın dahi şəxsiyyətləri ilə müqayisə edərək onların öz xalqları üçün etdikləri qəhrəmanlıqları və fədakarlıqları qarşılaşdırırlar. Əslində, beynəlxalq münasibətlər sahəsində, xüsusilə də böhranların idarə edilməsində nəzəri və təcrübi olaraq böyük şəxsiyyətlərin fəaliyyətləri tədris edilir. Abraham Linkoln, Mustafa Kamal Atatürk, Konrad Adenaur, Marqaret Tetçer, Şarl De Qol kimi tarixi şəxsiyyətlərin hər biri xalqının taleyüklü problemlərini, onların düçar olduqları böhranın həllinə nail olmaqla adlarını nəinki öz tarixlərinə, dünya tarixinə yazmışlar.
Heydər Əliyev də əsl lider olaraq yenicə müstəqilliyinə qovuşmuş Azərbaycan xalqının və onun dövlətinin dünya birliyində var olmasını təmin etmişdir. 1993-cü ildən ölkəmizdə və bölgəmizdə gedən bütün proseslər ulu öndərin müdrikliyi, cəsarəti, bilik və bacarığı sayəsində Azərbaycan, eləcə də Qafqaz regionu və region xalqları xaosdan, böhrandan xilas oldu və bununla da gələcək sabitliyin, təhlükəsizliyin təməli qoyuldu. Əminəm ki, regional təhlükəsizliyin və sabitliyin əldə olunmasında Heydər Əliyev modeli də beynəlxalq münasibətlər elmində ən uğurlu təcrübə kimi öyrəniləcək.
Heydər Əliyev bütün zamanlar üçün dahi şəxsiyyətdir və illər ötdükcə onun böyüklüyü və gördüyü əzəmətli işlərin dəyəri qədirbilən xalqımız tərəfindən seviləcək, təbliğ ediləcək, qiymətləndiriləcək və onun müqəddəs ruhu qarşısında ehtiramlar bildiriləcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”