Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri

09 May 2018
 

Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Medalın ümumi təsviri

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, bir-birinin üzərinə qoyulmuş iki səkkizguşəli ulduz formalı, diametri 40 mm olan lövhədən ibarətdir.

Maddə 2. Medalın ön tərəfi

2.1. Guşələri ikitərəfli hamar şüalı olan üst ulduzun üzərində iki tərəfdən konturlanmış dairəvi zolaq yerləşdirilmişdir. Zolağın yuxarı hissəsində qövs boyunca “AZƏRBAYCAN”, aşağı hissəsində qövs boyunca “XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” sözləri yazılmışdır. “AZƏRBAYCAN” sözündən sol tərəfdə “1858”, sağ tərəfdə “2018” rəqəmləri həkk olunmuşdur. Yazılarla rəqəmlərin arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur.

2.2. Zolağın daxilində üzərində tünd göy minalı fonda səkkizguşəli ulduzun və gəmi sükanının fraqmentləri, gəmi silueti və dəniz dalğalarından ibarət kompozisiya təsvir olunmuş dairəvi lövhə yerləşdirilmişdir. Dalğaların üzərində “160” rəqəmi həkk olunmuşdur.

2.3. Bütün yazılar, rəqəmlər və elementlər relyefli olaraq qabarıqdırlar. Səthi hamar olan alt ulduzun guşələrinin arası dalğavarı konturla işlənmişdir.

Maddə 3. Medalın arxa tərəfi

Medalın arxa tərəfi hamarsəthlidir, mərkəzində medalın seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Medalın elementləri

4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentin mərkəzində 5 mm enində boz rəngli, mərkəzdən sol və sağ tərəflərə doğru ardıcıl olaraq 1 mm enində ağ rəngli, 2,5 mm enində mavi rəngli, 6,5 mm enində tünd göy rəngli, 2 mm enində mavi rəngli, 1 mm enində tünd göy rəngli, 1 mm enində mavi rəngli və 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.

4.2. Xara lentin yuxarı hissəsinə üzərində dalğalar əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.

4.3. Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.