Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ƏSL MÜSTƏQİLLİYİN BANİSİ

08 May 2018
 

Heydər Əliyev cümhuriyyət ideyalarını həqiqətə çevirən ümummilli liderdir

 

XX əsrdə Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən olmuş və cəmi 23 ay davam etsə də, vətənimizin taleyində dərin iz qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, qısa zaman kəsiyində xalqımızın milli dirçəlişi üçün gördüyü heyrətamiz işlər, həqiqətən, qürur doğurur.
Bu tarixi yaradanlar Azərbaycan xalqına azadlığın, demokratiyanın, öz taleyinin sahibi olmağın nə demək olduğunu göstərdilər. Sübut etdilər ki, bu torpağın şanlı keçmişi, bu millətin misilsiz istedadı və qabiliyyəti var və bir çoxlarına nümunə olan bir dövlət qurmağa, onu yaşatmağa qadirdir. Təəssüf ki, tarixən müstəmləkəçilik siyasətindən əl çəkməyən çar Rusiyası və Azərbaycanın təbii sərvətlərinə göz dikən digər xarici qüvvələrin təsiri ilə öz müstəqilliyinin bəhrəsini sonadək görmək xalqımıza nəsib olmadı, bolşevik Rusiyasının təcavüzü nəticəsində müstəqilliyini qoruyub saxlaya bilmədi. Cümhuriyyət tarixi nə qədər şərəfli olsa da, ömrü qısa oldu.
Lakin istər 1918-ci ildə müstəqil Azərbaycan dövlətini quranlar, istərsə də SSRİ-nin dağılması ilə 1991-ci ildə müstəqilliyini bərpa edənlər və 1993-cü ildən sonra onu qoruyub indiki zirvəyə çatdıranlar tarix qarşısında öz missiyalarını şərəflə yerinə yetirdiklərinə görə Azərbaycan xalqının qəlbində daim yaşayacaqlar.
Xalq Cümhuriyyətinin əsl qiymətini Heydər Əliyev vermiş, Azərbaycan xalqını onun həqiqi varisinə çevirmişdir. O, bu tarixi nəinki qorumuş, yaşatmış, zənginləşdirmiş, həmçinin yaratdığı siyasi, iqtisadi, hüquqi baza ilə, mənəvi dəyərlərlə bu müstəqilliyin son dərəcə möhkəm və əbədi bünövrəsini qoymuşdur.
Ulu öndər özü Azərbaycan tarixinin şanlı və ağrılı səhifələrini dərindən bildiyinə, böyük vətənpərvərlik duyğuları ilə yaşadığına, millətinin imzasını bütün dünyaya tanıtmaq qabiliyyətinə və istedadına malik olduğuna görə keçmiş SSRİ dövlət sistemində qazandığı zəngin təcrübədən yeni Azərbaycan dövlətinin əsaslarını qurmaq üçün böyük uzaqgörənliklə istifadə edirdi.
Hələ müstəqilliyini elan etməmişdən əvvəl Naxçıvanda xalqın tələbi ilə rəhbərliyə gəlmiş Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarını ilk dəfə orada bərpa etmiş, onun təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilmiş və bunun Azərbaycanın dövlət bayrağı kimi təsdiq edilməsi barədə respublika Ali Soveti qarşısında vəsatət qaldırılmış və bu vəsatət 1991-ci il fevralın 5-də qəbul olunmuşdur.
Ulu öndər keçmiş SSRİ-nin saxlanması üçün keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirakına yol verməmiş, ilk dəfə muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərini çıxarmağa qərar vermiş və onun bu qətiyyəti o zaman böyük əks-səda doğurmuşdu. Təbiidir ki, ümummilli liderin xidmətləri bununla bitmir. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın rəhbərliyinə qayıtdıqdan sonra yaranmış tarixi fürsətdən istifadə edərək ölkəmizin müstəqillik tarixinə elə şərəfli səhifələr yazmış, elə böyük işlər görmüşdür ki, onları sadalamaqla qurtarmaz.
Müstəqilliyin həsrətini ən çox çəkən və onun qədrini hamıdan yaxşı bilən bir dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, onun Azərbaycan dövlətçiliyindəki yeri və əhəmiyyəti ömrünün sonunadək Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.
Ulu öndər 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycanın İstiqlal Bəyannaməsinin elan olunduğu günün bayram olmasını tamamilə qanunauyğun hesab edərək qeyd edirdi ki, bu bayram bizim istiqlaliyyət bayramımızdır. O deyirdi: “Biz 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirmişik, bu gün də yüksək qiymətləndiririk və bugünkü müstəqil Azərbaycan həmin o Xalq Cümhuriyyətinin varisidir”. Heydər Əliyev 1991-ci ildən sonra Azərbaycanın müstəqilliyinin dünya ölkələri tərəfindən tanınmasını, beynəlxalq təşkilatlara üzv olmasını, xarici ölkələrdə səfirliklərin açılmasını xalqımızın böyük uğuru adlandıraraq dönə-dönə deyirdi: “Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir. Bütün dövlət onun varisidir, bütün respublika onun varisidir, bütün xalq onun varisidir. Bu, heç bir kəsə, hansısa bir siyasi qüvvəyə məxsus deyildir. Bu, xalqa məxsusdur. Bu, indi mövcud olan Azərbaycan dövlətinə məxsusdur və Azərbaycanın Konstitusiyasında öz əksini tapıbdır”.
Xalq Cümhuriyyətinin əsl tarixinin, cümhuriyyət xadimlərinin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi, bu tarixin bütün tamlığı ilə müasir nəsillərə çatdırılması, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məhz Heydər Əliyevin verdiyi sərəncamlarla həyata keçirilmişdir. Cümhuriyyətin yubileyinin ilk dəfə geniş qeyd edilməsi ümummilli liderin 1998-ci il 30 yanvar tarixli sərəncamı ilə başlanmış, bu sərəncamla dövlət komissiyası yaradılmış, komissiyanın tədbirlər planı Heydər Əliyevin 1998-ci il 22 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş, eyni zamanda, 1998-ci il 22 fevral tarixli sərəncamda Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi nəzərdə tutulmuşdu. Ulu öndərin 1998-ci il 24 may tarixli sərəncamı isə bilavasitə 80 illiklə bağlı ümumrespublika mərasiminin keçirilməsi barədə idi.
2003-cü il 1 fevral tarixli sərəncamında isə ümummilli lider Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması barədə göstəriş vermişdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə İstiqlal muzeyinin yaradılması və İstiqlal abidəsinin ucaldılması üçün müsabiqə elan edilmişdi. Həmin abidənin açılışı 2007-ci il mayın 25-də Bakının mərkəzində - İstiqlaliyyət küçəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilmişdir.
Heydər Əliyevin imzaladığı sərəncamların icrasının və onlardan irəli gələn çoxsaylı tədbirlərin keçirilməsinin məqsədi cümhuriyyət tarixinin şanlı səhifələrini xalqa çatdırmaq idi. Respublikanın dövlət orqanlarının rəhbərlərindən ibarət olan dövlət komissiyasının 1998-ci il mayın 20-də keçirilən geniş iclasında görülmüş işlər haqqında ulu öndərə ətraflı hesabat verilmişdi və burada sadalanan işlərin həcmi, o dövrün məhdud imkanlarını nəzərə alsaq, son dərəcə böyük idi. Qısa müddətdə cümhuriyyət dövründə dövlət xadimlərinin yaşadığı binalara onların barelyefləri və xatirə lövhələri vurulmuş, çox böyük həcmli məcmuələr və kitablar çap olunmuş, ikihissəli sənədli film çəkilmiş, geniş konfrans və simpoziumlar vasitəsilə təkcə respublika daxilində deyil, respublikadan kənarda da bu yubiley geniş qeyd edilmişdi. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə çap olunan sənəd və material toplularının həcmi 300 çap vərəqindən çox olmuşdu.
Cümhuriyyətin yubileyi mayın 30-31-də Dünya Azərbaycanlılarının Vaşinqtonda keçirilən II Konqresində də qeyd edilmiş, cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Parisdə yaşadığı binaya xatirə lövhəsi vurulmuş, 1998-ci il mayın 5-6-da Tbilisi şəhərində də yubiley tədbiri keçirilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclası bu ildönümünə həsr olunmuş və Azərbaycanın diplomatik nümayəndəliklərinin olduğu ölkələrdə müxtəlif formalarda bu yubiley qeyd edilmişdi.
Yubiley tədbirinə həsr olunmuş iclasda Heydər Əliyev cümhuriyyətin tarixinə, onun xalqımızın taleyində oynadığı rola, Azərbaycan xalqına bəxş etdiyi əvəzsiz mənəvi, hüquqi və siyasi töhfələrə son dərəcə yüksək qiymət vermişdi. Yeri gəlmişkən qeyd olunmalıdır ki, ikinci dəfə respublika rəhbərliyinə qayıdarkən bir müddət Azərbaycan Milli Məclisinə sədrlik etmiş Heydər Əliyev cümhuriyyət parlamentinin tarixini də gözəl bilirdi. Bilirdi ki, mövcud olduğu qısa müddətdə cümhuriyyət parlamentinin cəmi 155 iclası keçirilmiş, bu iclaslarda 250 qanun layihəsi müzakirə edilərək ondan 230-u qəbul olunmuşdu.
Yubiley tədbirləri çərçivəsində respublikanın bütün bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında, həmçinin cümhuriyyətin fəaliyyətə başladığı Gəncə şəhərində böyük tədbirlər keçirilmişdi. Qısa bir vaxtda Azərbaycanın bütün elm və mədəniyyət müəssisələri tərəfindən olduqca dəyərli nəşrlər hazırlanıb çap olunmuş və Xalq Cümhuriyyətinin real tarixi ictimaiyyətə çatdırılmışdı.
Ulu öndərin tariximizə, eləcə də cümhuriyyət tarixinə böyük vətənpərvərlik mövqeyindən yanaşmasını təsadüfi saymaq olmaz. Hələ sovet dövründə respublikaya rəhbərlik edərkən sovet rejiminin qadağalarını dəf edərək ozamankı Kirovabadın yeni yaradılmış iki rayonuna Gəncə və Kəpəz adının qoyulması, həmçinin Bakıda Nizami rayonunun yaradılması ümummilli liderin cəsarəti nəticəsində mümkün olmuşdu.
Heydər Əliyevin dövlətçilik baxımından Xalq Cümhuriyyətinə verdiyi qiymət dərindən öyrənilməyə və şərh edilməyə layiqdir. Ulu öndərin Xalq Cümhuriyyətinin tarixindən bəhs edən fikirləri tarixçilərimizi bu gün də düşündürür və istiqamətləndirir. Ümummilli lider çox haqlı olaraq qeyd edirdi ki, sovet rejimi zamanı Azərbaycanın rəhbərliyindən asılı olmayan səbəblər üzündən vaxtilə Azərbaycan xalqına qarşı cinayətlər törətmiş, hətta xalqımıza qarşı soyqırımlarının təşkilatçısı olmuş şəxslərin hörmətə qaldırılması hallarına yol verilmiş, hətta belə şəxslərin təntənəli yubileyləri də keçirilmişdir. O, həmin illərdə dövrün ideologiyasına uyğun görülən bu işlərə təəssüf edir və son vaxtlar onun tapşırıqları ilə cümhuriyyətin yubileyi ilə bağlı görülən işləri isə çox yüksək qiymətləndirirdi. O deyirdi: “İndi zaman gəlib çatıbdır ki, biz hər bir şeyi olduğu kimi, doğru, düzgün, obyektiv, ədalətli göstərək... Mən dəfələrlə öz fikrimi bildirmişəm və bu gün bir daha bəyan edirəm ki, biz tariximizin hər bir dövrünü subyektivlikdən tamamilə kənar, olduğu kimi təsvir etdirməliyik, olduğu kimi əks etdirməliyik. Biz onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq. Təhrif həmişə xalqa zərər gətiribdir, heç vaxt xeyir gətirməyibdir”.
Ulu öndər məhz bu baxımdan alimlərimiz, tədqiqatçılarımız üçün çox geniş imkanlar yarandığını qeyd edir və vurğulayırdı ki, ilk Xalq Cümhuriyyətinin xidmətlərini hər bir vətəndaşa doğru, düzgün çatdırmaq üçün gərək bütün vasitələrdən istifadə olunsun. O hesab edirdi ki, bu sahədə görülən işlər müsbət qiymətləndirilməlidir, təqdirəlayiqdir və bu işlər davam etdirilməlidir.
Heydər Əliyev Azərbaycan tarixinin bütün səhifələrini dərindən bilən, onu qiymətləndirməyi bacaran, tarixi öyrənib yeni tarix yaradan böyük siyasi xadim idi. O, Azərbaycanda qeyd olunan bayramları səciyyələndirərkən 28 May Respublika Gününü xalqımızın ən böyük bayramı kimi qiymətləndirirdi və deyirdi: “Mayın 28-i bizim böyük bayramımızdır. Deyə bilərəm ki, bu, müstəqil Azərbaycanın ən yüksək siyasi, ictimai, milli bayramıdır... bu, bizim milli müstəqilliyimizin bayramıdır və bunun da əhəmiyyəti ondan ibarətdir ki, biz 1918-ci ildə əldə edilmiş müstəqillik gününün yubileyini bu günlərdə qeyd etməliyik”.
Heydər Əliyev 28 May bayramını xalqımızın qədim Novruz bayramı ilə müqayisə edərək bu bayramın da Novruz bayramı kimi əbədi yaşayacağını bildirir və deyirdi: “Bax, bu bayram da belə olacaqdır. Çünki bizim müstəqilliyimiz bundan sonra əbədi olacaqdır. Mənim buna şübhəm yoxdur. Bu bayram da hər bir vətəndaşın, hər bir insanın qəlbinə daxil olmalıdır və hər bir insan bu bayram gününü qeyd edərək Azərbaycanın müstəqilliyi, suverenliyi, istiqlaliyyəti ilə əlaqədar iftixar hissi keçirməlidir. Bunun üçün biz əsas yaratmışıq. Yenə də deyirəm, arxada qalan illərin hansına baxsanız, biz o illərdə bu bayramı çox yüksək səviyyədə keçirmişik. Məsələn, mənim xatirimdədir, 1992-ci ildə biz Naxçıvanda bu bayramı çox gözəl şəraitdə keçirmişik”.
Həqiqətən də 1992-ci il mayın 28-də Naxçıvanla Türkiyə arasında Dostluq körpüsünün açılışı olmuş və Türkiyədən böyük nümayəndə heyəti, o cümlədən Türkiyə Cümhuriyyətinin başçıları açılışda iştirak etmişdilər. Heydər Əliyev o dövrü səciyyələndirərək deyirdi: “Bilmirəm, 1992-ci ildə 28 May bayramı Bakıda necə keçirildi. Mənim bundan o qədər də xəbərim yox idi. Çünki başım o işlərlə qarışıq idi. Amma bir az bilirdim ki, o vaxt burada ciddi hakimiyyət mübarizəsi gedirdi. Hakimiyyət uğrunda dalaşırdılar. Biz isə həmin vaxtlar Naxçıvanda Azərbaycanla Türkiyəni birləşdirən körpü yaratdıq...” Ümummilli lider həmin vaxt Ermənistanla Naxçıvan sərhədində başlayan və 40 gün davam edən münaqişəni də yada salır və qeyd edirdi: “Əgər elə bir zamanda bu bayramın belə yüksək səviyyədə keçirilməsi mümkün olubsa və bu da mənim şəxsi iradəmlə Naxçıvanda olubsa, indi burada, Azərbaycanda, şübhəsiz ki, bizim müstəqilliyimiz artıq möhkəmlənibdir və belə bir dövrdə bu bayramı ən yüksək səviyyədə keçirməliyik”.
Ulu öndər 1993-cü ildə cümhuriyyətin 75-ci ildönümü zamanı Bakıda fövqəladə vəziyyət rejiminin hökm sürdüyünü, ayrı-ayrı cinayətkar qrupların, silahlı dəstələrin tüğyan etdiyini, hər yerdə komendantlıqların fəaliyyət göstərdiyini bildirir və 80 illik yubileyin tamamilə başqa bir şəraitdə keçirildiyini vurğulayırdı.
Heydər Əliyev əsas məqsədin Azərbaycanda əldə olunmuş müstəqilliyi qoruyub saxlamaqdan, onu möhkəmləndirməkdən, respublikamızda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesini uğurla aparmaqdan, iqtisadi və siyasi islahatları sonadək həyata keçirməkdən, bunların təmin edilməsi üçün normativ hüquqi baza yaratmaqdan, son nəticədə insanların rifahını yaxşılaşdırmaqdan ibarət olduğunu diqqətə çatdırırdı. O, 1997-ci ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafda dönüş, artım yarandığını böyük sevinclə qeyd edirdi.
Ümummilli lider ölkəmizin müstəqilliyini möhkəmləndirmək və gələcək inkişafını təmin etmək üçün görülən işlərin Azərbaycanı sevməyən qüvvələr tərəfindən heç də birmənalı qarşılanmadığını, qazanılan nailiyyətlərə düşmən münasibət göstərən ayrı-ayrı xarici qüvvələrin təhrifedici yazılarla mənfi rəy oyatmaq istəyini də ifşa edir və deyirdi: “...Bəzi düşmən qüvvələr mənim haqqımda belə şeylər yazırlar. Məsələn, “Nezavisimaya qazeta”da böyük bir məqalə çıxdı ki, “Kuda vedyot Qeydar Aliyev Azerbaydjan?” Bütün dünya görür ki, Heydər Əliyev Azərbaycanı haraya aparır - Azərbaycanı haraya lazımdırsa, oraya aparır”. Tarix sübut etdi ki, Heydər Əliyevin Azərbaycanı apardığı yol uğurludur və bu yol müstəqillik, inkişaf və rifah yoludur.
Ulu öndər Azərbaycanın uğurlarını və müstəqil, artıq ayaq üstə duran bir dövlət kimi müsbət imicinin yaranmasını xalqımızın müstəqillik ideyalarına sədaqət hissinin gücü ilə əlaqələndirirdi və deyirdi: “...Biz 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinə böyük ehtiramla yanaşırıq və o vaxt əldə olunan istiqlaliyyəti bu gün biz davam etdiririk, inkişaf etdiririk... biz Azərbaycanı müstəqil dövlət kimi yaşadırıq, inkişaf etdiririk və inkişaf etdirəcəyik”. Heydər Əliyev nə ayrı-ayrı dövlətlərin, nə də daxili sabitliyi pozmaq üçün cəhd göstərən qüvvələrin onu bu yoldan çəkindirə bilməyəcəyini, yaranmış ictimai-siyasi sabitliyin Azərbaycan vətəndaşının bugünü və gələcəyi üçün ən vacib amil olduğunu, bu sabitliyi pozmaq istəyənlərin xalqa, millətə xəyanət etmək istəyən adamlar olduğunu bildirir və xəbərdarlıq edirdi ki, onlara heç vaxt bu imkan verilməyəcək və onlar xəyanətkar kimi cəzalandırılacaqlar.
Ümummilli lider daxili və xarici siyasətimizin Azərbaycanın milli mənafelərinə xidmət etdiyini qeyd edərək deyirdi: “Mən əminəm ki, belə bir doğru, düzgün, düşünülmüş xarici və daxili siyasətlə biz yeni nailiyyətlər əldə edəcəyik və ilk Xalq Cümhuriyyətinin arzularını, istəklərini sona qədər çatdıracağıq”.
Ulu öndər Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə 1998-ci il mayın 27-də keçirilən təntənəli iclasda Azərbaycanın cümhuriyyətdənsonrakı tarixini 4 mərhələyə bölürdü: birinci mərhələ 1918-1920-ci illəri, ikinci mərhələ 1920-1922-ci illəri, üçüncü mərhələ 1922-1991-ci illəri, dördüncü mərhələ isə 1991-ci ildən sonrakı dövrü əhatə edirdi. Həmin çıxışda Heydər Əliyev hər bir dövrün nə ilə fərqləndiyini dərin təhlil edir və tariximizin bu inkişaf mərhələlərində keçdiyi yolun müsbət və mənfi cəhətlərini və gələcək inkişaf xəttinin istiqamətlərini göstərirdi.
Müdrik və uzaqgörən dövlət xadimi kimi Heydər Əliyev yaxşı bilirdi ki, hər bir xalqın öz dövlətini qurması və yaşatması üçün onun, ilk növbədə, intellektual potensialı və qabaqcıl insanları olmalıdır və Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şəraitlə birlikdə Azərbaycan xalqının belə qabaqcıl insanları da var idi. Həmin insanların əməyini yüksək qiymətləndirən Heydər Əliyev böyük məmnuniyyət hissi ilə o ziyalıların və siyasi xadimlərin adlarını çəkir və deyirdi: “Onlar öz intellektual potensialı, öz xalqına, millətinə olan qayğısı və sədaqəti ilə Azərbaycanda XX əsrin əvvəlində gedən proseslərdə iştirak etmiş və birləşib Azərbaycan Xalq Cümhuriyyətini yaratmışdılar. Biz o dövrdə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, ictimai fikrinin inkişafında böyük xidmət göstərmiş insanları da nəzərə almalıyıq və onların - Azərbaycanın görkəmli mədəniyyət, incəsənət, ictimai xadimlərinin xidmətlərini də bu münasibətlə qeyd etməliyik”. Heydər Əliyev cümhuriyyətin yaradıcıları olan insanların hamısını böyük minnətdarlıq hissi ilə yad edərək onların, həqiqətən,vətəndaşlıq şücaəti, öz xalqı, milləti qarşısında böyük qəhrəmanlıq nümunələri göstərdiklərini bildirir, bu cümhuriyyətin yaradıcılarının - Məhəmməd Əmin Rəsulzadənin, Fətəli xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Nəsib bəy Yusifbəyovun, Həsən bəy Ağayevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri olduğunu və onların gördüyü işlərin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayırdı.
Ulu öndərin Xalq Cümhuriyyətinin tarixinə, onun gördüyü işlərə son dərəcə böyük diqqət yetirməsini bütün çıxışlarında və cümhuriyyət xadimlərinin xatirəsini əbədiləşdirmək üçün gördüyü tədbirlərdə müşahidə etmək olur. Heydər Əliyevin cümhuriyyət xadimlərinə xüsusi ehtiramını 1996-cı ildə Fətəli xan Xoyskinin Tbilisinin müsəlman qəbiristanlığında tapılan qəbrinin Mirzə Fətəli Axundovun məzarının yanına köçürülməsi, qısa vaxtda onun büstünün qoyulması, bu qəbiristanlıqda onlarla yanaşı uyuyan 26 Azərbaycan ziyalısının məzarlarının abadlaşdırılaraq orada gözəl bir panteon yaradılması üçün gördüyü işləri xüsusi qeyd etmək lazımdır. O vaxtadək itmiş sayılan bu məzarlar bu gün azərbaycanlıların ziyarətgahlarına çevrilmişdir. Orada Fətəli xan Xoyskinin büstünün açılışında Heydər Əliyevlə birlikdə Gürcüstan Prezidenti Eduard Şevardnadzenin və digər dövlət rəhbərlərinin şəxsən iştirak etmələri tariximizin qürurverici səhifələrindən biridir və ulu öndərin Azərbaycanın tarixi şəxsiyyətlərinə, cümhuriyyət xadimlərinə böyük məhəbbətinin ifadəsidir.
1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətini bolşeviklərə təhvil verərkən bu siyasi xadimlərin müstəqilliyin başqa ideologiya altında qorunub saxlanılacağına ümid etdiklərini və bunu bir şərt kimi irəli sürdüklərini qeyd edən Heydər Əliyev onların aldadıldığını bildirir, bolşeviklərin sonradan xalqımıza qarşı törətdiyi cinayətləri də açıb göstərməyi unutmurdu. Ulu öndər Azərbaycan üçün erməni himayədarları tərəfindən yaradılan Qarabağ probleminin də köklərini və ona rəvac verənlərin məkrli niyyətlərini cəsarətlə ifşa edir, müstəqilliyimizin bərpasından sonra bəzi daxili və xarici qüvvələrin törətdikləri terror və çevriliş cəhdlərinin mahiyyətini açıb göstərir, heç bir qüvvənin Azərbaycanın inkişafına və müstəqilliyinə mane ola bilməyəcəyini vurğulayırdı. Heydər Əliyev Xalq Cümhuriyyəti ideyalarına sədaqətini ifadə edərək Azərbaycan vətəndaşlarına müraciətlə deyirdi: “Bütün Azərbaycan vətəndaşlarını əmin edirəm ki, müstəqil Azərbaycanın dövlətçilik sahəsində yolu demokratiya yoludur, insan haqlarının qorunması yoludur. İqtisadiyyat sahəsində bazar iqtisadiyyatı, açıq qapı siyasəti, dünya iqtisadiyyatı ilə geniş inteqrasiya yoludur. Biz bu yolla gedərək çox nailiyyətlər əldə etmişik və ümidvaram ki, gələcəkdə daha çox nailiyyətlər əldə edəcəyik”.
Ümummilli lider ölkədəki çətinlikləri də diqqətə çatdırmağı unutmur, xalqı narahat edən bütün problemlərin, o cümlədən Qarabağ probleminin həll ediləcəyinə inandığını bildirərək qətiyyətlə deyirdi: “Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını əmin edirəm ki, biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq”.
Heydər Əliyev 1994-cü il fevralın 8-də Türkiyəyə səfəri zamanı Prezident Süleyman Dəmirəlin onun şərəfinə verdiyi ziyafətdə Azərbaycan xalqının iradəsini ifadə edərək qəti şəkildə deyirdi: “...Azərbaycan öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcək, müstəqil dövlət kimi yaşayacaq və inkişaf edəcəkdir”. Ulu öndər xatırladırdı ki, Azərbaycan xalqı artıq müstəqilliyini qorumağa qadirdir və dərk edib ki, öz torpağını özü qorumalıdır.
Azərbaycan dövlətinin bugünkü nailiyyətlərinin əsasını qoymuş Heydər Əliyevin siyasi xətti onun layiqli varisi, Heydər Əliyev ideyalarının davamçısı hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən də davam etdirilir. Azərbaycan tarixinin şanlı səhifəsi olan Xalq Cümhuriyyətinin fəaliyyəti bu gün də müntəzəm öyrənilir, bu ideyaların inkişaf etdirilməsi və həyata keçirilməsi üçün ciddi işlər görülür.
Azərbaycan Prezidenti İlham Əliyevin Xalq Cümhuriyyətinə ehtiramı da ulu öndərin ehtiramı kimi böyükdür və o, bu sahədə də ümummilli liderin adına, öz adına layiq hörmət və səmimiyyət nümayiş etdirir. Əgər ulu öndər 1993-cü ilin dekabrında Parisə səfəri zamanı Sen-Klu qəbiristanlığında Əlimərdan bəy Topçubaşovun və onun ailə üzvlərinin, Ceyhun bəy və onun oğlu Timuçin Hacıbəylilərin məzarlarını ziyarət edərək əklil qoymuşdusa, Prezident İlham Əliyev də bu ənənələri davam etdirir və 2006-cı ildə Parisdə olarkən bu tarixi şəxsiyyətlərin məzarlarını ziyarət edir, Əlimərdan bəy Topçubaşovun qəbrinin yenidən götürülməsi işləri ilə tanış olur və cümhuriyyətin xaricdə dünyasını dəyişmiş nümayəndələrinin xatirəsini yad etməyi unutmur.
Azərbaycan Prezidenti İlham Əliyevin bilavasitə 2008-ci il 2 fevral tarixli sərəncamı ilə Xalq Cümhuriyyətinin 90 illik yubileyi qeyd olunmuş, 2017-ci il 16 may tarixli sərəncamı ilə isə 100 illik yubileyi qeyd olunmaqdadır və yaşadığımız 2018-ci il cənab Prezidentin 10 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir.
Heydər Əliyev irsinə sadiq qalan və onun bütün gözəl ənənələrini layiqincə davam etdirən Prezident İlham Əliyev də Xalq Cümhuriyyətinin tarixinə böyük əhəmiyyət verir və onun təbliğinə, öyrənilməsinə, bu sahədə mövcud olan arxiv materiallarının, sənədlərin, elmi əsərlərin hazırlanmasına və çap edilməsinə xüsusi diqqət yetirir. Məhz onun səyləri ilə xarici ölkələrdə xoş təsadüflər və tariximizə məhəbbət bəsləyən insanların səyləri ilə qorunub saxlanmış, Azərbaycana və cümhuriyyət tarixinə aid olan sənədlər ölkəmizə gətirilərək çap olunmuş, geniş oxucu kütləsinə çatdırılmış və bu iş ardıcıl davam etdirilir.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 85 illiyi, habelə 90 illiyi münasibətilə xalqa etdiyi müraciətlərdə, keçirdiyi rəsmi qəbullarda cümhuriyyət tarixinə yüksək qiymət verərək bu tarixin heç vaxt unudulmayacağını, müstəqillik ideyalarının əbədi yaşayacağını və Azərbaycanın dünya ölkələri sırasında əbədi yer tutacağını dəfələrlə bildirmişdir.
Heydər Əliyev ənənələrinin davam etdirildiyini sübut edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi və siyasi qüdrətinin yüksək sürətlə artmasını konkret faktlar və rəqəmlərlə, görülmüş real işlərlə respublika və dünya ictimaiyyətinə çatdırmaqda davam edir, müstəqilliyin xalqımıza nələr verdiyini konkret faktlar əsasında açıb göstərir və bu illərdə qazanılan nailiyyətləri qürurla təqdim edir. Ölkə başçısı ulu öndərin vəfatından sonra onun siyasi xəttinin davamı kimi ölkənin müasir inkişaf yolu ilə getdiyini, nəinki regionda, eləcə də dünyada özünü təsdiq etdiyini və söz sahibinə çevrildiyini daim vurğulayır.
Cümhuriyyətin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti xalqımız üçün müstəqilliyin müstəsna əhəmiyyət daşıdığını bir daha qeyd edərək demişdir: “...Bizim üçün, Azərbaycan xalqı üçün müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir... Bu gün bizim nəsillərimiz və... Azərbaycanda yaşayan bütün insanlar xoşbəxtdirlər ki, biz bu müstəqilliyi görürük və müstəqil ölkənin inkişafı üçün, möhkəmlənməsi üçün əməli, praktik işləri görürük”. Cənab Prezident Azərbaycan xalqının qətiyyətini ifadə edərək haqlı olaraq deyir ki, Birinci Xalq Cümhuriyyəti cəmi 2 il yaşadısa, müstəqil Azərbaycan dövləti əbədi yaşayacaqdır.
Hazırda “Azərbaycan Xalq Cümhuriyyəti ili” çərçivəsində yubiley tədbirləri respublikanın hər yerində davam edir, müxtəlif beynəlxalq konfranslar, simpoziumlar və digər kütləvi tədbirlər keçirilir. Bütün Şərqdə ilk demokratik dövlət olan Xalq Cümhuriyyətinin insanlara bəxş etdiyi azadlıqlar və digər hüquqlar real surətdə həyata keçirilir. Azərbaycanın ulu öndərin rəhbərliyi altında hazırlanmış Konstitusiyasında təsbit olunmuş hüquq və azadlıqlar öz təcəssümünü tapır. Cümhuriyyətin mənəvi-siyasi irsi sayılan materiallar geniş şəkildə çap olunur. Bununla da ulu öndərin təklif və tövsiyəsi ilə başlanan işlər davam etdirilir, dünyanın müxtəlif ölkələrindən gətirilən bu sənədlər bundan sonra daha dərindən tədqiq olunacaqdır. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı nəşrlər xüsusi qeyd edilməlidir. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası belə fundamental əsərlərdən biridir və bu dövrə aid onlarla digər kitablar da çap olunmaqdadır. Lakin cümhuriyyət irsi o qədər zəngindir ki, hələ uzun illər öyrəniləcək, Azərbaycanın keçmişinə işıq salmaqla yanaşı, gələcəyinə də körpü salacaq və yol göstərəcəkdir.
Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrdə olduğu kimi, cümhuriyyət irsinə münasibətdə də ulu öndərin yolunu davam etdirir, bu tarixdən öyrənməyi, eyni zamanda, onu zənginləşdirməyi unutmur və görülən işləri - həm iqtisadi, həm siyasi, həm də tarixə, keçmişimizə, mədəniyyətimizə münasibətlə bağlı işləri ardıcıl və düşünülmüş şəkildə yerinə yetirir, bütün bu işlər bir-birini tamamlayaraq müstəqilliyimizi əbədiləşdirir.
Prezident İlham Əliyev haqlı olaraq deyir: “Azərbaycan xalqı daha da gözəl şəraitə layiqdir və bu şəraiti bizim iqtidar, ulu öndər Heydər Əliyevin siyasəti təmin etmişdir... Azərbaycanın xoşbəxt gələcəyi üçün bu siyasət davam etdirilməlidir. Müstəqillik ən böyük xoşbəxtlikdir, ən böyük sərvətdir. Biz müstəqilliyi qoruyuruq və qoruyacağıq”.

Süleyman İSMAYILOV,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, YAP Siyasi Şurasının üzvü