Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik İsa Həbibbəyli: Ulu öndər Heydər Əliyev ədəbiyyatı xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib

07 May 2018
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycandan çıxan dünya miqyaslı siyasi lider olduğunu qeyd edib. İsa Həbibbəyli bildirib: “Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirib və inkişaf etdirib. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf edib və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş verib. Bu isə nəticə etibarilə Azərbaycanda cəmiyyət həyatında ümummilli ideallar uğrunda mübarizənin böyük hərəkat səviyyəsinə qaldırılmasına gətirib çatdırıb”.

Akademik qeyd edib ki, bu günə qədər Heydər Əliyevin ədəbiyyata qayğısından çox yazılsa da, bu mövzu bitməyib. Amma “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklərdən ideala” kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazı tədqiqata cəlb edilib.

Konfransda AMEA-nın müxbir üzvü Tehran Mustafayev “Folklorda və bədii nəsrdə Heydər Əliyev obrazı”, filologiya elmləri doktoru Əlizadə Əsgərli “Heydər Əliyevin obrazı ədəbi fikirdə”, filologiya üzrə elmlər doktoru Elnarə Akimova “Poeziyada Heydər Əliyevin ədəbi-filoloji portreti”, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Uşaq ədəbiyyatında Heydər Əliyev obrazı” və filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova “Heydər Əliyevin bədii portreti bədii-sənədli janrda” mövzularında məruzə ilə çıxış ediblər.