Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Seulda Azərbaycan-Koreya milli geyimlərinin dəfiləsi keçirilib

07 May 2018
Seulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan Azərbaycan - Koreya milli geyimlərinin dəfiləsi keçirilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin və Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi, Koreya Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəylinin hazırladığı milli geyimlərimiz, modelyer Ham Yun-conqun hazırladığı Koreya milli geyimləri nümayiş etdirilib.

Seulda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin, nüfuzlu şirkətlərin və ali təhsil ocaqlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə çıxış edən səfir Rəmzi Teymurov bu il dövlətçilik tariximizdə əlamətdar hadisə olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğunu bildirib. O, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığını, buna baxmayaraq, xalqımızın azadlıq ideyalarının və müstəqillik arzusunun sarsılmadığını, 1991-ci ildə dövlət müstəqilliyimizi yenidən bərpa etdiyimizi diqqətə çatdırıb.

Səfir R.Teymurov ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasının hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd olunub ki, mədəniyyəti, təbii sərvərləri və insan resursları ilə zəngin olan Azərbaycan həm iqtisadi, həm də hərbi baxımdan regionun ən güclü ölkəsinə çevrilib.

Diplomat uğurlu xarici siyasət nəticəsində Azərbaycanın Koreya da daxil olmaqla, dünyanın demək olar ki, bütün ölkələri ilə dostluq münasibətləri qurmağa nail olduğunu, Azərbaycanın dost və tərəfdaş dövlətlərə ikitərəfli əlaqələri genişləndirmək və möhkəmləndirmək siyasətini rəhbər tutduğunu bildirib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Seulda bir sıra silsilə tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran diplomat bu çərçivədə keçirilən milli geyim dəfiləsinin Azərbaycanın zəngin mədəniyyət nümunəsi olan milli geyimlərinin Koreya ictimaiyyətinə tanıdılması üçün əlverişli bir imkan kimi dəyərləndirib.

Qeyd olunub ki, milli geyimlərimiz qədim tarixə malik xalqımızın maddi və intellektual mədəniyyətinin məhsuludur.

Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conq tədbirin Azərbaycan səfirliyinin təşəbbüsü və yaxın əməkdaşlığı nəticəsində həyata keçirildiyini diqqətə çatdırıb, Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. O, Koreya Mədəniyyət Assosiasiyasının Koreya mədəniyyətinin dünyada, dünya mədəniyyətinin isə Koreyada tanıdılması və təbliğinə xidmət etdiyini, Koreyanın mədəniyyət mübadiləsi yolu ilə digər ölkələrlə əlaqələrinin inkişafı istiqamətində səylərini davam etdirəcəyini deyib.

Ce-min Conq Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunmuş dəfilənin Azərbaycan mədəniyyətini daha yaxından tanımaq üçün bir platforma rolunu oynayacağına ümidvar olduğunu bildirib.

Seulun ən çox ziyarət edilən sərgi mərkəzi olan COEX-də təşkil olunan dəfilədə Azərbaycan milli geyimləri ilə yanaşı, Azərbaycana dair təbliğat videosu, Ermənistanın işğalı altında olan ərazilərimizdəki tarixi abidələr - Şuşa qalası, Ağdam məscidi, Ağdam Çörək Muzeyi, eləcə də ölkəmizin tarixi və mədəniyyət abidələrinin fotoları nümayiş etdirilib.

Sonda azərbaycanlı və koreyalı modelyerlərə təşəkkür diplomları təqdim edilib.