Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ADA Universitetində ənənəvi “Hacı Zeynalabdin Tağıyev” mükafatının qalibləri müəyyənləşib

07 May 2018
ADA Universitetində “Hacı Zeynalabdin Tağıyev” mükafatının “təqdimetmə mərasimi keçirilib. Məşhur xeyriyyəçinin adını daşıyan mükafat tələbə icmasının “ən sosial məsuliyyətli vətəndaşları”na verilir. Bu, universitetin sevilən ənənələrindən biridir. Tələbələr seçdikləri mövzu üzrə tədris ili boyu qrup halında işləyərək layihə formalaşdırır və konkret nəticələrin əldə edilməsinə çalışırlar. Layihələrin cəmiyyətdə müsbət dəyişikliyə təkan verməsi və dayanıqlılığı münsiflər heyətinin qərarında əsas amildir.

ADA Universitetindən AZƏRTAC-a bildiriblər ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına vətəndaşlıq dəyərlərini təşviq edən 14 tələbə layihəsi namizəd görülüb. Üçüncü yerin qalibi paytaxtda sahibsiz küçə heyvanlarının öldürülməsinə qarşı “Bakı, onlara yaşamağa şans ver!” adlı məlumat kampaniyası olub. İkinci yeri universitetin ötən il təsis edilən “The ADA Chronicle” ilk tələbə qəzeti qazanıb. Birinci yerin qalibi isə “Xərçəngi ləğv edin!” azyaşlı onkoloji xəstələrə mənəvi dəstək tələbə kampaniyası elan edilib.

Mükafatlandırma mərasimində “Rektorun seçimi” də açıqlanıb. Bütün namizəd layihələrlə tanışlıqdan sonra ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tələbələrin Bakının orta məktəblərinin yuxarı sinif şagirdləri üçün kritik düşüncə tərzi və liderlik qabiliyyətlərinin artırılması üzrə keçirdikləri “Məktəb səfirləri” adlı silsilə dərslərini bəyənib.

Qaliblər mükafatlandırılıblar. ADA Universitetinin tələbə icmasının bayramını universitetin sosial məsuliyyət layihələri üzrə tərəfdaşları “Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti və Bakı Avropa Liseyi də təbrik edib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə çıxışında bildirdi ki, bu il “Hacı Zeynalabdin Tağıyev” mükafatına təqdim edilən tələbə layihələrinin əsas hissəsi təhsil və maarifləndirmə səyləri ilə bağlı olub. Bu, bizi çox sevindirir və ADA Universitetinin Azərbaycan cəmiyyətinə məhz təhsil vasitəsilə müsbət dəyişikliklər gətirmək cəhdlərinin nəticə verdiyini göstərir.