Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ali mənəviyyat sahibi

06 May 2018
 

Bismillahir-rəhmanir-rəhim! 

Bu, bir həqiqətdir ki, Azərbaycan Respublikasının və xalqının həyatın bütün sahələrində yüksəliş və intibahının memarı olan Heydər Əliyev həzrətləri kimi dahi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, xilaskarı olan ulu öndərimizin həyatı boyu Azərbaycan naminə xidmətləri misilsizdir.
Dahi şəxsiyyət olaraq mədəni-mənəvi dəyərlərin xalqın tərəqqi və rifaha qovuşmasında əhəmiyyətini gözəl dərk edən ulu öndər hər zaman ümumxalq mənafeyi, dövlətçilik maraqları naminə bu dəyərli xəzinədən bəhrələnir, ona qayğı ilə yanaşırdı. Ölkəmizin yaşadığı çətin zamanlarda ulu öndər dövlət quruculuğu və müstəqilliyimizin möhkəmləndirilməsi kimi ümdə məsələlərlə yanaşı, milli-mənəvi həyatın inkişafına xüsusi diqqət yetirirdi.
Heydər Əliyev ümummilli lider missiyasında ölkəmizi etnik separatçılıq, dini zəmində parçalamaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayri-seçkiliyi salmaq istəyənlərin niyyətlərini puç edərək dövlətçiliyimizi xilas etdi. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə ulu öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsasını yaratmış oldu.
Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, millətə xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması durur. Heydər Əliyevin dövlətçilik, siyasi rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub. Və mən bunun şəxsən şahidi olmuşam.
Mənim həyatım boyu yaddaşımdan silinməyəcək xatiratım Heydər Əliyev həzrətlərinin Məkkə ziyarəti ilə bağlıdır. Dünyanın ən müqəddəs yerində, yalnız seçmə insanların ayaq basdığı Kəbə evinin daxilində Azərbaycan Prezidenti bir Böyük Ata kimi Allahdan millətimizi hifz etməsini, xalqının bəlalardan qurtulmasını diləyir, dövlətimizin müstəqillyinin əbədi, yaşayışımızın firavan və xeyir-bərəkətli olmasını arzulayırdı. O, bu müqəddəs səfəri ömrü boyu arzuladığını dilə gətirmişdi.
Heydər Əliyev qəlbən hər zaman imanlı insan olmuşdur - mən bunu Heydər Əliyevin oğlu İlhamın müsəlman qaydası üzrə kəbinini kəsərkən də, mərhumə Zərifə xanımın vəfatı zamanı ateizm rejiminin qadağalarına baxmayaraq dini duanı oxumağım üçün xüsusi şərait yaradılmasında sonra israrına şahid olduğum zamanlarda da hiss etmişəm.
Vətənə qayıtdıqdan sonra ömür-gün yoldaşının Bakıda müsəlman dininin qaydalarına uyğun dəfn edilməsi yönündə səylərini, bir din xadimi kimi mənimlə məsləhətləşmələrini xatırlayıram. Onun Allah sevgisi, dinimizin qaydalarına ehtiramla yanaşması, ilk növbədə, təbii ki, ailəsindən, mömin valideynlərindən qaynaqlanmışdı. O, bu sevgini həyatın bütün keşməkeşli dövrlərində hifz edərək, daha da dərinləşdirməyə, kamilləşdirməyə nail olmuşdu.
Sonralar Heydər Əliyevin səy və iradəsi hesabına müqəddəs dəyərlərin dirçəldilməsi, dini məbədlərin bərpası, dövlət rəhbərimizin mərasimlərdə fəal iştirakını gördükcə bir daha hamıya bəlli olurdu ki, illər uzunu hökm sürən ateist təbliğatı onun qəlbinin dərinliklərində kök salmış Allah sevgisinə zərrə qədər xələl gətirməmişdir, bu sevgi övladlarına da sirayət etmiş, onlar da öz müqəddəs dinlərinə ehtiram ruhunda tərbiyə olunmuşlar.
Bilirsiniz, “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” - sözləri Heydər Əliyev həzrətlərinin dünyalar qədər sevdiyi Azərbaycanın gələcək səadətinin təməlində müqəddəs dinimizin oynayacağı rolu uzun illər əvvəldən düşündüyünü göstərir, islam dəyərlərinə sədaqətindən xəbər verir.
Əlbəttə, dininmizin dirçəldilməsi, dini dəyərlərə qayıdış sahəsində baş verən dəyişikliklər müstəqilliyimizin uğurları ilə əlaqədardır. Lakin bu da şəksizdir ki, demokratik prinsiplərə arxalanan dini etiqad azadlığı və müqəddəs islami dəyərlərin təşəkkülü məhz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, müstəqillik qazandıqdan sonra Azərbaycanda islama heç də birmənalı münasibət bəslənmirdi. Məhz Heydər Əliyevin prezidentliyi dövründə islam xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Heydər Əliyev müdrik dövlət başçısı kimi islamın əsl mahiyyətini dərindən duyur, onun millətin inkişafında, mənəvi intibahında, yüksək məqsəd və amallar uğrunda sıx birləşməsində əvəzsiz rolunu dərk edirdi.
Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı - Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, bu gün tariximizin şüarına dönmüş: “Allahın yolunda hamımız bir olaq!” sözlərini dedi. İlk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası haqqında oldu. Sonralar növbəti ziyarətlərindən biri Aşura mərasimi gününə təsadüf etdi. Müstəqil Azərbaycanda hakimiyyətə qayıdışından sonra ilk dəfə Peyğəmbər Salavatullahın Mövludu günündə, Aşura mərasimində Təzəpirə təşrif buyurması ilə dinimizə ehtiramını və xalqımızın həyatında dini dəyərlərə verdiyi önəmi əyani şəkildə nümayiş etdirdi.
Qismət belə gətirdi ki, Heydər Əliyevin nəşi məhz Təzəpir məscidindən islami qaydalara uyğun şəkildə qaldırıldı, Ər-Rəhman surəsinin sədaları altında dünyada hər şeydən artıq sevdiyi doğma Vətən torpağına tapşırıldı.
Bibiheybət məscidi ilə bağlı Heydər Əliyev həzrətlərinin göstərdiyi həssasiyyət xüsusi önəm kəsb edir. 1994-cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Prezident Heydər Əliyev mütəmadi şəkildə buraya baş çəkərək, işlərin layihələndirilməsindən başlayaraq tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxladı. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev həzrətləri 1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Həmin an onun sevincinin həddi-hüdudu yox idi desəm, yanılmaram. Qədirbilən xalqımız bu minarəni “Heydər minarəsi” adlandırır. Sonradan da bu məkanda böyük quruculuq, bəzək işləri, kompleksin genişləndirilməsi işləri dövlət başçısının diqqət və qayğısı sayəsində davam etdirildi. Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyev həzrətlərinin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.
Bu, xalqının tarixi mənəvi irsinə, müqəddəs dininə ehtiram bəsləyən müdrik liderin əsrlərə yadigar töhfəsi oldu.
Bibiheybət məscidinin Heydər minarəsindən səslənən azan səsi Azərbaycanda dini-mənəvi dəyərlərə sədaqət və ehtiramın carçısına çevrilib. Ölkə həyatının bütün sahələrində təməli Heydər Əliyev tərəfindən qoyulmuş nəhəng işlərin bəhrələri bu gün Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına xidmət edir. Ulu öndərin ruhu şad olsun! Azərbaycan dövləti, milli mənəviyyatımız mövcud olduqca, Bibiheybət ziyarətgahı yaşadıqca Heydər Əliyev Azərbaycan xalqı ilə ruhən birgə yaşayacaqdır.
Ən maraqlı məqamlardan biri Azərbaycan Prezidentinin andiçmə mərasimində Ana Qanun olan Konstitusiyamızla yanaşı, müqəddəs Kitabımız Qurani-Kərimin yanaşı, qoyulması oldu. Bəli, bu dəyərli ənənənin də əsasını qoyan müdrik Heydər Əliyev oldu. O zaman - 1993-cü ildə mən çətinliklə əldə etdiyim və uzun illər boyunca qoruyub saxladığım, vaxtilə Nadir şaha məxsus olmuş nadir və nəfis Quran kitabını məhz təntənəli andiçmə mərasimi üçün təqdim etdim. Ulu öndərin həmin gün öpüb and içdiyi həmin Quran kitabı uzun illər boyu Prezident Heydər Əliyevin iş otağında oldu, hal-hazırda da dövlətçilik tarixi muzeyində dəyərli eksponat olaraq qorunub saxlanılır. Bu, Heydər Əliyev şəxsiyyətinin dinə, dini dəyər və atributlara yüksək ehtiramının dəyərli göstəricisidir.
Şükürlər olsun ki, Azərbaycanda hər il Ramazan ayını onun müqəddəsliyi və mübarəkliyinə layiqli şəkildə yaşamaq, onu dünya müsəlmanları ilə birgə bayram etmək imkanına malikik. Bu bayramda dövlət başçısı ilə birgə olmaq, iftar süfrəsi ətrafında bir araya gələrək Ramazan sevincini paylaşmaq bir töhfədir və bu gözəl ənənənin əsasını da məhz Heydər Əliyev həzrətləri qoymuşdur və həmin ənənə bugünkü dövlət başçımız İlham Əliyev tərəfindən yaşadılır.
Heydər Əliyev həzrətləri islami dəyərlərin dirçəldilməsi məsələsinə əsaslı şəkildə yanaşırdı və bu məqsədlə “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumun keçirilməsi barədə olduqca əhəmiyyətli və məqamında sərəncam vermişdi. Bu, islam sivilizasiyasının Qafqazda yayılması tarixinə dair məsələlərin elmi şəkildə öyrənilməsinə böyük təkan verdi.
Təzəpir məscidində Həzrəti Peyğəmbər Salavatullahın mövludu günündə etdiyi çıxışında Heydər Əliyev: “Müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da yaşadığı çoxmillətli Azərbaycan Respublikası müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir” deyə bəyan etmişdi. Dinindən, dilindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarına doğma münasibət bəsləyən Heydər Əliyev həzrətləri illərin sınağından çıxmış adət və ənənələrə ehtiramla yanaşırdı, müxtəlif icmaların dini və milli bayramlarında həmvətənləri ilə birgə olur, onları təbrik edirdi. Məhz onun hakimiyyəti illərində - 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı yeparxiyası yenidən bərpa olundu. Bu, ölkəmizdə yaşayan pravoslav icmasının dini ehtiyaclarının qarşılanması yönündə böyük addım oldu. Jen-Mironosits kilsəsi bərpa olundu. Dünyanın nüfuzlu din xadimlərindən olan Moskva və bütün Rusiya Patriarxı II Aleksi, Ümumgürcüstan Patriarxı II İliya Azərbaycana təşrif buyurdu
2001-ci ildə məhz Heydər Əliyevin dəvəti ilə Roma Katolik kilsəsinin başçısı papa II İohan Pavel Azərbaycanı ziyarət etdi, azsaylı katolik icması üçün kilsə inşa edildi. Yeri gəlmişkən, bu günlərdə həmin ziyarətin 10 illiyi ilə bağlı Azərbaycanda olan Vatikan nümayəndə heyəti üzvləri ilə keçirdiyim görüşdə Heydər Əliyevin adı və xidmətləri böyük ehtiramla yad olundu. Azərbaycanda yaşayan yəhudi icması üçün yeni sinaqoq binası inşa etdirildi.
Qafqaz Müsəlmanları İdarəsi olaraq 1997-ci ildə “Allahın Lütfü, xalqın xilaskarı” mövzusunda keçirdiyimiz konfransda Azərbaycan vətəndaşları olan müxtəlif dini konfessiyaların nümayəndələri milyonlarla dindarın adından ölkədə dini etiqad azadlığının bərqərar olmasına görə Heydər Əliyev həzrətlərinə xüsusi minnətdarlıqlarını bildirdilər. Xoş haldır ki, Azərbaycandakı müxtəlif dini konfessiyalara münasibətdə bu ənənəvi münasibət dövlət başçımız İlham Əliyev həzrətləri tərəfindən bu gün də davam etdirilir.
Tale elə gətirib ki, mən Heydər Əliyevlə dəfələrlə xarici ölkələrdə səfərdə olmaq şərəfinə nail olmuşam. İstər İslam Konfransı Təşkilatı xəttilə keçirilən tədbirlərdə, istər beynəlxalq konfrans və zirvə görüşlərində, istərsə də rəsmi nümayəndə heyəti tərkibində etdiyim səfərlər zamanı, yol boyunca Heydər Əliyev şəxsiyyətinin hər zaman yeni, maraqlı cəhətlərini özüm üçün kəşf edirdim. Təbii ki, müxtəlif ölkələrdə Azərbaycanın dövlət başçısı Heydər Əliyevə bəslənən böyük hörmət və etimad hissi bizi çox qürurlandırırdı. Yalnız ona xas ardıcıllıq, comərdlik, güclü və davamlı iradə, fəhm, zəka, uzaqgörənlik, əsl dost olmaq bacarığı, düşmənə münasibətdə ötkəmlik, Vətən və millət təəssübünü hər şeydən üstün tutması kimi xüsusiyyətlər Heydər Əliyev şəxsiyyətini səciyyələndirən cəhətlər idi. Onun həyatını riskə ataraq 1990-cı ildə 20 Yanvar hadisələrinə öz kəskin reaksiyasını bildirməsi, Gəncə hadisələri zamanı göstərdiyi cəsarət və onlarca belə faktları misal çəkmək olar.
Tam səmimiyyətlə deməliyəm ki, fəaliyyətimdə əldə etdiyim uğurlar, o cümlədən milli-mənəvi dəyərlərin bərqərarı və inkişafı, din-dövlət münasibətlərinin təkmilləşdirilməsə, dinlərarası əlaqələrin tolerantlıq müstəvisində gerçəkləşməsi sahəsində əldə etdiyimiz müsbət nəticələr bilavasitə ulu öndər Heydər Əliyevin ənənələri ilə bağlıdır. Heydər Əliyev həzrətlərinin Azərbaycanda “dostum”, “qardaşım” deyə müraciət etdiyi yeganə şəxs kimi mən hər zaman böyük qürur duymuşam.
Əminəm ki, müstəqil Azərbaycanda dini-mənəvi dəyərlərə ehtiramlı münasibətin əsasını qoymuş ulu öndər Heydər Əliyevin ruhu şaddır. Onun Vətənimizin xoşbəxt gələcəyi naminə başlatdığı bütün işlər kimi müqəddəs dinimizə sonsuz ehtiramı da bu gün layiqli şəkildə davam edir. Ailə ocağında bu ənənələr yaşadılır, inkişaf etdirilir, müqəddəs iman işığı bu gün də çıraq kimi yanır. İstər möhtərəm İlham Əliyev həzrətlərinin, istərsə Mehriban xanım Əliyevanın fəaliyyətlərində biz bunun şahidi oluruq. Heydər Əliyevin başlatdığı ali mənəviyyat yolu nəinki davam edir, hətta yeni zirvələrə ucalır.
Bu gün biz ulu öndərimiz Heydər Əliyevin xatirəsini böyük məhəbbət, ehtiram və minnətdarlıqla yad edir, ruhuna dualar edirik! Allah onu Öz rəhmət və mərhəmətinə qovuşdursun, məkanı cənnət olsun!
Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh.

Şeyxülislam Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri, tarix elmləri doktoru, professor