Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ən böyük azərbaycanlı

05 May 2018
 

Qarşıdan xalqımızın dahi oğlu Heydər Əliyevin 95 illik yubileyi gəlir. Heydər Əliyev fenomeni Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Çünki Azərbaycanın 34 il dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nadir və görkəmli şəxsiyyətlərdən biri, qüdrətli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əlirza oğlu müasir tariximizin parlaq səhifələrini yazaraq, ölkəmizin inkişaf salnaməsində dərin iz qoyaraq sözün həqiqi mənasında onu qurub-yaradıb. Bu böyük şəxsiyyət bütün dövrlərdə titanik zəhməti, tükənməz enerjisi, işıqlı zəkası və qətiyyətli iradəsi ilə xalqının, vətəninin, dövlətinin xidmətində dayanıb.
Bu mənada dövlətimizin, xalqımızın, hər birimizin taleyində Heydər Əliyev dühasının zərrəsi var. Bu faktın özü hər birimiz üçün qürur və iftixar mənbəyidir. Ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, əməlləri, yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaradıb. Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq həm də əsl dövlət idarəçiliyi məktəbinə çevrilib, milli dövlətçiliyimizin ideya əsasını yaradıb. Bu günlərdə ən böyük azərbaycanlının 95 illik yubileyində biz ulu öndərin Azərbaycan tarixindəki roluna bir daha nəzər salmaqla əziz xatirəsinə öz sevgimizi və ehtiramımızı ifadə edirik.

 

Heydər Əliyev siyasi kursu layiqincə yaşadılır

 

Biz ulu öndər Heydər Əliyevin 95 illik yubileyini dövlətimizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edən digər hadisələrlə bir ərəfədə qeyd edirik. Aprel ayının 11-də Azərbaycanda prezident seçkiləri keçirildi. 11 aprel seçkiləri müdrik və qədirbilən xalqımızın öz taleyinə biganə qalmamasının, gələcək naminə dürüst seçim etməsinin, ən layiqli namizədə səs verməsinin əyani təsdiqi kimi tarixiləşdi. Xalqımız daxili inamına söykənərək ölkəni əlahiddə inkişaf yoluna çıxarmış siyasətin müəllifinə - cənab İlham Əliyevə səs verməklə ağı qaradan seçməyi bacardığını, ölkənin taleyinə biganə olmadığını göstərdi. Bu tarixi seçim həm də belə bir həqiqətin cəmiyyətdə obyektiv dərkidir ki, Azərbaycanın gələcək tərəqqisi, inkişafı məhz mövcud siyasi kursun davamlılığının təminatından asılıdır.
Bu tarixi seçim həm də belə bir həqiqətin təsdiqidir ki, Azərbaycanın inkişafının, dövlətçiliyinin daha da qüdrətlənməsinin əsas şərtləri və Heydər Əliyev yolunun uğurla davam etdirilməsi və bu yolda Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətdir.
Cənab İlham Əliyev bundan əvvəlki prezidentlik müddətlərində ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyasını yeni dövrün tələbləri, modern yanaşma ilə uğurla davam etdirməklə ümummilli liderin siyasi kursunun alternativsizliyini birmənalı təsdiqləmişdir.
Xalqın aprelin 11-dəki müdrik seçimi isə bir daha Heydər Əliyev siyasi kursunun Azərbaycanın yeganə nicat yeri olduğunu, milli inkişafda mühüm rol oynadığını növbəti dəfə təsdiqlədi. Hər bir vətəndaşın mənafeyi uca tutulmaqla həyata keçirilən bu siyasi kursun böyük ictimai etimada, dəstəyə malik olduğu növbəti dəfə sübuta yetdi.
15 ilin nailiyyətləri təsdiqləyir ki, ulu öndərin müstəqil Azərbaycanın gələcəyi üçün nəzərdə tutduğu bütün işlər böyük uğurla həyata keçirilir. Son 15 il ərzində Azərbaycanın sürətli inkişafı, enerji sahəsi ilə yanaşı qeyri-neft sektorunun önəmli şəkildə tərəqqisi, əhalinin aztəminatlı hissəsinin, bütövlükdə isə hər bir vətəndaşın maddi rifah halının yuksəlməsi, Azərbaycanın milli mənafeyinə cavab verən müstəqil xarici siyasətin yürüdülməsi Prezident İlham Əliyevin vahid siyasi platformaya söykənən, çoxşaxəli və genişmiqyaslı strateji xəttinin prioritet istiqamətləri olmaqla qazanılan uğurların göstəricisidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırdı, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratdı. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirdi və Prezident ətrafında daha da sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı ulu öndərin ruhu qarşısında mənəvi borcu saydı. Beləliklə, Heydər Əliyevin layiqli davamçısı kimi 2003-cü ildən sonra həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanı inkişaf yoluna çıxaran cənab İlham Əliyevin 2008 və 2013-cü illərin seçkilərində də layiqli qələbə qazanaraq Azərbaycan Prezidenti seçilməsi xalqımızın mütləq əksəriyyətinin seçkilərdə reallaşan arzusu kimi tarixiləşdi.
Beləliklə, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və genişmiqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı sayəsində son illərdə qazanılmış nailiyyətlər birmənalı şəkildə ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarına sadiqliyinin parlaq təcəssümü olmaqla hər bir Azərbaycan vətəndaşının qəlbində milli iftixar və ölkəmizin işıqlı gələcəyinə dərin inam hisslərini daha da gücləndirmişdir.
Danılmaz faktdır ki, qısa müddət ərzində Azərbaycanın bütün sahələrdə sürətli inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin yeni idarəetmə modeli sayəsində mümkün olmuşdur. Təsadüfi deyildir ki, dünyanın nüfuzlu ekspertləri və iqtisadçıları Azərbaycanın dinamik inkişafının səbəblərini də məhz İlham Əliyevin ölkəni elmi tədqiqatlara və strateji təhlillərə əsaslanan proqramlarla idarəetmə modelinin nəticəsi kimi qiymətləndirirlər.

 

Dövlətçilik tariximizə böyük ehtiramın nümunəsi

 

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf edir. Və biz hər iki yubiley barədə düşüncələrimizi bölüşərkən təbii olaraq müasir dövlətçiliyimizin yaranmasını, müstəqilliyimizin möhkəmləndirilməsini və bu yolda Heydər Əliyevin müstəsna tarixi xidmətlərini bir-birilə əlaqələndiririk. Çünki belə olmadan müasir Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması yarımçıq alınar.
100 il əvvəl cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətimiz cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxarmışdır”.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi.
Sovet illərində Azərbaycan formal olaraq müstəqil olsa da, əslində bu, əsarətdən başqa bir şey deyildi. Xalqın bütün milli-mənəvi dəyərləri əlindən alınmış, tamamilə yad ideologiyanın təsiri altına düşmüşdü. Üstəlik, zəngin iqtisadi potensialı, nefti olan Azərbaycan sadəcə ittifaqın xammal bazası rolunu oynayırdı. Amma ötən əsrin 70-ci illərindən başlayaraq hər şey dəyişdi. 1969-cu ildə Heydər Əliyevin rəhbərliyə başlamasından sonra xalqımız mənəvi dəyərlərinə sahib çıxdı, ölkə xammal bazasından istehsalçıya çevrildi. Heydər Əliyevin sayəsində tezliklə Azərbaycanı və onun mədəniyyətini bütün dünyada daha yaxından tanımağa başladılar. Hazırda müstəqil Azərbaycanın iqtisadi yüksəlişində baza rolunu oynayan sənaye və kadr potensialı ulu öndər Heydər Əliyevin o illərdəki məqsədyönlü, düşünülmüş, uzaqgörən fəaliyyəti sayəsində təşəkkül taparaq formalaşdı. Ulu öndər sanki Azərbaycanın gələcəkdə müstəqil dövlət olacağını hiss edirdi. Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Elə üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar verməsi ulu öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərirdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi demək idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən ulu öndər Heydər Əliyev demişdir: “Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir... Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk Xalq Cümhuriyyətinin varisidir”.
Müstəqilliyinin bərpasına nail olan müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldı, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 may gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Lakin 1991-ci ildən sonra hakimiyyət dairələrinin səbatsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoymuşdu. Ölkədə yaranmış anarxiyadan cana doymuş, ən başlıcası isə müstəqilliyimizin itirilməsindən ehtiyatlanan xalqın çağırışı və təkidli tələbi ilə 1993-cü ilin iyununda yenidən siyasi hakimiyyətə qayıdan və dövlətçiliyimizin sükanını öz etibarlı əllərinə alan ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Bu gün cəsarətlə demək olar ki, əgər belə bir məqamda Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan adlı məmləkət dünya xəritəsindən silinə bilərdi. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi bugünkü müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, Heydər Əliyev Cümhuriyyət tarixinin və o dövrdə yaşayıb fəaliyyət göstərmiş görkəmli insanların irsinin öyrənilməsinə böyük önəm verirdi. Bütün bunları rəhbər tutan ümummilli lider Heydər Əliyev 30 yanvar 1998-ci ildə Xalq Cümhuriyyətinin 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzaladı.
Bu gün Azərbaycanda gedən inkişaf prosesləri, dövlətimizin dünyada artan nüfuzu müstəqilliyimizin bəhrəsidir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev xalqımızın tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Məsələn, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın dövlət qayğısı ilə yüksək səviyyədə nəşri, İrəvan xanlığının tarixinin araşdırılması bunun parlaq təzahürüdür. Hər il 28 May-Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbullar təşkil olunur, bu əlamətdar günlə bağlı dövlətimizin başçısı xalqı təbrik edir. Bakıda Cümhuriyyətin şərəfinə ucaldılan abidənin açılması Azərbaycan hakimiyyətinin dövlətçilik tariximizə verdiyi qiymət kimi olduqca diqqətəlayiqdir. İstiqlaliyyət küçəsində qoyulan bu abidə adları Azərbaycan dövlətçiliyi ilə birgə tarixə düşən istiqlal mücadiləsi iştirakçılarının xatirəsinə ən böyük ehtiramdır.
Cənab Prezidentin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri, Məhəmməd Əmin Rəsulzadənin 130 və Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyləri haqqında verdiyi məlum sərəncamlar da tariximizə göstərilən böyük ehtiramın göstəriciləridir. Bu il həm də respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib. Ölkəmizdə və xaricdə keçiriləcək tədbirlər Cümhuriyyətin 100 illik yubileyini daha da təntənəli edəcək.

 

Mükəmməl sosial müdafiə sisteminin yaradıcısı

 

Böyük və güclü şəxsiyyətlər cəmiyyətdə, o cümlədən geosiyasi arenada baş verən hadisələrə çox ciddi təsir göstərir. Onların dünyagörüşü, uzaqgörənliyi, analitik düşüncə tərzindən irəli gələn həyat təcrübəsi və siyasi iradəsi hər hansı bir ölkənin inkişaf strategiyasının xüsusiyyətlərini müəyyənləşdirməklə həlledici məqamlarda gələcək üçün düzgün yol seçimini formalaşdırır. 1993-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı və ondan sonra ölkədə baş verən pozitiv yeniliklər bunu təsdiq edir. Təkcə onu demək kifayət edir ki, ümummilli liderin bu nadir keyfiyyətləri sayəsində mürəkkəb geosiyasi dövrdə ölkə vətəndaş qarşıdurması və hərc-mərclik, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarıldı, inkişafın və əsl müstəqilliyin təməli qoyuldu.
O zaman yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu hüquqi aspektdə demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi də asan və rahat olmayacaqdı. Əslində, Azərbaycanda dövlətin transformasiyası totalitar rejimdən demokratik cəmiyyətə keçidi təmin etməyə istiqamətlənmişdi. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi, bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.
Beləliklə, Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra dövlətçiliyin qüdrətlənməsinə, rifahın yaxşılaşmasına xidmət edən dövlət quruculuğu xəttini daha böyük ardıcıllıqla həyata keçirməyə başladı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs, islahatlar sosial siyasətə təsirsiz ötüşmədi. Çünki sosial ədalət olmayan yerdə inkişafdan, yüksəlişdən söhbət gedə bilməz. Məhz bundan irəli gələrək ulu öndər Heydər Əliyevin çoxillik siyasi fəaliyyətində və zəngin nəzəri irsində sosial ədalət anlayışı daim həlledici yer tutub. Onun sözügedən problemə həssas münasibəti hələ Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edən məşhur “Qoy ədalət zəfər çalsın” çağırışında qabarıq şəkildə əks olunurdu. Sosial ədalət pinsipi bütün dövrlərdə Heydər Əliyevin siyasi rəhbərliyinin başlıca leytmotivi olub, onun əsas qayəsini və məzmununu təşkil edib.
Heydər Əliyev sosial ədalətin pozulmasını cəmiyyətin və dövlətin üzləşdiyi ən böyük bəla sayırdı. “Dövlət o zaman zəifləyir ki, ədalət pozulur” sözləri də ulu öndərin ədalət haqqında baxışlarının geniş prizmaya malik olduğunu sübuta yetirir. Sosial ədalət prinsipinin qorunması cəmiyyətin harmoniyasının təmin edilməsi baxımından əhəmiyyətli olduğu qədər də, siyasi sistemin dayanıqlılığının vacib şərtidir. Bütün bunları rəhbər tutan ulu öndərin 1993-cü ildən sonra başladığı yeni dövlət quruculuğu konsepsiyasında vətəndaşların sosial rifahının yüksəldilməsi, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat başlıca məqsəd kimi elan olundu.
Heydər Əliyevin hakimiyyətə gəlişinədək ölkədə populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ayrı-ayrı sosial stratlara ünvansız, ehtiyaclarını dəqiqliklə qiymətləndirmədən pensiyaların, güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu. Bu baxımdan Heydər Əliyevin başladığı sosial siyasətin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi əsaslara söykənməsidir.
Güclü dövlət ideyasına sadiq qalan Heydər Əliyev ilk öncə sosial problemlərin həlli sahəsində dövlətin aparıcı rolunun artırılmasına xüsusi diqqət yetirirdi. Bunu 1994-cü il 15 iyun tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” fərman da sübut edir. Bu sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsində yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 1994-cü il 24 oktyabr tarixli növbəti sənədi imzaladı. Bu sənəd əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına yol açdı.
Sosial siyasət sahəsində daha əhəmiyyətli addımlar yalnız ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən, möhkəm dövlətçiliyin yaradılmasından sonra atıldı. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında” və s. qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.
Heydər Əliyevin həyata keçirdiyi sosial siyasət xalqın rifahının yüksəldilməsinə və sosial müdafiəsinə xidmət etməklə Azərbaycanın dövlət quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil etdi. Ona görə sosialyönümlülük faktorunun daim ön plana çəkilməsi Azərbaycanın dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin ən önəmli cəhətlərindən biridir. Ölkəmizdə həyata keçirilən sosial siyasətin parametrlərindən bəhs edərkən əsas cəhətlər kimi, sosial müavinət sisteminin sığorta pensiya sistemindən ayrılması sahəsində həlledici addımların atılması və buna xidmət edən “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanunlarını qeyd etmək olar. 3 pilləli struktura əsaslanan əmək pensiyaları sistemi formaşlaşdırıldı. Nəticədə həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemindən vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sisteminə keçid təmin olundu.

 

Sosial müdafiə sisteminin islahatçısı

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş.
Təsadüfi deyil ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyi konsepsiyası sosial ədalət prinsipinin ön planda saxlanılmasını nəzərdə tutur. Azərbaycan dövlətinin sosial rolunun durmadan artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş layihələrin miqyaslarının genişlənməsi və bu qəbildən olan digər hadisələr fikrimizi təsdiq edən tutarlı dəlillər sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin “Sosial ədalət bizim üçün xüsusi önəm daşıyır” fikri cəmiyyətimizin həyat fəaliyyətində sosial ədalət prinsipinin nə dərəcədə vacib rol oynadığını sübuta yetirir.
Qürur hissi ilə qeyd etməliyik ki, dövlət başçısı tərəfindən digər sahələrdə olduğu kimi, sosial sferada da həyata keçirilən siyasətdə varislik, eyni zamanda novatorluq özünü aydın şəkildə nümayiş etdirməkdədir. Azərbaycan xalqının iradəsi əsasında İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən sonra həyata keçirdiyi siyasətin mühüm cəhətlərindən biri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi olub. Bu mənada, Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra imzaladığı ilk fərman və sərəncamlar sırasında ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlərin xüsusi yer tutması tamamilə təbii xarakter daşıyırdı. Digər tərəfdən, elmi-nəzəri, iqtisadi əsaslara söykənməsi, sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil etməkdədir. Göstərilənlər fonunda Prezident İlham Əliyevin imzaladığı ilk sənədlər sırasında yer alan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” fərman və regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı ölkə iqtisadiyyatının daha intensiv inkişaf etməsini ehtiva etməklə yanaşı, nəticə etibarilə əhalinin sosial müdafiəsinin getdikcə güclənməsinə xidmət etdi.
Sonrakı illərdə də dövlət başçısı tərəfindən əhalinin etibarlı sosial müdafiəsinə xidmət edən çoxsaylı fərman və sərəncamlar verilmiş, qəbul olunmuş bir çox dövlət proqramlarında bu məsələ hər zaman əsas planda yer almışdır. Buna misal olaraq “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” və digər vacib sənədləri göstərmək olar.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ümummilli liderin inkişaf strategiyasının uğurlu davamı sosial sferada da özünü qabarıq büruzə verərək bu sahənin tərəqqisini daha dinamik hala gətirmişdir. Ölkəmizin malik olduğu iqtisadi potensialın daha da gücləndirilərək onun kompleks şəkildə səmərəli reallaşdırılması nəticəsində əməkhaqları və pensiyaların, digər sosial müavinətlərin mütəmadi artırılması, yeni iş yerlərinin açılması və bunun daha çox qeyri-neft sektorunu əhatə etməsi vətəndaşların sosial müdafiəsini davamlı olaraq yaxşılaşdırmışdır.
Bu baxımdan son 15 il Azərbaycanda iqtisadiyyatın dinamik inkişafı, dövlət proqramlarının icrasının uğurla davam etdirilməsi ilə yanaşı, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Sosial müdafiə tədbirləri hətta dünya iqtisadiyyatının böhranlı günlərində belə, uğurla davam etdirilib. Bu gün də dövlət siyasətinin başlıca istiqamətlərindən birini də əhalinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir. Həyata keçirilən düşünülmüş sosial siyasət əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.

 

Ünvanlılıq və məşğulluq

 

Hazırda ölkəmizdə aztəminatlı əhaliyə ünvanlı sosial yardımların verilməsindən başlamış əlillərin, müharibə veteranlarının, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına qədər bütün sosial müdafiə tədbirləri müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın sürətli iqtisadi inkişafı və büdcə gəlirlərinin davamlı artımı sosial xərcləri də müntəzəm artırmağa, yoxsulluğun səviyyəsini son 15 ildə dəfələrlə aşağı salmağa, sosial təminat sistemini möhkəmləndirməyə imkan yaradıb.
Ölkəmizdə diqqət yetirilən mühüm məqamlardan biri sosial müdafiə sahəsində ünvanlılıq prinsipinin gözlənilməsi olmuşdur. Bunun nəticəsi olaraq ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar qəbul olunaraq icraya yönləndirilib, sosial müdafiəyə daha çox ehtiyacı olanlara dövlət tərəfindən yardımların göstərilməsi əsas məqsədlərdən birini təşkil etmişdir.
Bütün bunlar bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına xidmət edən vacib məqamlara çevrildi və zaman bu islahatların nə dərəcədə doğru olduğunu sübuta yetirdi.
Sosial siyasətdə vacib cəhətlərdən olan əhalinin sağlamlığının qorunmasının daha güclü mexanizmlərinin yaradılmasına da daim ehtiyac duyulur. Tibbi sığorta sistemi vasitəsilə tibbi yardımın göstərilməsi bir sıra üstünlüklərə malikdir. İcbari tibbi sığortanın tətbiq olunması və yeni idarəetmə üsullarının yaradılması Azərbaycanda səhiyyənin maliyyələşdirilməsi zamanı yaranan problemlərin aradan qaldırılmasının ən real yollarından biridir. İcbari tibbi sığorta səhiyyə sistemi üçün əlavə gəlir mənbəyinin yaranmasına imkan verir. Bu eyni zamanda vətəndaşların daha keyfiyyətli tibbi xidmətlərdən istifadə etməsi imkanlarını artırır.
Məşğulluq, əhalinin işlə təminatı sosial siyasətin olduqca vacib tərkib hissəsidir. Çünki məşğulluq əhalinin müəyyən hissəsinin sosial problemlərini öz əməyi hesabına həll etməsinə imkan yaradır. Əhalinin işlə təminatına nail olmaqla dövlət sosial məsrəflərin müəyyən qismini aztəminatlılara, işsizlərə, pensiyaçılara və əlillərə yardıma istiqamətləndirə bilər.
Sovet dövründə də Azərbaycanda xeyli dərəcədə işsizlik var idi. Obyektiv və sübyektiv səbəbdən isə 1990-cı ildən başlayaraq Azərbaycanda işsizlik ardıcıl olaraq artmışdı. Sonrakı dövrdə, bazar iqtisadiyyatına keçidlə bağlı iş yerlərinin kəskin azalması müşahidə olundu. Ölkədə istehsal olunan məhsulların satış bazarlarının itirilməsi, xarici müəssisə və firmaların öz məhsulları ilə ölkə bazarına daxil olması, müstəqilliyimizin ilk illərində hakimiyyətə gələn iqtidarların hər sahədə olduğu kimi, sosial siyasətdə də məsuliyyətsizliyi işsizlərin sayının kəskin şəkildə artmasına səbəb oldu. İşsizlik işçi qüvvəsinin ölkədaxili və ölkəxarici miqrasiyasını da gücləndirirdi. Ona görə əhalinin müəyyən qismi sosial vəziyyətini yaxşılaşdırmaq yolunu şəhərdə axtarmağa başladı. Bu isə şəhər əhalisinin artmasına səbəb oldu.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mövcud iqtisadi tənəzzülün dayandırılması, torpaq islahatlarının həyata keçirilməsi, kənd təsərrüfatında yeni mülkiyyət formalarının meydana çıxması, aqrar istehsalın stimullaşdırılması əhalinin məşğulluğunun artmasına stimul verməklə yanaşı, ölkədaxili və xaricə miqrasiyanın azalmasına müsbət təsir göstərdi. Ötən 15 ildə isə Azərbaycanda həyata keçirilən dövlət proqramlarının nəticəsi olaraq əhalinin məşğulluğunun təmin edilməsi və həm də əhalinin kəndlərdən şəhərə axınının, həmçinin iş dalınca xarici ölkələrə üz tutmasının qarşısının alınması istiqamətində böyük uğurlar əldə olunub “Azərbaycan Respublikasının məşğulluq strategiyası (2006-2015-ci illər)” bu məqsədə uğurla xidmət etmişdir.
Ölkəmizdə sosial sahənin inkişafı barəsində danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyildir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın əməyi sayəsində sosial həyatımızın ən müxtəlif sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə və s. sahələrdə ciddi uğurlar əldə olunmuşdur. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycanda yeni məktəb” layihəsi, şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan xəstəliklərindən olan talassemiya və hemofiliya xəstəliklərinin müalicəsi, qan təminatının yaradılması, milli musiqimizin inkişafı ilə bağlı fəaliyyəti həyatımızda özünün ciddi nəticələrini göstərməkdədir. Heydər Əliyev Fondunun ölkə miqyasında və ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi layihə və proqramlar günümüzün ritmi ilə səsləşən ən həssas məsələlərə həsr olunmuş, öz səmərəli fəaliyyəti ilə sosial problemlərin həllinə vətəndaş cəmiyyətinin gözəl nümunəsini bəxş etmişdir.
Sosial inkişaf prosesi cəmiyyət həyatının bütün sahələrini, insan qruplarını əhatə etdiyi üçün çoxşaxəlidir və xüsusi diqqət tələb edir. Son 15 ilin reallıqları göstərir ki, Azərbaycan dövlətinin bu məsələdə konkret və ünvanlı siyasəti var. Gələcəyə gedən yolun konturları isə bizim üçün indidən aydındır. Bu baxımdan yeni inkişaf siyasətinin nəticələri bizə perspektivə daha inamla və daha nikbin baxmağa imkan verir. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, ölkəmizin inkişafının daha da sürətlənməsini və nəticədə xalqımızın sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcək.

 

Hadi RƏCƏBLİ,
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, professor, YAP Siyasi Şurasının üzvü