Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər beyni yaşatmaq üsulu tapıblar

04 May 2018
 

Amerikada Yel Universitetinin neyrobioloqları beyni bədəndən kənarda yaşatmaq üsulu tapıblar.

AZƏRTAC “MIT Technology Review” nəşrində dərc olunan tədqiqatın nəticələrinə əsasən xəbər verir ki, professor Neyad Sestanın rəhbərliyi ilə aparılan eksperimentlər qəssabxanadan alınmış yüzlərlə donuzun başı üzərində aparılıb.

Alimləri ilk növbədə heyvanların beyni maraqlandırıb: onlar heyvanın başından götürdükləri beyində qan dövranını süni yollarla bərpa etməyə çalışıblar. Nəticədə tədqiqatçılar “BrainEx” adlı xüsusi sistem hazırlayıblar. Həmin sistem beyni onun müxtəlif hissələrinə oksigen çatdıran xüsusi mayenin dövr etdiyi qapalı qablara və borucuqlara qoşmağı nəzərdə tutur. Sistemin iş prinsipi belədir: heyvanın başı kəsildikdən təxminən dörd saat sonra alimlər “BrainEx”i beynə qoşurlar. Bundan sonra beyin 36 saat müddətində yaşamını davam etdirir. Bununla belə, elektrodlar şüuru bərpa edə bilmir, onu yalnız koma vəziyyətinə gətirə bilir.

Araşdırma müəllifləri gələcək tədqiqatlarda şüurun bərpasına da nail ola biləcəklərini güman edirlər. Onların fikrincə, indiyə qədərki tədqiqatlarda uğursuzluğa səbəb süni qanın tərkibində neyronların fəallığını zəiflədən çoxlu maddələrin olmasıdır. Professor N.Sestanin qənaətinə əsasən həmin sistem istənilən canlı orqanizmlə işləyə bilər.

Tədqiqat universitetin əxlaq komitəsində xeyli mübahisəyə səbəb olsa da, növbəti mərhələdə araşdırmalara insan beyninin cəlb edilməsinin mümkünlüyünə görə maraq doğurub.