Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA" Universitetində üçüncü İngilis Dili Olimpiadasının qalibləri müəyyənləşib

03 May 2018
Mayın 3-də “ADA” Universitetində “British Council” təşkilatı ilə birgə keçirilən 10-11-ci sinif şagirdləri arasında Akademik Məqsədlər üçün III İngilis Dili Olimpiadasının qalibləri elan olunub. Üç il əvvəl “ADA” Universitetinin “Fokus” tələbə klubunun təşəbbüsü kimi başlanan olimpiadanı bu il bir sıra təşkilatlar, o cümlədən Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və “Oxbridge Academy” dəstəkləyib.

“ADA” Universitetindən AZƏRTAC-a bildiriblər ki, olimpiadada Bakı şəhəri üzrə 188 məktəbdən 835 nəfər yuxarı sinif şagirdi iştirak edib. Olimpiadanın birinci mərhələsi “ADA” Universitetinin tərəfdaş məktəbi olan 132-134 nömrəli Təhsil Kompleksində keçirilib. Bu mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu qabiliyyətinə dair 50 yazılı sualı cavablandırıblar. Şagirdlərdən 94-ü müvəffəqiyyətlə ikinci mərhələyə keçib.

“ADA” Universitetində keçirilən ikinci mərhələdə isə şagirdlər yazı və dinləmə qabiliyyəti üzrə bacarıqlarını sınayıblar.

Qaliblərin mükafatlandırılması mərasimində “ADA” Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal bildirib ki, olimpiadanın nəticəsi kimi təkcə qalibləri deyil, təhsilin müxtəlif pillələrini təmsil edən qurumların birgə uğurlu əməkdaşlığını da göstərmək olar.

Mərasimdə çıxış edən “British Council” təşkilatının direktoru Elizabet Uayt, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə, Tələbə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “Oxbridge Academy”nın direktoru Nailə Rzayeva, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin direktoru Teymur Məmmədov yüksək nəticə göstərmiş məktəbliləri, onların ailə üzvlərini və təmsil etdikləri məktəblərin nümayəndələrini təbrik ediblər. Bildirilib ki, keçirilən olimpiada məktəblilərin ingilis dilini yüksək səviyyədə mənimsəmələrinə böyük təkan olub.

Sonra qaliblər mükafatlandırılıblar. Üçüncü yerin sahibi, 6 nömrəli məktəbin şagirdi Leyli Kərimli “ADA” Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50 faiz, ikinci yerə layiq görülmüş 93 nömrəli məktəbin şagirdi İlkin Bayramlı isə 75 faiz güzəşt əldə ediblər. Olimpiadanın əsas qalibi - Türkiyə Dəyanət Vəqfinin şagirdi Leyla İbrahimli isə Böyük Britaniyadakı “Lewis School of English” məktəbində ikihəftəlik ingilis dili kursunda iştirak edəcək. Olimpiada qalibinin müəlliminə də hədiyyə verilib. “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ona təlim proqramında ödənişsiz iştirak imkanı yaradıb.