Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“World Mining” jurnalında Azərbaycanın əlvan metal sənayesinə həsr olunan məqalə dərc edilib

03 May 2018
 

Mədən sənayesində dünyanın aparıcı və məşhur nəşrlərindən biri olan Böyük Britaniyanın “World Mining” jurnalında “Azərbaycanın əlvan metal sənayesi yeni inkişaf mərhələsində” başlıqlı geniş məqalə dərc edilib.

Məqalədə Azərbaycanda yaradılan əlverişli investisiya mühitindən, hökm sürən sosial-iqtisadi və ictimai-siyasi sabitlikdən, hökumətin qeyri-neft sektorunun inkişafını dəstəkləməsi və mədən sənayesinin perspektivlərindən geniş söhbət açılıb. Qeyd olunub ki, mədən sənayesində mövcud potensialı reallaşdırmaq üçün Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyətə ölkə ərazisində yerləşən perspektivli əlvan metal sahələrinin tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması həvalə edildiyi diqqətə çatdırılıb.

Məqalədə “AzerGold” QSC-nin Çovdar filiz emalı sahəsindən 2017-ci ildə 77,340 milyon dollar dəyərində qiymətli metal ixrac etdiyindən bəhs olunub. Bununla yanaşı, Avropanın ən iri polimetal yataqlarından biri olan Balakəndəki Filizçay yatağında aparılan qiymətləndirmə işləri, həmçinin Balakəndə yerləşən digər yataqda - Mazımçayda, Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd-Xanağa sahəsində, Göygöl rayonu ərazisində yerləşən Kürəkçay sahəsində, Şəmkir rayonu ərazisində yerləşən Qaradağ yatağında həyata keçirilən davamlı fəaliyyət jurnal səhifələrində işıqlandırılıb.

Korporativ Sosial Məsuliyyət beynəlxalq səviyyəli hasilatçı şirkətlərdə olduğu kimi, “AzerGold” QSC-nin fəaliyyətində də əhəmiyyətli yer tutduğuna görə məqalədə bu istiqamətə xüsusi diqqət ayrılıb. Çovdar filiz emalı sahəsində çalışan insanların əksəriyyətinin ətraf bölgələri təmsil etdiyi, yerli icmalarla mütəmadi görüşlərin təşkil olunduğu, onların sosial rifahının yaxşılaşdırılması üçün sosial dəstək layihələrinin icra edildiyi, ətraf mühitin mühafizəsi istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib.

Qeyd edək ki, “World Mining” jurnalının dünyanın 40-dan çox ölkəsində top-menecerlər, direktorlar və potensial investorları əhatə edən 70 mindən çox oxucu auditoriyası var.

 

“Azərbaycan”