Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsuda 44 min 760 nəfər sakin ödənişsiz tibbi müayinədən yararlanıb

02 May 2018
Ağsu rayonunda əhalinin ödənişsiz tibbi müayinəsi ilə əlaqədar keçirilən kampaniya müvəffəqiyyətlə davam edir və artıq 47 yaşayış məntəqəsində və 32 təşkilat və kollektivdə bu humanist aksiya başa çatıb.

Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ağsuda 18 yaşdan yuxarı 56 min 303 nəfər sakin var və onların 44 min 760 nəfəri bu humanist aksiyadan yararlanıb. Tibbi müayinədən keçənlərin 2834 nəfəri ambulator, 87 nəfəri stasionar müalicəyə cəlb edilib, 19 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Daha 114 nəfər Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

Sakinlərin kütləvi tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında və 8 kənd həkim məntəqəsində aparılır. Təşkil olunan 4 səyyar həkim briqadası tərtib edilən qrafik üzrə yerlərdə olur, habelə mərkəzi xəstəxanaya və məntəqələrə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.

Təmənnasız tibbi müayinədən yararlanan sakinlər bu xeyirxah aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıq edirlər. Ağsu sakini 68 yaşlı Vəliməmməd Nobatəliyev AZƏRTAC-ın müxbirinə deyib: “Pulsuz kütləvi tibbi müayinə insanların sağlamlığına xidmət edir. Bizim üçün belə bir imkan yaratdığına görə bu xeyirxah aksiyanın təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu təşəbbüs dövlətimizin başçısının vətəndaşlara olan diqqət və qayğısının parlaq təzahürüdür”.