Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin elm və təhsil komitəsinin iclasında bir sıra qanun layihələri müzakirəyə çıxarılıb

02 May 2018
Mayın 2-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri İsa Həbibbəyli gündəliyi təqdim edib. Bildirib ki, gündəliyə yeddi məsələ daxildir.

Əvvəlcə iclasda Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik texniki xarakterlidir. Diqqətə çatdırılıb ki, Əmək Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişiklik “Məktəbəqədər təhsil haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Sonra “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Təklif olunan dəyişikliyə əsasən təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Məktəbəqədər təhsil haqqında” Qanundan, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikasında məktəbəqədər təhsilin hüquqi, iqtisadi və təşkilati əsasları bu Qanun və “Məktəbəqədər təhsil haqqında” Qanun ilə tənzimlənir.

Bundan başqa, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Bildirilib ki, “Məktəbəqədər təhsil haqqında” Qanun 2017-ci il 14 aprel tarixdə qəbul edilib. Mövcud Qanundan fərqli olaraq yeni Qanunda bir sıra terminlərdən istifadə olunub, məsələn, “orta peşə ixtisas və texniki peşə təhsili” terminləri yeniləri ilə əvəzlənib. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunda vaxtilə istifadə edilmiş terminlər “Məktəbəqədər təhsil haqqında” Qanunda istifadə olunmuş terminlərə uyğunlaşdırılır.

Daha sonra “Ümumi təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupunun yaradılması barədə müzakirələr aparılıb. Deputatlar, həmçinin “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələrini nəzərdən keçiriblər. Bildirilib ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar gündəlikdəki bütün məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə edilib.