Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu Mir Cəlal Paşayevin 110 illik yubileyini “Xatirələr”lə qeyd edib

01 May 2018
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Pedaqoji Kollecdə görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib. O.Səmədov tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etmələrini yüksək dəyərləndirib.

Kollecin direktoru Qulu Novruzov Bilik Fondunun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin işini alqışlayıb və bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir.

Tədbirdə dərnəyin bədii rəhbəri, Əməkdar Artist Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub.

Tamaşada kollecin dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb. Obrazlar Mir Cəlal Paşayevin hekayələrinin ayrı-ayrı personajlarıdır. Ədibin özünün obrazı hekayələrinin personajları ilə yanaşı, tamaşa boyu səhnədə olur.

Tamaşanın Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində yeni istifadəyə verilmiş mədəniyyət evində göstərilməsi gözlənilir.