Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İkisi bir boyda olan… əkizlər

01 May 2018
Eyni gündə, eyni saatda dünyaya göz açan əkizləri bəlkə də möcüzə hesab etmək olar. Ölkəmizdə hər 1000 doğulan uşaqdan 11-i əkizdir. Buna genetik meyillik və ana olmağa hazırlaşan qadınların yaşının 30-dan yuxarı olması təsir göstərə bilər. Yəni qadın 35-40 yaşlarındadırsa, onun əkiz anası olmaq ehtimalı digərlərindən daha yüksəkdir.

AZƏRTAC xəbər verir ki, əkizlər eyni və müxtəlif yumurta əkizləri olmaqla iki yerə bölünür. Mütəxəssislərin verdiyi məlumata görə, eyni cinsli yumurta əkizləri həmişə eyni cinsli olurlar, yəni onların ikisi də mütləq ya oğlan, ya da qız doğulurlar və onların genotipi də əksər hallarda üst-üstə düşür.

Müxtəlif yumurta əkizlərinin mayalanmasında iki yumurta hüceyrəsi iştirak etdiyinə görə, onlar müxtəlif cinsli ola bilir. Fərq ondadır ki, həmin halda əkizlər bacı-qardaş kimi bir-birinə oxşayacaqlar və onların genləri yarıbayarı bir-birinə uyğun olacaq.

Pediatrlar əkizlərin öz aralarında ünsiyyət vasitəsi kimi istifadə etdiyi dil olduğunu söyləyirlər. Onlar danışmaq vərdişinə yiyələnib ana dilini öyrənənə qədər bir-birini həmin dillə anlayırlar. Əkizlərin təxminən 40 faizi həmin dildən istifadə edir, danışmağa başlayandan sonra həmin ünsiyyət forması aradan götürülür. Tibdə təsdiqini tapmasa da, əkizlərin qan qrupu və rezus faktorları daxil olmaqla maraq dairələri, hobbiləri, dünyaya baxışları, sənət seçimləri bir-birinə çox uyğun olur. Hətta fərqli mühitdə böyümüş olsalar da, həmişə eyni sahəyə maraq göstərirlər. Əkizlər arasında energetik əlaqə var və onlar bir-birlərini uzaqda olanda da hiss edir, ağrılarını duyurlar.