Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İmişlinin 47 yaşayış məntəqəsində kütləvi tibbi müayinələr başa çatıb

01 May 2018
İmişlidə əhalinin pulsuz kütləvi dispanserizasiyası başa çatmaq üzrədir. Artıq rayonun 49 yaşayış məntəqəsindən 47-də müayinələr yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya şöbələrində və laboratoriyada insanların tibbi müayinəsi üçün bütün imkanlar yaradılıb. Aksiya çərçivəsində müxtəlif ixtisaslardan ibarət 15 peşəkar həkim briqadası fəaliyyət göstərir. Humanitar aksiya rayon üzrə 95 min 754 nəfəri əhatə edir.

Rayon mərkəzi xəstəxanasının baş həkiminin birinci müavini Sərahim Məlikov bildirib ki, aksiyanın yüksək səviyyədə keçirilməsi üçün mərkəzi xəstəxana ilə yanaşı, 6 kənd və qəsəbə xəstəxanası, 67 nəfərdən çox həkim və orta tibb işçisi kampaniyaya cəlb olunub. Bu günə kimi 88 min 681 nəfər tibbi müayinədən keçirilib. Müayinələrdən keçirilmiş vətəndaşların 4933 nəfəri ambulator, 220 nəfəri isə stasionar müalicəyə cəlb olunub, 95 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Yerli şəraitdə müalicəsi mümkün olmayan 145 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.