Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev ideyalarının təntənəsi: müstəqil Azərbaycan yeni intibah mərhələsində

01 May 2018
 

Böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin fövqəlbəşər insanların daxili aləmini və gücünü ifadə edən məşhur bir kəlamı var: “Məndə sığar iki cahan, mən bu cahana sığmazam!” Doğrudan da bu dünyaya ülvi bir missiya - öz xalqına və bəşəriyyətə xidmət üçün gələnlərin əməlləri və fəaliyyəti qarşısında zaman və məkan çərçivələri əriyib yoxa çıxır.

Tarix sübut edib ki, belə taleyüklü, çətin və ağır, lakin şərəfli missiyanı sonadək daşıya bilmək heç də hər rəhbərin nəsibi deyil. Tanrının xalqımıza böyük lütfkarlıqla bəxş etdiyi ən dəyərli və fenomenal şəxsiyyətlərdən biri olan Heydər Əliyev isə bu vəzifənin öhdəsindən layiqincə gələ bilmiş və bənzəri olmayan bir lider, zamanın fövqündə dayana bilən xilaskar rəhbər kimi dövlətçilik tariximizin ən şanlı səhifələrini yazmışdır.
Heydər Əliyevin həyat və fəaliyyəti ilə azacıq da tanış olan hər kəs onun Azərbaycana rəhbərliyinin bütün mərhələlərində səy və bacarığının, təcrübəsinin, istedadının Azərbaycanın inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi sahədə çiçəklənməsinə həsr etdiyini yaxşı bilir. Bütün şüurlu həyatı, canı və qanı ilə bağlı olduğu doğma vətəninin azad və firavan bir ölkəyə çevrilməsi yolunda mübarizədə keçmiş ulu öndərin ölkə vətəndaşlarının rifahı və xoşbəxt gələcəyi, ləyaqətli həyat tərzinin bərqərar olması naminə göstərdiyi misilsiz xidmətlərin ölçüsü insan təxəyyülünə sığmayacaq qədər böyükdür.
Hakimiyyət sükanının arxasında durduğu ilk gündən geniş xalq kütlələsinin inam və etimadına güvənən, böyük idarəçilik səriştəsinə malik, siyası iradə, əzm və cəsarət sahibi olan Heydər Əliyev sələflərindən fərqli olaraq yenilməz nüfuzu və fövqəladə keyfiyyətləri sayəsində mövcud resursları ustalıqla səfərbər edərək Azərbaycanın suverenliyinin qarantına çevrildi, dövlətimizi və dövlətçiliyimizi qorudu, uçurumdan xilas etdi.
Görünən odur ki, sağlığında canlı əfsanəyə çevrilmiş, tarixi yaradan və onun fövqündə duran, sözünün çəkisi və sanbalı ilə kütləni arxasınca aparmağı, inandırmağı bacaran və Azərbaycanın yeni intibah mərhələsinin banisi sayılan ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaradaraq xalqı müstəqil və güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuşdur. Onun gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Azərbaycanda demokratiyanin inkişafı və insan hüquqlarının qorunması, milli qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi və sosial-iqtisadi islahatların reallaşdırılması, nəhəng transmilli layihələrin gerçəkləşdirilməsi, bir sözlə, ilk növbədə xalqın rifahının yüksəldilməsini hədəfləyən fəaliyyət sahəsindəki bütün uğurların kökü məhz Hedər Əliyevin ideyalarından qidalanır.
Ona görə də nəticə etibarı ilə ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illəri çoxəsrlik dövlətçilik tariximizin ən əhəmiyyətli dövrü kimi səciyyələndirmək olar. Bu mərhələdə Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, sabitlik və tərəqqi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi naminə əldə edilmiş bütün uğurlarımızın altında məhz Heydər Əliyevin imzası durur.
Bu mənada ümummilli liderin min bir əziyyətlə çalışıb ərsəyə gətirdiyi azad Azərbaycan, obrazlı desək, sevə-sevə əkib-becərdiyi bağın meyvəsindən sonadək dadmağa ömrü çatmayan, lakin bu işindən həzz alan kamil, qayğıkeş və müdrik bir bağbanın özündən sonra gələnlər üçün çəkdiyi zəhmətin bəhrəsinə bənzəyir. O, bizə kökü milli ideologiya bulağından su içən, möhkəm təməl üzərində dayanmış elə bir möhtəşəm miras qoyub ki, barından təkcə müasirlərimizə deyil, gələcək nəsillərə də əsrlər boyu pay düşəcək.
Əgər biz müstəqillik tariximizin dinamikasını qısaca nəzərdən keçirsək, aydın görərik ki, ulu Heydər Əliyev ideologiyasından doğan bu tərəqqi yolunda respublikamızın və xalqımızın özünə layiq bir gələcək qurmaqdan ötrü yeni fazaya uğurlu keçidi təmin olunmuşdur. Onun yönləndirdiyi strateji istiqamətlər bu gün yeni dövrün tələblərinə uyğun olaraq yüksələn xətlə inkişaf edir. Bu, bir reallıqdır ki, ulu öndər tərəfindən tam zamanında işlənib-hazirlanmış inkişaf konsepsiyası, xüsusilə ölkəmizin təbii sərvətlərinin əhalinin rifahı naminə səmərəli istifadəsi ilə bağlı prinsiplər əsasında tətbiq olunmuş neft strategiyası həm Azərbaycanın firavan ölkəyə çevirməsində, həm də beynəlxalq miqyasda sanballı mövqeyə çıxmasında xüsusi çəkiyə malikdir.
Çünki məhz bu nailiyyətlər üzərində formalaşmış potensial sonrakı dövrlərdə dünyada baş verən iqtisadi və maliyyə böhranlarının burulğanlarını uğurla dəf edərək onların təsirini minimuma endirməyə imkan vermiş və postneft erasını yaşayan Azərbaycan bu gün artıq yeni intibah mərhələsinə qədəm qoymuşdur. Kökü məhz ulu öndər Heydər Əliyev dönəmindəki iqtisadi və sosial dirçəlişə bağlı olan pozitiv dəyişikliklərin nəticəsidir ki, bütün maneələrə mətanətlə sinə gərərək qısa bir müddətdə inkişaf sürətinə görə dünyanın lider dövlətinə çevrilən Azərbaycan həmin göstəriciyə görə öncül mövqeyini bu günə qədər qoruyub saxlayır.
Bu cür ardıcıllıqla yürüdülən dövlət siyasəti bu mərhələdə yeni dövrün çağırışlarına cavab olaraq sosial-iqtisadi məsələlərdən tutmuş insan hüquq və azadlıqlarının təmin edilməsinə qədər həyatımızın bütün sahələrini əhatə edən və çox mühüm yüksəlişlərə təkan verən, ildən-ilə mütərəqqi ideyalarla daha da zənginləşməkdə davam edən yeni, mütərəqqi islahatlar konsepsiyasını gündəmə gətirmişdir. İlk növbədə insan amilinə söykənən bu dəyişikliklər və bu istiqamətdə qəbul olunmuş qərarlar Heydər Əliyevin vaxtilə hədəf seçdiyi və onun ideyalarına, düşüncələrinə uyğun yüksək standartlara malik cəmiyyətin qurulmasına, firavanlığın təmin olunmasına doğru mühüm addımların atılmasını şərtləndirir.
Bütün bunlar əhalinin ləyaqətli həyatının təmin olunmasını, insanların yeni düşüncə tərzinin formalaşmasını, qürurlu vətəndaş kimi yetişərək cəmiyyətin tamhüquqlu üzvü kimi yaradılmış imkanlardan sərbəst şəkildə istifadə etməsini hədəfləyir. Bu səviyyənin əldə olunması üçün insanların müasir, yüksək elmi və intellektual potensiala malik vətəndaş kimi yetişməsi bir zərurətdir. Qürurvericidir ki, bu istiqamətdə aparılan məqsədyönlü fəaliyyətin getdikcə daha böyük vüsət alması nəticəsində əldə olunmuş nailiyyətlər BMT-nin bu göstəriciləri özündə ehtiva edən inkişaf proqramının hesabatında insan potensialının inkişaf indeksinə görə Azərbaycanı bu siyahıda artıq yüksək dərəcəyə malik ölkələr sırasına yüksəldib.
Azərbaycanın uğurlarını şərtləndirən amillərdən biri də odur ki, öz fəaliyyətində hər zaman universal humanist dəyərlərə, demokratiya və fundamental insan hüquqları prinsiplərinə sadiqlik nümayiş etdirmiş Heydər Əliyevin tövsiyələrinə dönmədən riayət edən ölkə rəhbərliyi insanların hüquq və söz azadlığının etibarlı şəkildə təmin olunmasına xüsusi diqqət yetirir. Müasir inkişaf mərhələsində ortaya qoyulmuş belə konstruktiv mövqe sərbəst fikir mühitinin ən yüksək tələblərinə uyğundur və ədalətli vətəndaş cəmiyyətinin təşəkkül tapmasına hərtərəfli təminat verir. Bu baxımdan hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur ki, bu da son nəticədə hər bir vətəndaşın özünü cəmiyyətin azad və tamhüquqlu üzvü kimi tanıya bilməsi üçün əsaslı zəmin yaradır.
Bir-birini üzvi şəkildə tamamlayan çevik və ağıllı daxili və xarici siyasətin formalaşmasına zəmin yaratmış Heydər Əliyev siyasi kursunun etibarlı şəkildə inkişaf etdirilməsinin nəticəsidir ki, vaxtilə başqalarının təcrübəsindən öyrənən Azərbaycan bu gün artıq dünya ölkələrinə tolerantlıq nümunəsini, yeni nəsil dünya dövlətinin müasir modelini, sabitliyin və əmin-amanlığın düsturunu təqdim edir, dünyanın heç bir ölkəsində rast gəlinməyən Şərqlə Qərb dəyərlərinin unikal vəhdətini ortaya qoyur. Ən müxtəlif istiqamətlər üzrə və ən müxtəlif aktual mövzular ətrafında saysız-hesabsız mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilmiş ölkəmizdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları, “Formula-1” kimi möhtəşəm idman yarışlarının təşkil edilməsi bir daha müstəqil Azərbaycanın real imkanlarını və bacarığını ortaya qoymaqla yanaşı, onun müasir Avropa standartları ilə islam dəyərlərinə eyni dərəcədə sadiq dövlət olduğunu nümayiş etdirir.
Yeni intibah dövrünə qədəm qoymuş ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artmasına ciddi təsir göstərən amillərdən biri də Azərbaycandan start götürən qlobal layihələrin dünyada gedən siyasi-iqtisadi proseslərin sürətlənməsinə, beynəlxalq təhlükəsizlik siyasətinin inkişafında dünya dövlətləri arasında yüksək etimadın yaradılmasına verdiyi sanballı töhfə ilə bağlıdır. İşıqlı gələcəyə doğru inkişafın təməli sayıla biləcək bu irəliləyişlər ölkəmizin dünya birliyinə daha zəngin, daha modern və daha güclü Azərbaycanın təqdim olunmasını təmin edir.
Bütün bunların məntiqi nəticəsi olaraq regionun lider dövləti olan Azərbaycan bu gün dünya miqyasında böyük hörmət sahibi kimi öz mövqeyini cəsarətlə müdafiə edə bilir, regionun bəzi dövlətlərindən fərqli olaraq müstəqil siyasət yürüdür. BMT, Avropa Şurası, ATƏT, NATO kimi nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından onun sözü getdikcə daha ötkəm səslənir. Artıq dünyanın qüdrətli dövlətləri də bəzi qlobal məsələlərin həllində Azərbaycanla hesablaşmağın vaxtı çatdığını özləri üçün yəqinləşdiriblər. Çünki iqtisadi cəhətdən güclü, siyasi cəhətdən isə tam müstəqil dövlətə çevrilmiş Azərbaycan bu gün digər ölkələrdən heç bir formada asılı deyil. Əksinə, bölgə və hətta bəşəri əhəmiyyətli elə məsələlər var ki, burada Azərbaycanın mövqeyi vacib məqam kimi qəbul edilir. Ölməz Heydər Əliyev də bütün ali yüksəkliklərdə qürurla dalğalanan doğma Azərbaycan bayrağını öz xəyallarında belə zirvələrdə görürdü.
Bu həm də bizim hər birimizə bu ölkəyə mənsub olduğumuza, bu torpağın övladı olduğumuza görə gürur hissi bəxş edir. Sevindiricidir ki, çəkilən zəhmət heç də hədər getməyib. Bu illər ərzində Azərbaycanın siması ilə bərabər, Azərbaycan vətəndaşının da həyatı hər kəsdə heyrət doğuracaq qədər dəyişib. Bu gün biz bu siyasətin bəhrəsini hər yerdə, hər sahədə görürük. Dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmiş Bakımızı seyr edəndə, abadlıq-quruculuq işlərinin nəticəsində əsrarəngiz gözəlliyə bürünmüş bölgələrə baxanda, Heydər Əliyev ideyalarından doğan xoşbəxt gələcəyə böyük ümid və inam bəsləyən Azərbaycan insanının çöhrəsindəki qayğı ifadəsinin xoş bir təbəssümlə əvəz olunduğunu görəndə ürəyimiz fəxarət hissi ilə döyünür. Ona görə də ilk dəfə ulu öndərin dilindən böyük duyğu ilə səslənmiş və azərbaycançılıq məfkurəsinin mahiyyətindən doğan “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı bu gün hər bir Azərbaycan vətəndaşı üçün milli iftixarın təcəssümünə, vətənpərvərlik marşına, həmrəylik şüarına çevrilmişdir.
Bir məsələni də xüsusi olaraq qeyd etmək istərdim ki, Azərbaycanın bu günə qədərki nailiyyətləri Heydər Əliyev ideologiyasının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə sıx bağlıdır. Çünki ümummilli lider Yeni Azərbaycan Partiyasının cəmiyyətin inkişafına, dövlətin və dövlətçiliyin ideoloji əsaslarının formalaşmasına verə biləcək töhfələri çox yüksək qiymətləndirir, onun böyük gələcəyinə, perspektivinə inanırdı. Tarix ulu öndərin bu təşəbbüsünün dahi və uzaqgörən siyasi düşüncənin məhsulu olduğunu artıq sübut etmişdir. Zaman ötdükcə dünənin, bu günün və gələcəyin partiyası statusunu getdikcə möhkəmlədən YAP təşkilatımızın sədri cənab İlham Əliyevin rəhbərliyi altında ümumxalq partiyası kimi ölkənin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artırılması ilə bağlı prosesləri siyasi və ideoloji cəhətdən yüksək peşəkarlıqla təmin etmiş və bu funksiyanı bu gün də şərəflə daşımaqdadır.
Heydər Əliyevin arzularında yaşatdığı Azərbaycan bütöv, azad, firavan və qüdrətli ölkə, sülh və əmin-amanlıq məkanıdır. Lakin onun bu düşüncələrini qayğı kölgəsi ilə bürüyən bir nisgili var idi - işğal altında qalmış əzəli və əbədi torpaqlarımız. Bu, bizim yeganə ağır dərdimizdir. Bu yükü Azərbaycan xalqının çiyinlərindən götürmək üçün ulu öndər bütün səy və bacarığını sərf etdi, heç kimin cürət edib ata bilmədiyi addımları atdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq miqyasda formalaşmış yanlış stereotiplərin dağıdılmasında onun misilsiz xidmətləri vardır. Bişkek protokolunun imzalanması, ATƏT-in Lissabon sammitində və digər zirvə toplantılarındakı cəsarətli taktiki addımları, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlarda və görüşlərdə nümayış etdirdiyi effektiv diplomatik gedişləri dahi strateq Heydər Əliyevi dünya siyasətinin korifeyləri ilə bir sıraya qoyub. Təəssüf ki, Azərbaycanın bədxahları tərəfindən qazılmış “Qarabağ quyusu”nun dərinliyi səbəbindən o dövr üçün səciyyəvi olan ağır siyasi şəraitdə bu prosesi sona çatdırmaq mümkün olmadı. Lakin dövlətimizin getdikcə artan gücü və beynəlxalq nüfuzu, habelə Azərbaycan rəhbərliyinin hücum taktikası fonunda, xüsusilə də münaqişənin həllində ciddi dönüş nöqtəsi və Azərbaycanın hərb tarixinin ən şanlı səhifələrindən olan 2016-cı ilin aprel döyüşlərindən sonra bölgədə yaranmış geosiyasi vəziyyət baxımından bu gün məsələnin həllində əhəmiyyətli pozitiv dəyişikliklərin yaranması üçün münbit şərait formalaşmaqdadır. Uzunmüddətli fasilədən sonra Lələtəpə yüksəkliyinin ələ keçirilməsi və 23 il düşmən silahının nişangahında duran Cocuq Mərcanlı kəndinin yerləşdiyi ərazinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi bir tərəfdən xalqımızın Qarabağla bağlı ümidlərinin artması və zəfər gününə inamının möhkəmlənməsi, digər tərəfdən isə təmas xəttində baş verən hadisələrə dünya ictimaiyyətinin diqqətinin yönəldilməsi baxımından çox önəmli hadisədir. Kəndin bərpası və azad olunmuş ərazinin abadlaşdirilması ilə bağlı tədbirlərin həyata keçirilməsi “Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik” - söyləyən Ali Baş Komandanın dədə-baba yurdlarından didərgin düşmüş həmvətənlərimizin doğma tarixi torpaqlarına qovuşması, onların halal haqlarının tanıdılması istiqamətində yürütdüyü qətiyyətli siyasətin bariz nümunəsidir.
Düşünürəm ki, bu hadisələrin əks-sədası olaraq bir tərəfdən beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin getdikcə daha çox qəbul olunması, onun öz ərazilərini istənilən üsulla azad etmək hüququna bəraət qazandırılması, Ermənistanın isə təcavüzkar kimi tanınması naxələf qonşularımızın ədalət anlayışının nə olduğunu anlamağa, sağlam məntiqə söykənən bu reallıqla razılaşmağa vadar edəcəkdir. Proqnozlaşdırmaq mümkündür ki, Ermənistanda cərəyan edən son hadisələr nəticəsində işğal faktoru üzərində siyasi plasdarm qurmuş, sonda isə xalqın etimadını tam itirmiş, dövləti səfalətə sürükləmiş, dünyada gözdən salmış cinayətkar klanın ölkə rəhbərliyindən uzaqlaşdırılması Qarabağ məsələsinin daha tez və ədalətli həllinə öz müsbət təsirini göstərəcək. Bugünkü gerçək reallıqlar gec-tez ölkəmizin pozulmuş hüququnun bərpa edilməsi istiqamətində dünya birliyi üzvlərinin və beynəlxalq ictimaiyyətin konstruktiv mövqe birliyinə nail olunacağına və problemin tezliklə ölkəmizin maraqlarını əks etdirən ədalətli həllini tapacağına böyük inam yaradır. Lakin ümidlər yaxın gələcəkdə doğrulmazsa, biz ordu-xalq birliyinin gücündən ilham alaraq milli zəfər marşı ilə torpaqlarımızı azad etməklə ulu öndərin Qarabağ nisgilinə birdəfəlik son qoymağa hazırıq.
Ona görə də münaqişənin hazırkı vəziyyəti hərbi doktrinamızın müddəalarına uyğun olaraq ordu quruculuğunun prioritet istiqamət kimi saxlanmasını şərtləndirir. Hərbçılərimizin ruh yüksəkliyi və yüksək vətənpərvərlik ideyaları üzərində köklənmiş ordu-vətəndaş münasibətləri deməyə əsas verir ki, Silahlı Qüvvələrimiz ordu ilə xalqın möhkəm birliyinə arxalanan Ali Baş Komandanın bütün əmrlərini həyata keçirməyə, o cümlədən dövlət atributlarımıza qarşı yönələn hər hansı bir təhlükənin qarşısını ala biləcək qüdrətə malikdir.
Beləliklə, Azərbaycan rəhbərliyinin Heydər Əliyevin ideyalarının saçdığı nura bürünmüş tərəqqi yoluna sədaqəti, xalq naminə, yüksək ideallar uğrunda həyata keçirdiyi məqsədyönlü siyasət bu gün ölkəmizi keçid dövründən sonrakı növbəti və daha uğurlu bir mərhələyə daşımaqdadır. Bu siyasət ulu öndərin təbirincə desək, “dünyaya günəş kimi doğacaq” Azərbaycanın zəngin və qüdrətli obrazını əks etdirən portretinə bundan sonra da yeni-yeni cizgilər vuracaq və xalqımızın azad, xoşbəxt, firavan gələcəyini təmin edəcəkdir.
Düşünürəm ki, ulu öndərin arzularının çin olduğu zamanın gerçəkliklərindən bəhrələnən Azərbaycan xalqı xoşbəxtdir ki, Heydər Əliyev kimi mənəvi atası, dühası var. Həm də ona görə xoşbəxtdir ki, bu gün müstəqil dövlətimizin sükanı ulu öndərin özü qədər inandığı Prezident İlham Əliyevin əlindədir. Bu yaxınlarda misli görünməmiş böyük bir coşqu ilə müşayiət olunan və Yeni Azərbaycan Partiyasının şəriksiz namizədi cənab İlham Əliyevin möhtəşəm qələbəsi ilə yekunlaşmış prezident seçkiləri də Heydər Əliyev ideologiyasının təntənəsini və siyasi varisliyin yüksək səviyyədə təmin olunduğunu ifadə etməklə bir daha sübuta yetirdi ki, qədirbilən və yaxşını pisdən seçməyə qadir olan müdrik Azərbaycan xalqı tərəddüdsüz olaraq hər zaman Heydər Əliyev yoluna sadiqdir və bundan sonra da onun ülvi arzularına, ölməz ideyalarına öz səsini verəcəkdir. Bu həm də onun təsdiqidir ki, Azərbaycanda siyasi sistemin dayanıqlığı etibarlı şəkildə təmin edilir, dövlətçilik ənənələri qorunub saxlanmaqdadır, ölkə vətəndaşlarının siyasi hakimiyyətə etimadı yüksələn xətlə böyüyür, ictimai şüurda qərarlaşmış təkamül məntiqi insanları mövcud sosial-siyasi quruluşun daha da təkmilləşdirilməsinə, mahiyyətcə yeniləşdirilməsinə sövq edir. Seçkilərdən dərhal sonra ölkə rəhbərinin ilk olaraq şəhid ailələrinə sığorta vəsaitinin ödənilməsi ilə bağlı fərmanı, struktur və kadr dəyişikliklərini əhatə edən sərəncamları onu göstərir ki, nəzərdə tutulmuş mütərəqqi islahatlar davamlı xarakterlidir və inkişafın Azərbaycan modelinin keyfiyyətcə yeni konsepsiyasının mahiyyəti ilə tam uzlaşmaqla Azərbaycan vətəndaşının xoş və firavan həyatının təminatına yönəlmişdir.
Yeni seçilmiş Prezidentin Milli Məclisin iclas zalında təşkil olunmuş andiçmə mərasimindəki dövlət-vətəndaş münasibətləri üzərində köklənmiş proqram xarakterli çıxışını isə qarşıdakı 7 il və ondan sonrakı dövr üçün əsas iqtisadi islahat strategiyası, fəaliyyət məramnaməsi adlandırmaq olar.
Bütün bunlara görə doğma Vətəninin xoşbəxt gələcəyi ilə bağlı arzularının gerçəkləşdiyini duyan, müstəqil Azərbaycanın etibarlı əllərdə olduğunu görən, xalqın sabaha inamının qat-qat yüksəldiynə bir daha əmin olan müqəddəs Heydər Əliyevin ruhu bu gün çox şad görünür. İnanıram ki, cəmiyyətimizin gələcək taleyini müəyyən edən taleyüklü işlər bundan sonrakı həyatımız boyu da Azərbaycan xalqının qəlb və düşüncə yaddaşında həmişəlik olaraq ümummilli liderin obrazını canlandıracaqdır. Ona görə də hər kəs əmin olmalıdır ki, xoş amalları ilə qədirbilən xalqımızın tükənməz sevgisini qazanmış ulu öndərin adı Azərbaycan tarixində təkrarolunmaz siyasətçi, qüdrətli dövlət başçısı, əfsanəvi şəxsiyyət kimi qalacaq, Azərbaycan xalqı və dövləti durduqca Heydər Əliyevin parlaq xatirəsi də əməllərlə yüksəlmiş əbədiyyət abidəsi kimi daim yaşayacaqdır.
Azərbaycan insanını mənəvi və ruhi baxımdan təmin edəcək növbəti möhtəşəm uğurlarımızın altında isə Heydər Əliyev ideyalarının ən güclü daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının əvəzsiz lideri, ulu öndərin ən yaxın silahdaşı və ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi, xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən, müasir Azərbaycan dövlətinin islahatçı Prezidenti cənab İlham Əliyevin imzası duracaqdır.

Bahar MURADOVA,
Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü