Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev və Azərbaycan tarixi

29 Aprel 2018
 

Ölkə rəhbərinin müasir Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan tarixinə və bu tarixin doğru-düzgün araşdırılmasına gündəlik qayğısıdır

 

“Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.

İlham ƏLİYEV

 

Azərbaycan bu gün dünyanın davamlı olaraq sürətlə inkişaf edən ölkəsidir. Müstəqillik qazanmasından keçən iyirmi yeddi ildə Azərbaycan Respublikası Avrasiyanın qüdrətli, Cənubi Qafqazın isə lider dövlətinə çevrilmişdir. Ölkə rəhbəri tərəfindən həyata keçirilən müdrik, uzaqgörən, cəsarətli və xalqın milli mənafelərinin müdafiə olunmasına yönəlmiş siyasət sayəsində Azərbaycan inkişafın böyük intibah dövrünü yaşamaqdadır.
Tarixi baxımdan çox qısa bir zaman kəsiyində əldə edilən yüksək nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyən etdiyi dirçəliş və inkişaf strategiyasının yaradıcılıqla və uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu strategiyanın gerçəkliyə çevrilməsində yeni dövrün - qloballaşan dünyanın böyük dövlət xadimi İlham Əliyevin müdrik, qətiyyətli və cəsarətli siyasəti, dövlət başçısı ilə xalq arasında yaranmış sarsılmaz birlik həlledici rol oynayır. Azərbaycan dövlətinə başçılıq edən Prezident İlham Əliyev yaşadığımız dinamik dünyanın nəbzini əlində saxlayır, müasir, çevik və cəsarətli lider kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Ölkə rəhbəri müasir dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri irəlicədən görür və Azərbaycanı bu dəyişiklikləri qarşılamaq üçün qabaqcadan hazırlayır, öz Vətənini həyatın bütün sahələrində qələbədən-qələbəyə qovuşdurur. Doğma xalqının parlaq gələcəyinə hesablanmış müdrik islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin - qurucu Prezidentin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!
Haradan və nələrdən qaynaqlanır dövlət başçısının xalqımıza şərəf gətirən bu uğurları? Prezident İlham Əliyev, hər şeydən əvvəl, çoxlarına nəsib olmayan nadir bir siyasi məktəbin - dahi Heydər Əliyev dövlət idarəçiliyi məktəbinin yetirməsidir, bu məktəbin yeganə məzunudur. Bu məktəbdə o, dahi siyasətçidən məğlubedilməzlik dərsi almış, onun siyasət dünyasının bütün incəliklərinə yiyələnmişdir. Prezident İlham Əliyev ulu öndərin yolu ilə gedərək mükəmməl siyasi təhsil almışdır. Onların hər ikisi - həm ata, həm də oğul doğma Vətənin və dünyanın tarixini öyrənməyə xüsusi maraq göstərmiş, dərin və hərtərəfli tarixi biliklərə yiyələnmiş, ali tarix təhsili almışlar: ata - Heydər Əliyev Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmiş, oğul - İlham Əliyev isə dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil almış, elmi tədqiqat işləri aparmış, dissertasiya müdafiə etmişdir. Beləcə, Azərbaycan xalqına başçılıq edən və dünyanın görkəmli dövlət xadimi olan Prezident İlham Əliyev dərin nəzəri biliklərə və Heydər Əliyevin dövlət idarəçiliyi təcrübəsinə yiyələnmiş, Azərbaycanın tarixini dərindən öyrənmiş, dünya tarixinin həlledici proseslərinin köklərini bilən peşəkar siyasətçidir ...
Sübuta ehtiyacı olmayan bir aksioma var: Tarixinə sahib çıxmayan xalq məhvə məhkumdur. Doğma tarixi ilə silahlanmış xalq isə məğlubedilməzdir! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycan tarixinə və bu tarixin doğru-düzgün araşdırılmasına gündəlik qayğısıdır.
Bu gün Azərbaycan tarix elmi İlham Əliyevin konkret tapşırıqları, çağırışları və tövsiyələri əsasında inkişaf edir. Tarixçi Prezidentin istər ölkə əhəmiyyətli müxtəlif tədbirlərdə, istərsə də beynəlxalq arenada Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırması, Azərbaycan tarixinin bütün həqiqətlərini güclü elmi arqumentlərlə əsaslandırması onun Vətən təəssübkeşliyindən, vətənpərvərlik ruhundan və güclü elmi-nəzəri biliklərindən qaynaqlanır. Azərbaycan Prezidenti doğma tariximizlə bağlı elmi-nəzəri və zəngin faktik materiala əsaslanan konseptual baxışa malikdir.
İlham Əliyevin Azərbaycan tarixinə konseptual baxışının elmi-nəzəri və ideoloji əsasını Heydər Əliyev Dirçəliş Konsepsiyası təşkil edir. Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Azərbaycan xalqı dünya tarixinə Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Nadir şah Əfşar kimi qüdrətli şəxsiyyətlər bəxş etmişdir. Əsrlər keçdikdən sonra - XX yüzillikdə xalqımız daha bir dahi şəxsiyyət yetirdi. Dünyanın Atatürk, Vaşinqton, Nehru, De Qoll kimi nadir dövlət xadimləri sırasında Heydər Əliyev şəxsiyyəti öz layiqli yerini tutdu. Ulu öndərin doğma Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən biri də tarixçi - prezident kimi tariximizin dirçəliş konsepsiyasını formalaşdırmasıdır. Dahi dövlət xadimi müstəqillik dövrümüzün bu mükəmməl tarix konsepsiyasını 2001-ci ildəki məşhur müraciətində doğma xalqına əmanət etmişdir. Heydər Əliyevin 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti yaşadığımız eranın XX və XXI yüzilliklərinin, İkinci və Üçüncü minilliklərinin qovşağında xalqımızın mənəvi sərvətlər xəzinəsinə daxil olmuş nadir incidir.
“Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayırıcında” adı ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş 60 milyonluq xalqımıza ünvanlanmış bu müraciət, heç şübhəsiz, gələcək minilliklərdə də öz qiymətini, aktuallığını saxlayacaq misilsiz elmi-nəzəri ümumiləşdirmədir. Ulu keçmişimizin və müasir tariximizin ensiklopedik şərhini, gələcək inkişafımızın elmi-nəzəri proqnozlarını verən bu əsərdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir. Bu baxımdan, “Azərbaycan XXI əsrin və Üçüncü minilliyin ayırıcında” adlı müraciət bütün tarix elmimiz üçün örnək ola biləcək çox dəyərli bir tarix əsəridir. Heydər Əliyev təfəkkürünün məhsulu olan bu qiymətli əsərdə tariximizin bir çox problemləri ilə bağlı olaraq tədqiqatçılara konkret və prinsipial istiqamət verilir. Böyük dövlət xadimi, hər şeydən əvvəl, bəşəriyyətin yaxın keçmişinə - XX yüzilliyə son dərəcə sərrast və konkret qiymət vermişdir. Özü də bu qiymətləndirmə zamanı ayrı-ayrı siyasi hadisələr, proseslər deyil, müasir dünyamızda insanlığı irəli aparan başlıca amil, daha doğrusu, sürətli elmi-texniki tərəqqi ön plana çəkilir, sonra isə başqa amillər sıralanır. Həm də bu sıralanma zamanı yeni suveren dövlətlərin yaranması kimi mühüm tarixi reallıq xüsusi qeyd olunur.
İlham Əliyev bu konsepsiyanı sürətlə dəyişən dünyanın tələblərinə və çağırışlarına uyğun olaraq daha da təkmilləşdirmişdir və yüksək yaradıcılıqla həyata keçirir. Tariximizin Heydər Əliyev Dirçəliş Konsepsiyası, bu konsepsiyanı təkmilləşdirən və həyata keçirən Prezident İlham Əliyevin Azərbaycan tarixinə konseptual baxışı, tariximizin azərbaycançılıq ruhunda və obyektiv tədqiqi istiqamətində verdiyi tövsiyə və tapşırıqlar, tarix elminin inkişafına göstərdiyi böyük qayğı Azərbaycan tarixçisinin elmi tədqiqat konstitusiyasıdır.
Prezident İlham Əliyevin Azərbaycan tarixinə konseptual elmi baxışı, həm, də xalqımızın qədim və zəngin dövlətçilik ənənələrinə əsaslanır. İlham Əliyevin tariximizin istənilən taleyüklü problemlərinə münasibətdə sərrast və prinsipial mövqeyi, onun tariximizin ayrı-ayrı dövrlərdə qəsdən və bəd niyyətlərlə saxtalaşdırılmış və təhrif olunmuş məsələlərinin yenidən araşdırılması ilə bağlı tarixçilərə verdiyi çox mühüm və konkret tapşırıqlar aydın göstərir ki, dövlət başçısı doğma tariximizi, xalqımızın zəngin keçmişini, onun yaratdığı təkrarsız mədəni irsi, həmçinin ayrı-ayrı dövrlərdə başımıza gətirilmiş fəlakətləri dərindən bilir. Məhz qədim və zəngin dövlətçilik tariximizi dərindən bildiyi üçündür ki, Prezident İlham Əliyev tarixçilərə konkret elmi-tədqiqat tapşırıqları verir, onun təşəbbüsü ilə yazılan əsərlərin xarici dillərə tərcümə olunub yayılmasına xüsusi diqqət yetirir.
İstər elmi tədqiqatların aparılması, istərsə də tarixi abidələrin bərpası və qorunması istiqamətində böyük dövlət qayğısı Azərbaycan tarixçisinə tariximizi obyektiv, hərtərəfli araşdırmaq imkanı vermişdir. Hər zaman dövlətin və Prezidentin qayğısını yaxından hiss edən tarixçilərimizin ən ümdə vəzifəsi də ulu öndər Heydər Əliyevin Tariximizin Dirçəliş Konsepsiyasını və Prezident İlham Əliyevin bu konsepsiyanı daha dolğun və daha mükəmməl şəkildə həyata keçirmək üçün verdiyi tapşırıqları əsas tutaraq Azərbaycanın gerçək tarixini tədqiq və təbliğ etməkdir!
Dünya təcrübəsindən də məlumdur ki, Elmlər Akademiyası sistemində tarix institutlarının fəaliyyəti dövlət ideologiyasının və milli siyasətin formalaşmasında aparıcı rol oynayır. Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu da bu gün müstəqil Azərbaycan Respublikasının aparıcı elm təşkilatlarından biri olmaqla, ölkəmizin tarixinin araşdırılmasına və azərbaycançılıq məfkurəsinin təbliğinə xidmət edir.
Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi, ermənilərin Azərbaycanın tarixi torpaqlarına ərazi iddialarının gücləndiyi, antiazərbaycan təbliğatının genişləndiyi şəraitdə Tarix İnstitutunun rəhbərliyi və kollektivi bu institutun rolunu və əhəmiyyətini yaxşı başa düşür. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin tarix elminin inkişafına, o cümlədən Tarix İnstitutunun fəaliyyətinin genişləndirilməsinə yönəlmiş böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycan tarix elminin başlıca qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzə çevrilmişdir.
Müasir mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasında aparılan geniş islahatlar çərçivəsində Tarix İnstitutunda irimiqyaslı işlər görülmüşdür. Tarix elmi qarşısında duran vəzifələrlə bağlı tərəfimizdən irəli sürülmüş və AMEA-nın Rəyasət Heyətinin 18 dekabr 2004-cü il tarixli 211 saylı qərarı ilə təsdiq edilmiş tarix sahəsində aktual elmi problemlərin tədqiqi, araşdırmaların intensivləşdirilməsi, keyfiyyətinin daha da yüksəldilməsi və sürətinin artırılması mühüm əhəmiyyət kəsb edir və institutun elmi potensialı bu vəzifələrin yerinə yetirilməsinə yönəldilmişdir.
İnstitutun strukturunda əhəmiyyətli dəyişikliklər edilmiş, yeni şöbələr və mərkəzlər təşkil olunmuşdur. “Azərbaycanlıların deportasiyası və soyqırımı” mərkəzi və onun tərkibində iki şöbə təşkil olunmuşdur. “Əliyevşünaslıq Elmi-Tədqiqat şöbəsi”, “Nəşriyyat işləri şöbəsi”, “Tərcümə mərkəzi”, “İnformasiya mərkəzi” və digər şöbələr, qurumlar yaradılmışdır. “Azərbaycanın qədim tarixi” şöbəsinın rəhbərliyi möhkəmləndirilmiş, “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində akademik Nərgiz Axundovanın rəhbərliyi altında “Azərbaycanın erkən orta əsrlər tarixi” bölməsi və tarix elmləri doktoru Tofiq Nəcəflinin rəhbərlik etdiyi “Azərbaycanın XII-XVIII əsrlər tarixi” bölməsi fəaliyyətə başlamışdır.
Tarix İnstitutunun fəaliyyəti “Azərbaycan tarixinin ümumi konsepsiyası” elmi istiqaməti üzrə qurulmuşdur. Bu elmi istiqamət beş problemi - Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar, tarixşünaslıq və mənbəşünaslıq, Azərbaycanın siyasi tarixi, Azərbaycanın sosial-iqtisadi tarixi, Azərbaycanın mədəniyyət tarixi məsələlərini əhatə edir. İnstitutda “Naxçıvan”, “İrəvan xanlığı”, “Qarabağ xanlığı”, “Azərbaycan xalqına qarşı soyqırımların və deportasiyaların tarixi”, “Azərbaycanın tarixi coğrafiyası”, “Azərbaycanın Tarixi Atlası” və digər aktual problemlər ətrafında tədqiqatların sürətləndirilməsinə diqqət artırılmışdır. Təkcə “İtirilmiş torpaqlar”ımızın deyil, həmçinin erməni işğalı altında olan Qarabağ və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Respublikasından təcrid olunmuş Naxçıvan bölgəsinin də tarixinin öyrənilməsinə, elmi cəhətdən hərtərəfli şəkildə araşdırılmasına müxtəlif alimlər qrupu və gənc tədqiqatçılar cəlb olunmuşdur.
Məlumdur ki, Vətən tarixinin bir çox problemləri sovet imperiyası dövründə qəsdən saxtalaşdırılmış, təhrif olunmuşdur. Bunun ən mühüm səbəblərindən biri də Azərbaycan tarixi problemlərinin, xüsusilə də sərhəd bölgələrimizin tarixinin öyrənilməməsi olmuşdur. Məsələn, Qarabağ, Naxçıvan, İrəvan, Borçalı, Dərbənd, Şimal-Qərbi Azərbaycan, Cənubi Azərbaycan uzun müddət tarixşünaslığımızın diqqətindən kənarda qalmış, daha doğrusu, unudulmuşdur. Yaranmış boşluqdan istifadə edən antiazərbaycan qüvvələri isə Azərbaycana qarşı yeni-yeni ərazi iddialarını əsaslandırmaq üçün tariximizi saxtalaşdıraraq öz mənafelərinə uyğun formaya salmışlar. Ümumiyyətlə, Azərbaycan tarixşünaslığında uzun müddət unudulmuş və tədqiqatlara cəlb olunmamış “itirilmiş torpaqlar”ın tarixi mövcud boşluqdan istifadə edən qonşular tərəfindən öz istək və maraqlarına uyğun şəkildə “tədqiq” olunmuşdur. Azərbaycanın öz müstəqilliyini itirdiyi son iki yüzillik dönəmdə tariximizlə bağlı irəli sürülən bəzi “konsepsiyalar” elmə zidd və heç bir faktiki əsası olmayan, yanlış müddəalardan ibarət olub, Azərbaycan xalqına, onun əzəli, tarixi torpaqlarına, keçmişinə qərəzli, iddialı münasibət nəticəsində formalaşmışdır. Uzun müddət Azərbaycan tarixinə olan qərəzli münasibətə tutarlı cavab verilmədiyindən, üzdəniraq “tədqiqatçılar” öz iddialarında daha israrlı olmaq üçün açıq şəkildə tarixi faktları təhrif etməkdən belə çəkinməmişlər.
2004-cü ildən başlayaraq AMEA Tarix İnstitutunda Naxçıvan, İrəvan, Göyçə, Zəngəzur, Borçalı mahallarının, Şimal-Qərbi Azərbaycan torpaqlarının, Dərbənd və Samur vadisinin, ən nəhayət, Qarabağın tarixi ilə bağlı hərtərəfli və dərin elmi tədqiqatlara başlanılmışdır. Çağdaş Azərbaycan tarixşünaslığında “itirilmiş torpaqların tarixi” problemi elmi dövriyyəyə daxil edilmiş, bu istiqamətdə ciddi tədqiqatlar aparılmış və obyektiv tarixi gerçəkliyi özündə əks etdirən bir sıra sanballı əsərlər ortaya çıxmış, bir sözlə, “itirilmiş torpaqlar”ın tarixini araşdıran tarixçilər nəsli, böyük bir elmi məktəb formalaşmışdır. Bu istiqamətdə E.M.Lətifovanın “İlisu sultanlığı”, Ş.H.Əliyevin “Şimal-Qərbi Azərbaycan: İngiloylar”, Z.Ə.Cavadovanın “Şimal-Qərbi Azərbaycan: tarixi-demoqrafik tədqiqat”, İ.F.Kazımovun “Naxçıvan bölgəsinin tarixi-demoqrafik tədqiqi”, N.Ə.Quliyevin “Naxçıvan xanlığının əhalisi”, S.Ə.İbişovun “Quba xanlığının əhalisi”, A.Ə.Məmmədovanın “Car-Balakən camaatlığı”, S.Rəhimovanın “Dərbənd şəhərinin tarixindən”, A.Hacıyevin “Dərbənd XIX-XX əsrin əvvəllərində” adlı dissertasiyaları və monoqrafiyaları bu qəbildən olan əsərlərdəndir.
Vətən tarixi ilə bağlı həllini gözləyən problemlərdən ən birincisi, Dağlıq Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasıdır. Qısa bir zamanda Tarix İnstitutu “Qarabağ. Suallar və faktlar” kitabını və “Qarabağ: real tarix, faktlar, sənədlər” (Y.M.Mahmudov. K.Şükürov) kitabını (Azərbaycan və ingilis dillərində) elmi ictimaiyyətə təqdim etmişdir. Kitabda Azərbaycan tarix elmində ilk dəfə olaraq Qarabağ tarixi ən qədim zamanlardan müasir dövrədək sistemli şəkildə şərh edilmişdir. Qarabağ tarixinin aktual məsələləri ümumazərbaycan tarixi kontekstində tədqiq edilmiş, Qarabağın tarixi Azərbaycan torpağı olması təkzibedilməz elmi faktlarla sübut olunmuşdur. Kitab 2005-ci ildə MDB dövlətlərinin II Beynəlxalq Kitab Sənəti müsabiqəsinin diplomuna layiq görülmüşdür. İnstitutun kollektivi tərəfindən hazırlanmış “Qarabağ: Kürəkçay müqaviləsi - 200” (Bakı, 2005) əsəri isə Rusiya ilə Azərbaycanın iri dövlət qurumlarından biri olan Qarabağ xanlığı arasında imzalanmış Kürəkçay müqaviləsinin 200 illiyinə həsr olunmuşdur. Əsərdə erməni millətçilərinin Kürəkçay uydurması və əzəli Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa olan iddiaları ifşa edilmişdir. Son illərdə Ermənistanın Azərbaycana ərazi iddialarının əsassız olduğunu sübut etmək üçün institutda təkzibedilməz tarixi sənədlər əsasında fundamental “Qarabağ tarixi” (6 dildə) nəşr olunmuşdur.
Tarix İnstitutu XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiyalar tarixi məsələlərinə böyük diqqət yetirir. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının işığında və Prezident İlham Əliyevin konkret tapşırıqları əsasında Tarix İnstitutunun əməkdaşları ölkənin, demək olar ki, bütün kütləvi informasiya vasitələrində çıxışlar etmiş, elmi, publisistik məqalələr çap etdirmiş, dövlət əhəmiyyətli yığıncaqlarda və elmi konfranslarda, ölkə və dünya miqyaslı toplantılarda məruzələr etmişlər. İnstitutun bu istiqamətdə elmi fəaliyyətində ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, Dağlıq Qarabağda erməni millətçilərinin xalqımıza qarşı yeritdikləri soyqırımı siyasəti, deportasiya, köçkünlük, erməni terroru: sui-qəsd, girovgötürmə, vandalizm, Heydər Əliyevin işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda mübarizəsi məsələləri öz əksini tapmışdır. “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” və “Qarabağ” şöbələrində əsas diqqət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin araşdırılmasına, Azərbaycanın ayrı-ayrı bölgələri üzrə soyqırımları və deportasiyalar tarixinə yönəldilmişdir.
İnstitutun baş planına “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli məsələsi”, “Azərbaycanlıların deportasiyası və soyqırımı tarixi” mövzularının tədqiqi də daxil edilmişdir. Son 14 ildə bu istiqamətdə böyük iş görülmüş, bir sıra qiymətli kitab və monoqrafiyalar, sənədlər toplusu nəşr edilmişdir. Y.M.Mahmudovun “Qenoüid törko-musulğmanskoqo naseleniə Azerbaydjana v 1918-1920-x qodax”, İ.Məmmədovun “Tariximiz, torpağımız, taleyimiz”, “İrəvan dəftəri”, “Erməni kilsəsi və türk-Azərbaycan torpaqlarını dolaşmaqda olan “Böyük Ermənistan” kabusu”, L.L.Nəsibzadənin “Vətən haqqında düşüncələr”, S.A.Piriyevanın “Ahısqa türkləri Azərbaycanda”, Ə.C.Qurbanovun “Azərbaycan türklərinin Ermənistandan deportasiyası (1947-1953)”, M.Süleymanovun “Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən”, N.Məmmədovun “Dağlıq Qarabağ gerçəklikləri: Soyqırımı, terror, deportasiya, işğal (XX yüzillik)”, “Ermənilərin Azərbaycan torpaqlarında törətdikləri əməllər barədə tarixi faktlar”, İ.Niftəliyevin “Qenoüid azerbaydjanüev v İrevanskoy qubernii (1918-1920)”, G.Nəcəflinin “1918-1920-ci illərdə Şərqi Anadolu, Naxçıvan və İrəvan bölgəsində ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımı”, yenə onun “1917-1918-ci illərdə Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı”, N.Gözəlovanın “Azərbaycan türk-müsəlman əhalisinin soyqırımı Britaniya kitabxanasının arxiv sənədlərində”, Nazim Mustafanın “İrəvan quberniyasında azərbaycanlıların soyqırımı”, V.Abışovun “Bakıda 1918-ci il mart soyqırımı”, yenə onun “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı” və “Quba qəzasında türk-müsəlman soyqırımı”, N.Məmmədzadənin “Qenoüid azerbaydjanüev v Karabaxskom reqione Azerbaydjana (1918-1920)”, K.İsmayılovun “Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920)”, Z.Əliyeva və İ.Əliyevanın “Soyqırımı, terrorizm, deportasiya” adlı kitabları bu istiqamətdə aparılan araşdırmaların elmi nəticələridir. İnstitut əməkdaşları bu mövzuda məruzələrlə müxtəlif ölkələrdə beynəlxalq səviyyəli elmi konfrans və simpoziumlarda iştirak etmişlər. Eyni zamanda, Tarix İnstitutunun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları” mövzusunda respublikanın müxtəlif şəhərlərində 5 beynəlxalq elmi konfrans keçirilmişdir.
Tarix İnstitutu son illərdə Naxçıvan, bu diyarın tarixi, abidələri və görkəmli yetirmələri ilə daim maraqlanmış, tədqiqinə ciddi diqqət yetirmişdir. İnstitut əməkdaşları dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfərlər etmiş, onun bölgələri, arxeoloji, tarixi və memarlıq abidələri ilə yaxından tanış olmuş, onlar haqqında mötəbər tədqiqatçı sözü demişlər. “Naxçıvan: tarixi və abidələri” adlı əsərdə (Y.M.Mahmudov, K.Şükürov) Naxçıvan diyarının keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir. Kitaba əlavə olunmuş illüstrasiya materialları onun əhəmiyyətini artırır, Naxçıvanın tarixi və abidələri haqqında dolğun təsəvvür yaradır.
2007-ci ildə institutun elmi şurası ulu öndər Heydər Əliyevin ömür yoluna fundamental elmi araşdırmaların həsr olunması barədə qərar qəbul etmişdir. Dahi şəxsiyyətin özündən sonrakı nəsillərə yadigar qoyub getdiyi zəngin irsini tədqiq etmək məqsədilə institutun daxili imkanları hesabına 2009-cu ilin mayında “Heydər Əliyev Elmi Tədqiqat şöbəsi” yaradılmış, 2010-cu ilin sonunda AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq olunmuş yeni struktura müvafiq olaraq, bu şöbə “Əliyevşünaslıq” şöbəsi adlandırılmışdır. Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində aparılan araşdırmalar içərisində “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti” (2002), “Azərbaycan: qısa dövlətçilik tarixi” (2005), “Heydər Əliyev ideyalarının zəfər yürüşü” (2011) monoqrafiyalarını xüsusi qeyd etməliyik. Bu əsərlərdə Heydər Əliyevin tarix elmi qarşısında xidmətləri, tarix elminin inkişaf istiqamətləri və elmi nailiyyətlər, tarixin təhrif edilmədən tədqiqi, tədrisi və təbliği məsələləri barədə metodoloji göstərişləri, həmçinin apardığı ümumiləşdirmələri əks olunmuşdur. Bundan əlavə, 2007-ci ildən “Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar” problemi üzrə ikicildlik sistemləşdirilmiş, “Heydər Əliyev” adlı tədqiqat işi nəşr edilmişdir. “Heydər Əliyev” (2 cildlik) ümumiləşdirilmiş fundamental akademik araşdırmada ulu öndərin irsi arxiv və statistik, habelə mətbuat orqanlarının materialları və mövcud tarixi ədəbiyyat üzrə təhlil edilmişdir. Kitabda ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdə respublikanın ictimai-siyasi, iqtisadi, mədəni inkişafının əsas istiqamətləri araşdırılmış, bütövlükdə Azərbaycanın tərəqqisi və inkişafı üçün həyata keçirdiyi strategiya konkret faktlarla elmi cəhətdən əsaslandırılmışdır. Tarix İnstitutunun çap etdirdiyi “Heydər Əliyev” ikicildliyi nəşri ölkə miqyasında elmi-tarixi hadisə sayılmağa layiqdir.
AMEA Rəyasət Heyəti tərəfindən 2013-cü il mayın 2-də “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda Tarix İnstitutunun nəşr etdiyi “Heydər Əliyev: Azərbaycan elminin keşiyində” adlı ikicildlik sənədlər toplusu təşkil olunan sərgidə nümayiş etdirilmişdir. Bu nəşrlərdən əlavə, Tarix İnstitutunun rəhbərliyinin iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dahi Azərbaycanlı” adlı sənədli film çəkilmişdir. Ssenari müəllifi və aparıcısı Yaqub Mahmudov olan bu film Azərbaycan Televiziyasının “Azərbaycan Telefilm” yaradıcılıq birliyində istehsal olunmuşdur. “Dahi Azərbaycanlı” sənədli filminə Heydər Əliyevin ömür yolunu əks etdirən yeni materiallar, xüsusilə ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünü, o cümlədən gənclik illərini əks etdirən maraqlı faktlar daxil edilmişdir.
Tarix İnstitutunda 2007-ci ildə Azərbaycanda ilk dəfə milli dövlətçilik tarixini xronoloji ardıcıllıqla əhatə edən “Azərbaycanın Tarixi Atlası” nəşr olunmuşdur. Tarix İnstitutunun əməkdaşları tərəfindən milli tariximizin bütün dövrləri üzrə tərtib olunan xəritələr atlasla bərabər, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə çapa hazırlanan Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin “Tarix” bölməsinə də daxil edilməli idi. 55 xəritəni əhatə edən “Azərbaycanın Tarixi Atlası” və Azərbaycan Milli Ensiklopediyasının xüsusi cildinin “Tarix” bölməsində bütün dövrləri əks etdirən xəritələr çap edildi. Hər iki nəşr təkcə ölkəmizdə deyil, o cümlədən xarici ölkələrdə də böyük əks-səda doğurdu. Azərbaycanın tarixi ərazilərinin mənbələr əsasında, xronoloji ardıcıllığı, onun xüsusilə də XIX əsrin birinci yarısında çar Rusiyası və İran arasında bölüşdürülməsi, ermənilərin Qərbi Azərbaycan torpaqlarına köçürülməsi, 1918-1929-cu illərdə 29,8 min kv km ərazinin ermənilərə verilməsi nəticəsində qondarma “Ermənistan Respublikası”nın yaradılması, azərbaycanlıların öz tarixi və etnik torpaqlarından deportasiyası, etnik təmizləmə və soyqırımı proseslərinin xəritələrdə öz əksini tapması Ermənistanda çox böyük narahatlıqla qarşılandı. 2007-ci il sentyabrın 25-də Tarix İnstitutu Beynəlxalq Mətbuat Mərkəzində “Azərbaycanın Tarixi Atlası”nın təqdimatını keçirmişdir.
Tarix İnstitutunun nəşriyyat işlərinin əsasını, heç şübhəsiz, 30 ildən sonra nəşri bərpa edilən “AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun əsərləri” təşkil edir. “Elmi əsərlər”in nəşri 1969-cu ildə dayandırılmışdı, onun çapının bərpası haqqında institutun elmi şurasının 2002-ci ildə qəbul etdiyi qərara baxmayaraq, bir sıra obyektiv və subyektiv səbəblər bu prosesi 2007-ci ilədək ləngitdi. İldə dörd dəfə çap olunması nəzərdə tutulan “Elmi əsərlər”in indiyədək (2007-2017-ci illər) 60-dan çox sayı nəşr olunmuşdur. İnstitutun “Elmi əsərlər”inə təqdim olunan məqalələr Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən müəyyən edilmiş qaydalara uyğun şəkildə tərtib edilir, jurnalın redaksiya heyətində müzakirə olunduqdan sonra çapa məsləhət görülür.
Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin tarixini vərəq-vərəq izləmək və ən başlıcası, dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Tarix İnstitutunun gördüyü vacib işlərdən biri də “26 Bakı komissarları” adlı cinayətkar qrupun 1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi soyqırımının gerçək tərəflərinin üzə çıxarılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin mərkəzindəki Sahil bağında yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar, burada 2008-ci ilin sonu - 2009-cu ilin əvvəlində 1920-ci il sentyabrın 10-da keçmiş ÜMİK Rəyasət Heyətinin və Bakı Fəhlə və Əsgər Deputatları Sovetinin qərarı ilə dəfn edilmiş, 1918-ci ildə Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin təşkilatçıları olan “26-lar”ın məzarlarının açılması və şəhər məzarlıqlarından birinə köçürülməsi ilə bağlı yaradılmış dövlət komissiyasının tərkibinə bu yazının müəllifi də daxil edilmişdir. İnstitutun elmi şurasının 2009-cu ildə keçirilmiş iclaslarından biri Bakı şəhərinin “Sahil bağında aşkar olunmuş “26 Bakı komissarı” adlandırılan şəxslərə aid cəsədlərin ilkin ekspertizasının nəticələri”nə həsr edilmişdir. İclasda qeyd edilmişdir ki, “Qəbirlər AMEA-nın alimləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, tibb elmləri doktoru, professor Şakir Musayev başda olmaqla, aparıcı ekspertlərin iştirakı ilə açılmışdır. 2009-cu il yanvarın 24-26-da Sahil bağında aparılan araşdırmalar zamanı aşkar olunmuş qəbirlərdəki skelet sümüklərinin məhkəmə-tibbi və tibbi-kriminalistik tədqiqatı nəticəsində tapılan sümüklərin 26 nəfərə deyil, 23 nəfərə məxsus olması artıq onu göstərir ki, bu məsələdə saxtalaşdırma faktı var. 23 nəfərin iki növ silahdan açılan atəş nəticəsində öldürüldüyü sübut edilmişdir. Onların hamısının dizdən yuxarı və kəllə nahiyəsinə atəş açılıb. Bu cəsədlərin 26 Bakı komissarlarına aid olması heç bir şübhə doğurmur. 23 nəfər orada dəfn olunub, 3 nəfərin cəsədi isə yoxdur. Bununla sübut olunur ki, həmin üç nəfər güllələnənlər arasında olmayıb. Skelet sümüklərinin məxsus olduğu şəxslərin yaş həddi 20-50 arasındadır. Çatışmayan 3 cəsədə gəldikdə isə, “26-lar”ın siyahısı ilə tutuşdurulduqda, məlum olur ki, bunlardan 2-si 40-49 yaş həddinə, 1-si isə 30-39 yaş həddinə aid olan şəxslərdir. “26-lar”ın siyahısından məlum olur ki, onların içərisində yaşı 39-dan yuxarı olan 3 nəfər vardır: Şaumyan (40 yaş), Əzizbəyov (42 yaş), Əmiryan (45 yaş). Ekspertiza araşdırmaları başa çatdırıldıqdan sonra cəsədlərin qalıqları humanizm prinsipləri əsas tutularaq, 2009-cu il yanvarın 26-da müsəlman, xristian və yəhudi din xadimlərinin iştirakı ilə və müvafiq dini ayinlər icra olunmaqla şəhər qəbiristanlığında dəfn edilmişdir ...”
Hamazasp, Lalayan, Avetisov, Əmiryan, Avakyan kimi erməni cəlladların quldurluq əməlləri, onların sonrakı taleyi, üzdə bolşevik, əslində isə daşnak olan S.Şaumyanın daşnak cəlladı Androniklə 1917-1918-ci illərdəki əlaqələri ciddi tədqiqatlara cəlb olunmalıdır. S.Şaumyanın 1919-cu ilin martında hərbi əsir olması barədə məlumat verən, Bakı Sovetinin arxivində saxlanılan və 1934-cü ildə Ermənistan hökumətinin Türkmənistan SSR-in Krasnovodsk şəhərində “26-lar”a abidə qoyulması üçün 150 min manat ayırması barədə sənədlər də Tarix İnstitutunun Elmi şurasında təhlil edlmişdir. Ortaya çıxan problemin siyasi və elmi əhəmiyyətini düzgün qiymətləndirən institut rəhbərliyinin təşəbbüsü ilə məsələ ilə bağlı yaranmış çoxsaylı suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının, o cümlədən xarici ölkələrin dövlət arxivlərində araşdırmalar aparacaq işçi qrup yaradılmışdır. Keçən bu müddət ərzində işçi qrupu tərəfindən ölkənin dövlət arxivlərində geniş araşdırmalar aparılmış və toplanılmış materialların sənədlər toplusu şəklində çap olunması qərara alınmışdır. Bu araşdırmaların ilkin nəticələri öz əksini “Azərbaycan xalqına qarşı 1918-ci il Mart soyqırımı” adlı kitabda tapmışdır. Sübut olunmuşdur ki, S.Şaumyan 26-lar sırasında güllələnməmiş və “Daşnaksütyun” partiyası Bakı Komitəsinin üzvü olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il may ayının 4-də “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nı və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nı təsdiq etmiş, 2009-cu il oktyabr ayının 21-də isə “Elmin İnkişaf Fondu yaradılması haqqında” sərəncam imzalamışdır. Bu sərəncamlar Tarix İnstitutu və onun əməkdaşları tərəfindən böyük razılıqla qarşılanmışdır. Bu sərəncamlardan çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev humanitar və ictimai elmlərlə bağlı məruzəsi (8 dekabr 2009-cu il) və “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsi ilə bu elm sahələrinin vəzifələrini müəyyənləşdirmiş və gələcək inkişafının yollarını göstərmişdir. Məruzədə Milli Elmlər Akademiyasının Tarix İnstitutunda son illər ərzində rəğbətlə qarşılanmış bir sıra fundamental əsərlərin hazırlanıb nəşr olunduğu xüsusilə qeyd edilmişdir. İnstitutda həmçinin dəyərli tarixi sənədlərin və arxiv materiallarının çapı və şərhi sahəsində mühüm işlərin həyata keçirilməsi və Azərbaycan tarixinə həsr olunmuş fundamental monoqrafiyaların yazılması tövsiyə olunmuşdur. İnstitut bu tövsiyələri nəzərə alaraq, Azərbaycanın itirilmiş ərazilərinin tarixini dərindən araşdırmaq üçün mühüm işlər görmüş, Azərbaycan tarixinin bir çox aktual və həllini gözləyən problemlərinin müasir dövrün tələbləri ruhunda araşdırılıb xalqa çatdırılması üçün elmi-tədqiqat fəaliyyətində əsaslı dəyişikliklər etmişdir.
Azərbaycan tarix elmi üçün böyük uğur sayılan hadisələrdən biri də - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (7 dildə) adlı fundamental əsərin nəşr olunmasıdır. Cənubi Qafqazın tarixində mühüm rol oynamış Azərbaycan dövlətlərindən biri - İrəvan xanlığının (1747-1828) tarixinə həsr olunmuş fundamental monoqrafiya - “İrəvan xanlığı” adlı əsər təkcə Azərbaycan tarix elmində deyil, dünya tarixşünaslığı üçün nəhəng bir hadisə sayılmalıdır. AMEA Tarix İnstitutu və Regionların İnkişafı İctimai Birliyinin birgə layihəsi olan bu kitabda Nadir şah Əfşarın yaratdığı imperiyanın süqutundan sonra meydana çıxmış İrəvan xanlığının Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu sübuta yetirilir. Əsərdə müstəqil Azərbaycan dövlətlərindən biri olan İrəvan xanlığı və həmin xanlığın yerləşdiyi Azərbaycan torpaqları təkzibolunmaz tarixi mənbələr əsasında hərtərəfli tədqiqata cəlb edilmişdir. Monoqrafiyada İrəvan xanlığı əhalisinin etnik tərkibi araşdırılmış və erməni müəlliflərinin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa olunmuşdur. Bundan əlavə, İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi və xarici siyasəti, İrəvan xanlığının XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizəsi, böyük çətinliklə Rusiya imperiyası tərəfindən işğalı, ən əsası isə işğaldan sonra bu əraziyə İrandan və Osmanlı imperiyasından ermənilərin kütləvi şəkildə köçürülməsi geniş şəkildə öz əksini tapmışdır. Kitabın nəşrində əsas məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bir dövlət - İrəvan xanlığı haqqında elmi ədəbiyyatda indiyə qədər mövcud olan saxta, uydurma fikirləri ifşa etmək, real tarixi ictimaiyyətə çatdırmaqdır. Bu fundamental əsər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xətti ilə xaricdə yayılmışdır. Onu da qeyd etmək lazımdır ki, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabı böyük rəğbətlə qarşılanmış, “Humay” mükafatına layiq görülmüşdür.
AMEA Tarix İnstitutunun son 14 ildə əldə etdiyi bu uğurlar ulu öndər Heydər Əliyevin Tariximizin Dirçəliş Konsepsiyası və İlham Əliyevin konkret tapşırıq və sərəncamları əsasında əldə edilmişdir. Bu uğurlar 2011-ci il aprelin 26-da keçirilən AMEA-nın illik ümumi yığıncağında da ifadəsini tapmışdır. Yığıncaqda Prezident
İlham Əliyev özünün geniş nitqində tarixçilərin işlərinə yüksək qiymət verərək qeyd etmişdir ki, “Tarix elmləri ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Biz bu məsələyə çox böyük diqqət göstəririk. Mən çox şadam ki, tarixçilərimiz çox sanballı və əsaslı əsərlər yaradırlar. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur. Şadam ki, alimlərimiz mənim çağırışıma müsbət cavab verərək, qısa müddət ərzində bu bölgənin tarixi ilə bağlı çox gözəl və real faktlara əsaslanmış əsərlər yaratmışlar. Başlıcası, İrəvan xanlığının tarixi ilə bağlı yaradılmış əsərlər xüsusi məna daşıyır. Çünki əfsuslar olsun ki, dünya birliyi, demək olar, bilmirdi ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır… Nəinki ölkə daxilində, eyni zamanda, xaricdə də bunu bilməlidirlər. Ona görə bu kitabların xarici dillərdə nəşri xüsusi məna daşıyır… Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir… Bu, bizim torpaqlarımızdır. Elmi araşdırmalar və elmi əsərlər,kitablar çox vacibdir”. AMEA Tarix İnstitutu alimlərinin fədakar əməyini xüsusi olaraq qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həm də Azərbaycan tarixinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində onların gördükləri işlərə çox böyük qiymət vermişdir.
2011-ci il dekabrın 22-də AMEA Tarix İnstitutunun Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə birgə hazırladığı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr olunmuş “Tariximizin keşiyində” adlı sənədli televiziya filminin təqdimatı keçirilmişdir. 2014-cü ildə isə Yaqub Mahmudovun
“İlham Əliyev və Azərbaycan tarix elmi” adlı kitabı çap edilmişdir. Monoqrafiyada Prezident İlham Əliyevin tövsiyə, çağırış və tapşırıqlarına əsasən müstəqil Azərbaycan Respublikasında tarix elminin konseptual problemlərinə, bu problemlərin araşdırılması istiqamətində aparılan dövlət siyasətinə və strategiyasına həsr olunmuşdur. Kitabda dövlət başçısının Azərbaycan tarix elminin inkişafına yönəlmiş məqsədyönlü siyasəti tədqiq edilmiş, Azərbaycan tarixinin obyektiv araşdırılması işinə ölkə rəhbərinin xüsusi qayğı göstərməsi nəticəsində bu mühüm elm sahəsinin Azərbaycan Respublikasının İnkişaf Strategiyasının mühüm tərkib hissəsi olduğu işıqlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2012-ci ildə də elm sahəsinə, alimlərə göstərdiyi diqqət və qayğını artırmış, Azərbaycan elminin inkişafı istiqamətində bir sıra qərarlar qəbul etmişdir. Belə ki, Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 26 aprel tarixli sərəncam imzalamışdır.
2012-ci il AMEA Tarix İnstitutu üçün bütövlükdə əlamətdar və uğurlu il olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 may tarixli 2238 nömrəli sərəncamı ilə Qarabağın, Naxçıvanın və İrəvan xanlığının tarixinə dair silsilə əsərlərə görə Tarix İnstitutunun 13 əməkdaşına Azərbaycan Respublikasının Dövlət mükafatı verilmişdir. Prezidentin tarixçi alimlərin fəaliyyətinə verdiyi belə yüksək qiymət Tarix İnstitutunun bütün kollektivi üçün də ən əlamətdar hadisə kimi dəyərləndirilə bilər.
Azərbaycan Respublikasının Prezidenti “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü” haqqında 2012-ci il 9 aprel tarixli 2130 N-li sərəncam imzalamışdır. Sərəncamın yerinə yetirilməsi ilə bağlı AMEA Tarix İnstitutu 2012-ci il mayın 4-də nəzərdə tutulan bir sıra tədbirlər keçirmişdir. Belə ki, “Şuşa-Pənahabad” (Bakı, 2012) adlı monoqrafiya çapdan çıxmışdır. Monoqrafiyada Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biri olan Şuşa şəhərinin şanlı tarixi keçmişi, unikal memarlıq abidələri, görkəmli şəxsiyyətləri haqqında məlumatla yanaşı, Pənahəli xan Cavanşirin əsasını qoyduğu bu şəhər - qalanın tarixi tədqiq olunmuşdur. Erməni təcavüzkarları XIX yüzilliyin əvvəllərində köçüb gəldikləri Azərbaycan torpaqlarında - İrəvan xanlığının ərazisində, Zəngəzurda və başqa yerlərdə olduğu kimi, Qarabağdakı, o cümlədən Şuşadakı qədim Azərbaycan abidələrini də məhv etdilər. Kitabda şəhərin erməni vandallarının işğalından əvvəlki və işğaldan sonrakı mənzərəsini əks etdirən fotosənədlər öz əksini tapmışdır. İnstitut, eyni zamanda, Azərbaycan Televiziyası ilə birlikdə “Şuşa-Pənahabad” filmini də yaratmışdır.
2014-cü il iyul ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan diplomatları qarşısında çıxışı zamanı demişdir: “Bilirsiniz ki, alimlərimiz mənim təşəbbüsümlə İrəvan xanlığı haqqında böyük elmi əsər yaratmışlar. Bunun çox böyük əhəmiyyəti vardır. Ancaq bu əsər daha çox faktoloji və elmi məsələləri əks etdirir. Hesab edirəm ki, daha geniş auditoriyaya çatdırmaq üçün kiçik həcmli broşürlər də buraxılmalıdır. Hesab edirəm ki, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Mədəniyyət və Turizm Nazirliyi birlikdə belə broşürlər hazırlamalıdırlar ki, müxtəlif dillərdə nəşr edilsin və xarici ictimaiyyətə çatdırılsın. O cümlədən, İrəvanın 1918-ci ildə Ermənistana verilməsi faktları da geniş auditoriyaya məlum deyildi”.
Dövlət başçısının həmin çağırışına cavab olaraq Tarix İnstitutu 2016-cı ildə aşağıdakı broşürləri nəşr etdirmişdir: N.Mustafa. “İrəvan xanlığı. Erməni vandallarının yox etdiyi Xan sarayı”; N.Mustafa. “İrəvan xanlığı. Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”; G.C.Nəcəfli. “İrəvan xanlığı. İrəvan qalası-qəhrəmanlıq qalası”; G.C.Nəcəfli. “Çüxürsəd hakimləri və İrəvan xanları”; N.Mustafa. “İrevanskoe xanstvo. Xanskiy dvoreü, razruşennıy armənskimi vandalami”; Yenə onun: “İrevanskoe xanstvo. Meçeti İrevana, razruşennıe armənskimi vandalami”; G.Nəcəfli. “İrevanskoe xanstvo. İrevanskaə krepostğ - simvol qeroizma”; Yenə onun: “İrevanskoe xanstvo. Çuxursedskie praviteli i İrevanskie xanı”; N.Mustafa. “The Iravan khanate. Khans palase wiped out by Armenian vandals”; Yenə onun: “The Iravan khanate. Mosque of Iravan obliterated by Armenian vandals”; G.J.Najafli. “The Iravan khanate. Iravan fortress - the fortress of heroism; G.J.Najafli. The Iravan khanate. Rulers of Chukhursad and khans of Iravan”; Yenə onun. “İrəvan xanlığının paytaxtı - İrəvan şəhəri”; Yenə onun: “Stoliüa İrevanskoqo xanstva qorod İrevan”; Yenə onun: “Erməni vandallarının yox etdiyi İrəvan qalaları”; Yenə onun: “İrevanskie kreposti, razruşennıe armənskimi vandalami”; Yenə onun: “İrəvan xanlığının mahalları”; Yenə onun: “Maqalı İrevanskoqo xanstva”; İ.Məmmədova. “İrəvan xanlığının əhalisi”; Yenə onun: “Naselenie İrevanskoqo xanstva”.
Keçən 14 il ərzində AMEA Tarix İnstitutu geniş miqyasda arxiv sənədləri topluları nəşr etdirmişdir. Onların arasında “Azərbaycan tarixi arxiv sənədlərində (1920, may-1922, mart)”; “Azərbaycan tarixi arxiv sənədlərində (XVIII-XX əsrin əvvəlləri)”; “Azərbaycan tarixi arxiv sənədlərində (XIX əsrin sonu-XX əsrin əvvəlləri)”; “Azərbaycan tarixi arxiv sənədlərində (XIX-XX əsrin əvvəlləri)” xüsusi qeyd oluna bilər.
Son illər Tarix İnstitutu dünya ölkələrinin bir çox elmi müəssisələri ilə elmi əlaqələr yaratmışdır. AMEA Tarix İnstitutunun Türkiyə Cümhuriyyəti Atatürk Kültür, Dil, Tarix Yüksək Kurumu, Atatürk Araşdırma Mərkəzi, Türk Tarix Qurumu, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzi, Rusiya Federasiyası Tatarıstan Respublikası EA Tarix İnstitutu, Rusiya EA Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu, RF Çeçenistan Elmlər Akademiyası Tarix İnstitutu, RF Adıgey Respublikası T.M.Keraşev adına Humanitar Tədqiqatlar İnstitutu, Adıgey Respublikası Maykop Dövlət Texnoloji Universiteti, İnquşetiya Respublikası Çaxa Axriyev adına Humanitar Elmlər Elmi Tədqiat İnstitutu, Rusiya EA-nın Böyük Pyotr adına Antropologiya və Etnoqrafiya Muzeyi, Moskva Tarix, İqtisadiyyat və Hüquq Elmi Tədqiqat İnstitutları, Bolqarıstan, Macarıstan və Polşa respublikalarının universitet və akademiyaları, Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu ilə elmi əməkdaşlığı daha da genişləndirmişdir.
Azərbaycan Respublikası Prezidenti
İlham Əliyev 2015-ci ilin 9 noyabr tarixində AMEA-nın 70 illik yubileyi ilə bağlı tədbirdəki çıxışı zamanı Tarix İnstitutu tərəfindən nəşr edilən fundamental elmi əsərləri yüksək qiymətləndirərək bildirmişdir: “Azərbaycanın çox zəngin tarixi vardır. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilirlər. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var. Digər tərəfdən, bizə qarşı təxribatlar aparılır. Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir, hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olubdur. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilibdir. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır”.
Azərbaycan Respublikasının Prezidenti AMEA-nın 70 illik yubiley tədbirindəki çıxışı zamanı Tarix İnstitutu qarşısında növbəti vəzifələr qoymuşdur: “Hesab edirəm, vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər.” “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 11 oktyabr 2016-cı il tarixli sərəncamına uyğun olaraq Tarix İnstitutunda aşağıdakı fundamental monoqrafiyalar çap olunmuşdur: Azərbaycan Respublikasının tarixi (1991-2003), c.1. Bakı, 2016; Azərbaycan Respublikasının tarixi (2003-2016), c.2. Bakı, 2016; Azərbaycan Respublikasının tarixi (1991-2016). Tarixi-biblioqrafik araşdırma. Bakı, 2016; Azərbaycan Respublikasının tarixi (1991-2016). Fotokitab. Bakı, 2016; Azərbaycan Respublikasının tarixi (1991-2016). Tarixi-xronoloji araşdırma. Bakı, 2016.
Eyni zamanda, Tarix İnstitutu ulu öndər Heydər Əliyevin vəsiyyəti və Prezident
İlham Əliyevin tapşırığı ilə 2004-cü ildə “Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”nı çap etdirmişdir. Kitabın 2014-cü ildə işıq üzü görən ikinci nəşri, hesab edirik ki, Azərbaycan Xalq Cümhuriyyətinin bu il qeyd edəcəyimiz 100 illiyinə ən böyük töhfələrdən biri olacaqdır.
Bu bir həqiqətdir ki, hər bir xalq, onun milli-mənəvi varlığı doğma elinə, torpağına bağlı olan tarixi şəxsiyyətlərin fəaliyyəti və mübarizəsi sayəsində yaşayır, qeyri-millətlər içərisində əriyib yox olmaq təhlükəsindən qurtulur. Məhz qüdrətli şəxsiyyətlər sayəsində xalq həm də tarixin yaddaşında qalır. Qədim dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan xalqı üçün böyük qürur mənbəyidir ki, o, dünyaya olduqca görkəmli tarixi şəxsiyyətlər bəxş etmişdir. Çox təəssüf ki, xaricdə və hətta ölkəmizin daxilində xalqın yaddaşında yüz illər ərzində özünə layiqli yer tutmuş görkəmli dövlət xadimlərinə və tarixi şəxsiyyətlərə, o cümlədən Cavanşir, Babək, Uzun Həsən, Şah İsmayıl Səfəvi, Şah Abbas Səfəvi, Nadir şah Əfşar və digərilərinə qarşı saxta, elmdən uzaq, sağlam məntiqdən kənar fikirlərlə, qarayaxmalarla çıxış edənlər tapılır. Bu gün təcavüzkar Ermənistanın işğalçılıq siyasətinə qarşı informasiya müharibəsində fəal iştirak edən Tarix İnstitutu Prezident İlham Əliyevin çağırışları, tapşırıq və tövsiyələri ilə mükəmməl elmi araşdırmalar ortaya qoymaqla yanaşı, həm də yeniyetmələr arasında “Tarixi şəxsiyyətlərimizə sahib çıxaq” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində Bakı şəhərinin müxtəlif orta məktəbləri, təhsil kompleksləri və liseylərində, Şəki şəhərində “Heydər Əliyev”, “Şah İsmayıl Səfəvi”, “Şah Təhmasib Səfəvi”, “Şah Abbas Səfəvi”,”Azərbaycanın böyük dövlət xadimi Həsən Padşah”, “Vətən qeyrətli qadın hökmdarımız - Tomiris”, “Nadir şah Əfşar”, “Ağa Məhəmməd şah Qacar, “Hacı Çələbi xan” mövzularında elmi-praktik konfranslar keçirilmişdir. Orta məktəb şagirdlərinin çox fəal iştirak etdikləri bu konfransların gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında rolu əvəzsizdir.
Təbii ki, Azərbaycan tarix elmi qarşısında duran fundamental elmi problemlər çoxdur və onların həlli müəyyən vaxt tələb edir. Bu problemlər içərisində milli tariximizin dövrləşdirilməsi, Azərbaycan ərazisində yayılmış müxtəlif dinlərin, ilk növbədə, islam dininin, Azərbaycanın beynəlxalq əlaqələrinin tədqiqi, Azərbaycanın tarixi coğrafiyasının yazılması və tarixi xəritələrin tərtibi, Qərbi Azərbaycan, o cümlədən İrəvan xanlığının, Cənubi Azərbaycan, Borçalı mahalı və Naxçıvan diyarının tarixinin, XVIII-XX əsrlərdə azərbaycanlılara qarşı deportasiya, etnik təmizləmə və soyqırımı siyasəti, qədim zamanlardan bu günə qədər Qarabağın və Azərbaycanın şimal-qərb bölgələrinin tarixinin araşdırılması, orta məktəblər üçün yüksək səviyyəli tarix dərsliklərinin yazılması tarix elmi qarşısında duran ən aktual məsələlərdəndir.
Bütün bunlar ötən dövr ərzində ölkəmizdə yüksək səviyyəli akademik bir məktəbin yarandığını təsdiq edir. Respublikamızın ən tanınmış və məşhur tarixçiləri, arxeoloqları, etnoqrafları, şərqşünasları məhz Tarix İnstitutunda çalışmışlar. Onlar Azərbaycan tarixinə dair elmi-tədqiqat işləri aparmaqla yanaşı, ümumən, qafqazşünaslıq, şərqşünaslıq və dünya xalqlarının elmi və mədəni tərəqqisi məsələlərini əhatə edən bir sıra mühüm problemlərin araşdırılmasında Azərbaycan elminin aparıcı qüvvələri olmuşlar. Azərbaycan alimlərinin əməyi nəticəsində sovet imperiyası dövründə xalqımıza qarşı ərazi iddiaları ilə çıxış edən erməni millətçilərinin təcavüzkar niyyətləri ifşa edilmişdir. Bu nöqteyi-nəzərdən hazırda Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, işğal olunmuş və hələ sovet hakimiyyəti dövründə zorla ermənilərə verilmiş torpaqlarımızın geri qaytarılması üçün tarixçi alimlərin qarşısında çox böyük vəzifələr durur.
Tarix elmi çox böyük gücə malik bir silahdır, bu silahdan xalqımızın əbədi azadlığının, tarixi ərazi bütövlüyünün və dövlət müstəqilliyinin təmin edilməsi üçün maksimum dərəcədə istifadə olunmalıdır. AMEA Tarix İnstitutu bu vəzifələrin yerinə yetirilməsi yolunda xüsusi yeri olan bir elmi təşkilatdır. Tarix İnstitutunda aparılan geniş tədqiqat işləri Azərbaycan xalqının milli oyanışında, xalqımızın azərbaycançılıq ideyaları ətrafında daha sıx birləşməsində və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində mühüm rol oynayır. Bu gün AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu Azərbaycanda tarix elminin başlıca qurumuna, milli ideologiyanın formalaşdığı mərkəzlərdən birinə çevrilmişdir. Onu da xüsusi qeyd etmək lazımdır ki, tarix elmi sahəsində görülən bütün bu böyük işlər ölkə Prezidenti İlham Əliyevin göstərişləri, çağırış və tövsiyələri əsasında həyata keçirilir. XXI əsrlə dünyada yeni era başlamışdır. Hər bir elm sahəsində olduğu kimi, tarix elmi sahəsində də yeniləşmə prosesinin reallığa çevriləcəyi şəksizdir. Şübhə yoxdur ki, bütün zamanlarda sınaqlardan uğurla çıxan Azərbaycan tarix elmi yeni eranın sınaqlarından da zəfərlə çıxacaqdır.
Azərbaycan tarixçisi milli tariximizin inkişafına göstərdiyi qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdardır və əmindir ki, Azərbaycanın Qurucu Prezidenti ölkəmizin tarixinə, həm də Qarabağı erməni təcavüzkarlarından azad edən Xilaskar Prezident kimi daxil olacaq!

Yaqub MAHMUDOV,
Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik