Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

IV Azərbaycan-alman-türk tibb konqresi çərçivəsində III Bakı Beynəlxalq Tibbi Təlim günləri keçirilir

29 Aprel 2018
 

Milli Onkologiya Mərkəzi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və  Azərbaycan-Almaniya  Tibbi  Əməkdaşlıq Cəmiyyətinin təşkilatçılığı ilə IV Azərbaycan-alman-türk tibb konqresi öz işini davam edir.

AZƏRTAC xəbər verir ki, konqresə xarici ölkələrdən dəvət olunan 10 professor aprelin 27-də  Milli Onkologiya Mərkəzinin qonağı olub. Mərkəzin baş direktoru, akademik Cəmil Əliyev onları salamlayaraq həkimlərin  ixtisaslaşması üçün göstərdikləri səylərə görə minnətdarlığını bildirib, Azərbaycanda tibbin bütün sahələrində və xüsusən də onkologiya sahəsində əldə edilən uğurlardan danışıb. Konqreslə eyni vaxtda III Bakı Beynəlxalq Tibbi Təlim günləri də keçirilir. Konqres öz işini treninqlərlə başlayıb və  Azərbaycan, Almaniya, İsveçrə, Türkiyə və Rusiyadan olan professorların məruzələrini dinləməklə  davam edib. Maraqlı müzakirə və diskussiyalar zamanı ölkəmizdən olan həkimlər xarici həmkarları ilə ondan artıq mövzu ətrafında elm və təcrübə mübadiləsi aparıb, müasir təbabətin aktual problemləri və onların qarşısının alınması üsullari ilə tanış olublar.

Bununla yanaşı, laparoskopik və ümumi cərrahiyyə, ginekologiya, ultrasəs diaqnostikası, endoskopiya, intensiv terapiya sahəsində  yerli mütəxəssislər  Avropadan və yaxın xarici ölkələrdən olan həmkarları ilə birlikdə 200-dən çox azərbaycanlı həkim öz sahəsində yeniliklərə yiyələnərək ən müasir modellər üzərində treninqlər icra edib, mürəkkəb prosedurların icra edilməsi texnikasını öyrəniblər.