Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərişıq” ASC elektron xidmətə yüksək önəm verir

28 Aprel 2018
 

“Prezident İlham Əliyevin “Elektron hökumət”lə bağlı imzaladığı fərman və sərəncamları fəaliyyətinin əsas aspektlərindən hesab edən “Azərişıq” ASC bu istiqamətdə ciddi işlər görüb və artıq sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkəsinə qoşulması üçün texniki şərtlərin verilməsi prosesində aparılan islahatlar öz bəhrəsini verməkdədir”. Bu fikirlər “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov və Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsinin rəisi Elsevər Rüstəmlinin “Elektron hökumətlə bağlı “Azərişıq” ASC-də həyata keçirilən yeniliklər, bunun sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması və digər xidmətlərdə rolu” mövzusunda 220 saylı yarımstansiyada keçirilən mətbuat konfransında səslənib.

Bildirilib ki, sahibkarlıq obyektinin elektrik şəbəkəsinə qoşulması üçün “ASAN xidmət” və “ASAN kommunal” vasitəsilə “Azərişıq” ASC-yə 2018-ci ilin əvvəlindən bu günə kimi 1000-ə yaxın müraciət daxil olub ki, onların da 500-dən çoxu məhz elektron qaydada edilib. Sahibkarların “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsilə səhmdar cəmiyyətə müraciət etmələrinə və xüsusən bunun elektron qaydada həyata keçirilməsinə “Azərişıq” ASC xüsusi maraq göstərir. Odur ki, 500-dən yuxarı sahibkarın elektrik şəbəkəsinə qoşulmaq üçün məhz elektron qaydanı seçməsi aparılan təbliğatın özünü doğrultmasının və eyni zamanda həyata keçirilən islahatların nəticə verməsinin göstəricisidir. Nəzərə çatdırılıb ki, son aylarda sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün köklü şəkildə yeniliklər edilib. Belə ki, artıq yerləşdiyi rayondan asılı olmayaraq ölkədəki bütün sahibkarlar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edərək obyektlərini elektrik şəbəkəsinə qoşdura bilirlər. Eyni zamanda elektrik şəbəkəsinə qoşulmaq üçün  “vahid pəncərə” sistemi üzrə prosedurlar 7-dən 3-ə salınıb, ən əsası isə, şəbəkəyə qoşulma müddəti 69 gündən 24 günə endirilib. Həmçinin texniki şərtlərin verilməsi prosesində “Azərişıq” ASC-nin elektron xəritəsinin imkanlarından istifadə olunmağa başlanılıb. Hazırda “ASAN xidmət” və ya “ASAN kommunal” mərkəzlərinə müraciət daxil olan kimi əraziyə getmədən, elə yerindəcə, elektron xəritədə dərhal məkanın coğrafi mövqeləri təsbit edilir, ona ən yaxın məsafədəki güc mənbəyi müəyyənləşdirilir, texniki məlumatlar analiz olunur. Həmçinin müraciətdə göstərilən obyektin şəbəkəyə qoşulmasının mümkünlüyü təyin edildikdən sonra trassa müəyyənləşdirilərək məsafə elektron xəritə üzərində ölçülür və bilavasitə ərazidə iş planı layihələndirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənilən kimi sənədləşmə işi tamamlanır. Bütün bunlar isə abonent əhali ilə yanaşı, sahibkarların işini asanlaşdırır, şəffaflığı təmin edir, insan faktorunu aradan qaldırır.

Hazırda isə “Azərişıq” ASC-də Prezident İlham Əliyevin bu il mart ayının 14-də imzaladığı “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmana uyğun olaraq ciddi işlər həyata keçirilir. Belə ki, elektron xəritə də daxil olmaqla, “Azərişıq” ASC-nin digər elektron xidmətlərinin “Elektron hökumət” portalına qoşulması üçün tədbirlər görülür. Daha dəqiqi, “Azərişıq” ASC-nin informasiya sistemləri və ehtiyatlarının “Elektron hökumət” portalı ilə əlaqələndirilməsi üçün komponentlər yaradılır. Bu səbəbdən də istismar müddəti bitməkdə olan informasiya texnologiyaları avadanlıqları daha müasir və yüksək parametrli avadanlıqlarla əvəzlənir, server, kompüter, şəbəkə və ümumilikdə maddi-texniki baza tələbata uyğun olaraq yenidən formalaşdırılır. Sözsüz ki, bütün bunlar nəticədə ölkə başçısının “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmana uyğun olaraq “Elektron hökumət” portalı vasitəsilə istər sahibkarların, istərsə də abonent əhalinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq daha çevik informasiya almasına, sosial xidmət təminatında dövlət qulluqçuları ilə vətəndaşlar arasında təmasın aradan qaldırılmasına, həmçinin prosedurları sadələşdirməyə və şəffaflığa xidmət edəcək.

 

“Azərbaycan”