Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Norika Nikolai: Azərbaycan Avropanın enerji xəritəsində çox mühüm yer tutur

27 Aprel 2018
Aprelin 27-də Milli Məclisdə Avropa İttifaqı–Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ilə ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cavanşir Feyziyev bildirib ki, Milli Məclis ilə Avropa Parlamenti arasında olan münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan parlamentinin nümayəndə heyəti tez-tez Avropa Parlamentində səfərlərdə olur və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparırlar.

“Siz Azərbaycanda gedən siyasi prosesləri yaxından izləmisiniz. Azərbaycanın son 15 ildə əldə etdiyi həm iqtisadi, həm siyasi nailiyyətləri ilə tanışsınız. Bu yaxınlarda Azərbaycanda əhalinin yüksək siyasi fəallığı ilə prezident seçkiləri keçirildi. Səsvermədə seçicilərin 80 faizdən çoxu bugünkü hökuməti və Prezidenti dəstəklədi. Bununla da Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoydu”, - deyə C.Feyziyev qeyd edib.

Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai Azərbaycana səfərdən məmnunluğunu ifadə edib və səfər çərçəvində keçirdiyi görüşlərdən razı qaldığını bildirib. “Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir. Ümidvaram ki, gələn il Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni saziş imzalanacaq və bu münasibətlərimizin, əməkdaşlığımızın daha da inkişafına müsbət təsir göstərəcək”,- deyə Norika Nikolai vurğulayıb.

Azərbaycanın Avropanın enerji xəritəsində çox mühüm yer tutduğunu deyən məruzəçi bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində iqtisadi faktor da olduqca mühüm yer tutur.