Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Slavyan Universitetində tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilir

26 Aprel 2018
Aprelin 26-da Bakı Slavyan Universitetində (BSU) “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda tələbə və magistrantların respublika elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva konfransın Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyinə həsr olunduğunu söyləyib, bu münasibətlə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirib.

Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən gənclərin iştirak etdiklərini söyləyən N.Əliyeva AXC-nin yaranmasından və qısa vaxtda gördüyü böyük işlərdən, ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasından danışıb, gənclərimizə vətənpərvər olmağı, hər zaman dövlətimizin, millətimizin mövqeyini qorumağı, onun adını uca tutmağı tövsiyə edib.

Rektor bildirib ki, bu gün ölkəmizdə bütün uğurların əsasında ulu öndər Heydər Əliyevin azərbaycançılıq siyasəti dayanır.

Konfransda “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq əlaqələri”, “Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu quruculuğu”, “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil”, “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan tarixində yeri və əhəmiyyəti”, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinə qısa baxış” və digər mövzularda məruzələr dinlənilib.

Sonra konfrans işini bölmələr üzrə iclaslarla davam etdirib.