Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Göyçay: 63 mindən çox rayon sakini kütləvi tibbi müayinədən yararlanıb

24 Aprel 2018
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Göyçay rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

Göyçayda əhalinin kütləvi dispanserizasiyası üçün rayonda hər cür şərait yaradılıb. Müayinələr Göyçay Rayon Mərkəzi Xəstəxanasında, uşaq xəstəxanasında və uşaq poliklinikasında, eləcə də qəsəbə və kənd tibb məntəqələrində həyata keçirilir. Yüksək ixtisaslı həkimlər vətəndaşları qrafik əsasında müayinə edir, zərurət yarandıqda onlar müalicəyə cəlb olunurlar.

Rayon mərkəzi xəstəxanasının baş həkiminin müavini Ləman Hacıyeva AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, fevralın 12-dən etibarən Göyçay rayonunda da əhalinin kütləvi tibbi-profilaktik müayinəsi mütəşəkkil aparılır. Ötən vaxt ərzində 63 min 72 nəfər rayon sakini pulsuz tibbi müayinələrdən keçirilib. Onlardan 376 nəfəri Göyçay Rayon Mərkəzi Xəstəxanasında stasionar, 1892 nəfər ambulator müalicəyə cəlb edilib, 120 nəfər isə müalicə üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.

Yaşı 18-dən yuxarı olan 84 min 610 nəfərin tibbi-profilaktik müayinədən keçirilməsi üçün Göyçay şəhərində 2, kəndlərdə 13 tibbi müayinə məntəqəsi yaradılıb. Rayon mərkəzi xəstəxanasının, poliklinika şöbəsinin və kənd səhiyyə ocaqlarının işçiləri müayinələrə cəlb edilib, əvvəlcədən onlar arasında maarifləndirmə işləri görülüb. Tibbi müayinələr əsasən terapevt, oftalmoloq, ginekoloq, cərrah, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri tərəfindən aparılır. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən də keçirilir.

Ləman Hacıyeva qeyd edib ki, rayonda aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün böyük əhəmiyyəti var. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Odur ki, rayonun tibb işçiləri bu aksiyada fəal iştirak edirlər.

Tibbi müayinələrin keçirildiyi Göyçay Rayon Mərkəzi Xəstəxanası yenidən qurularaq ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur.