Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərişıq” ASC Salyanda işə qəbul müsabiqəsi keçirib

21 Aprel 2018
 

“Azərişıq” ASC Dövlət Məşğulluq Xidməti ilə birgə əhalinin məşğulluğu sahəsində aktiv iştirak edir və mütəmadi olaraq bütün rayon elektrik şəbəkələrində vətəndaşların işlə təmin olunmasını həyata keçirir.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası haqqında ölkə Prezidenti İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq keçirilən belə tədbirlərdən biri də Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının binasında təşkil edilib. “Azərişıq” ASC-nin İnsan Resursları Departamentinin direktoru Xalid Təhməzovun başçılığı ilə işə qəbul komissiyası qəbulun şəffaf şəkildə həyata keçirilməsi, vakant yerlərə ən layiqli namizədin seçilməsi, müvafiq biliyə, təcrübəyə və peşəkarlığa malik şəxslərin səhmdar cəmiyyətdə işə götürülməsi üçün müsabiqə təşkil edib. Müsabiqə əsasən gənclərdən ibarət kadrlarla aparılıb.

Qeyd edək ki, bu cür imtahanlar işə qəbul komissiyası tərəfindən yazılı (test formasında) və şifahi qaydada aparılır, müvəffəq qiymət almış namizədlər “Azərişıq” ASC-nin Tədris Mərkəzində 10 günlük kurslara cəlb edildikdən və müvafiq təlimatlarla tanış olduqdan sonra işə buraxılırlar.

“Azərişıq” ASC-nin kadr ehtiyatının formalaşdırılması zamanı bir neçə mənbədən -  Dövlət Məşğulluq Mərkəzinin göndərişi ilə gəlmiş namizədlərdən, vətəndaşların birbaşa müraciətlərindən, kütləvi informasiya vasitələrində verilən elanlardan,  səhmdar cəmiyyətin rəsmi internet saytına göndərilən CV-lərdən, ali, orta, texniki peşə və ya digər təhsil müəssisələrindən peşəkar ixtisaslı kadrların cəlb edilməsindən, habelə ASC-nin struktur bölmələrindən təklif olunan namizədlərin CV-lərindən istifadə olunur.

“Azərişıq” ASC bu cür müsabiqələri davam etdirəcək.

 

“Azərbaycan”