Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə təhsil almaq imkanı qazanacaq

20 Aprel 2018
Pekin Xarici Dillər Universitetinin (PXDU) rektoru, professor Pen Lonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov Bakı Dövlət Universitetinin dünyanın bir çox elm-təhsil ocaqları, o cümlədən Çinin tanınmış universitetləri ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu diqqətə çatdırıb. BDU-nun nəzdində yaradılan Konfutsi İnstitutu haqqında məlumat verən rektor, eyni zamanda, şərqşünaslıq fakültəsində Çin dili və ədəbiyyatı ixtisası üzrə mütəxəssis hazırlandığını qeyd edib.

Professor Pen Lon Çində Azərbaycan mədəniyyətini tədqiq və təbliğ etməyə maraqlı olan Pekin Xarici Dillər Universitetinin fəaliyyətindən danışıb. Bildirib ki, “Bir kəmər, bir yol” strategiyası çərçivəsində ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafını nəzərə alan Çinin Təhsil Nazirliyi PXDU-da Azərbaycan dili üzrə kadrların hazırlanmasını qərara alıb. Növbəti tədris ilində 12 çinli gənc Azərbaycan dili üzrə dördillik bakalavriat təhsili almaq imkanı qazanacaq. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı fənləri də daxil edilib. Bunun üçün universitet Azərbaycan dili dərsliklərinin, lüğətlərinin yazılması üçün xüsusi qrantlar ayırıb, müasir Azərbaycan ədəbiyyatı və Çin-Azərbaycan əlaqələrinin tarixinə aid olan dərin və geniş tədqiqat işləri həyata keçirir.

Görüşdə tələbə-müəllim mübadiləsi, beynəlxalq münasibətlər, ədəbiyyat, regionşünaslıq, idarəetmə və digər sahələrdə birgə kadr hazırlamaq kimi məsələlərə də toxunulub.

Sonra şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov, filologiya fakültəsinin dekanı Elçin Məmmədov, Konfutsi İnstitutunun direktoru Oqtay Cəlilbəyli fikirlərini bölüşüblər.

Qeyd edək ki, PXDU-nun hazırda 87 ölkənin 451 təhsil ocağı ilə əlaqələri var.