Ömrü az olsa da, faydalıdır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ömrü az olsa da, faydalıdır

20 Aprel 2018
 

Cincilim yabanı halda bitsə də, bostanda, kövşəndə, çəməndə və əkin yerlərində az qala hər addımda ona rast gəlmək olar. Yazda təbiət oyanan kimi torpağın sinəsindən boy göstərən cincilim o qədər də uzunömürlü bitki deyil - tez boy atır və tez də ömrünü başa vurur. Tərəvəz və yem bitkisi hesab edilir. Cincilim apreldən başlayaraq soyuqlar düşənə qədər çiçəkləyir. Onu az qala hər bostan və ya çəməndə axtarıb tapmaq olar.

AZƏRTAC tibbi sayt və mənbələrə istinadla xəbər verir ki, cincilim diabet xəstələri üçün əvəzsiz göyərtidir. Hər gün onu yığıb yarpaqlarını axar suyun altında yuyaraq salatlara əlavə etmək çox faydalıdır. Eyni zamanda, pörtlətmək, bişirmək, qurutmaq, ədviyyat kimi istifadə etmək də çox xeyirlidir. Ondan müntəzəm şəkildə istifadə etmək əsas şərtlərdən biridir. Cincilim orqanizmin ümumi maddələr mübadiləsini yaxşılaşdırır, toksinləri çıxarır və qaraciyərin, o cümlədən bütün daxili orqanların işini normallaşdırır.

Qıcolmalar, aritmiya, nevrozlar, mədə xorası və zob xəstəliyində cincilimdən istifadə etmək çox faydalıdır, çibanlar, diatez və ekzemalar onun vasitəsilə tez keçib gedir. İşlədici və sidikqovucu xüsusiyyətləri var. Artrit, podaqra, revmatizm və müxtəlif zədələr zamanı istifadə olunur. Yuxusuzluq, piylənmə və göz iltihabı zamanı da cincilim müsbət təsir göstərir. Xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə-bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq şirkətlərinin cincilimdən hazırladığı dərman preparatları maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi, qaraciyər və dəri xəstəliklərində geniş tətbiq edilir. Qızdırmasalıcı, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırıcı və sakitləşdirici keyfiyyətləri var.

Yazda cincilim zoğları yığılıb yuyulandan sonra dəsmalla qurudulur. Üyüdüb tozunu şüşə bankaya boşaldır, lazım gələndə bir sıra xörək və buterbrodlara səpirlər.