Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT Myanma ordusunu “qara siyahı”ya saldı

17 Aprel 2018
BMT arakanlı qadınlara və uşaqlara qarşı zorakılığa görə Myanma ordusunu “qara siyahı”ya salmışdır. Bu barədə təşkilatın baş katibi Antoniu Quterrişin hesabatında bildirilir. Sənəddə ötən il dünyanın 19 ölkəsində münaqişələr zonasında seksual zorakılıq halları barədə məlumat verilir.

“Myanmada arakanlı qadınlar seksual zorakılığa məruz qalırlar. Myanma ordusu arakanlı müsəlmanların öz evlərinə qayıtmalarını əngəlləmək üçün seksual zorakılıqdan istifadə edir” deyə hesabatda qeyd olunur.

Xatırladaq ki, Myanmanın şimalında yerləşən Arakan əyalətində müsəlmanlara hücumlar ötən il avqustun 25-də artmış və “silahlı ekstremistlərlə mübarizə” bəhanəsi ilə həyata keçirilir.

1970-ci illərdən başlayaraq ölkədəki Rohinya müsəlmanları daim hücumlara və etnik təmizləmələrə məruz qalır.

Sayı iki milyon nəfərə çatan müsəlmanların 80 faizi qonşu ölkələrdə sığınacaq tapmışdır. Hazırda Myanmada 300 min müsəlman qalmışdır. On minlərlə arakanlı Banqladeşdə sığınacaq axtarır.

BMT-nin “qara siyahı”sına daxil edilən dövlətlərə və konkret vətəndaşlara qarşı Təhlükəsizlik Şurasının qətnamələri əsasında müxtəlif sanksiyalar tətbiq olunur.