Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İƏT-in Düşənbə kommunikesində Ermənistan-Azərbaycan münaqişəsinin mövcudluğundan narahatlıq ifadə edilib

17 Aprel 2018
Aprelin 17-də Tacikistanın paytaxtı Düşənbədə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin 23-cü iclası keçirilib. İclasda Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Mahmud Məmməd-Quliyev Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ənənəvi tərəfdaşlıq münasibətləri qeyd olunaraq, siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlıq müzakirə olunub.

İclasda çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev İƏT çərçivəsində Azərbaycanın fəal iştirak etdiyini və üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı dəstəklədiyini, praktik əməkdaşlığın gücləndirilməsinə xidmət edən bir sıra təşəbbüslər irəli sürdüyünü, regional nəqliyyat dəhlizləri layihələrini təşviq etdiyini söyləyib, ölkəmizdə mövcud olan siyasi, iqtisadi sabitlik və həyata keçirilən islahatlar barədə məlumat verib.

İƏT xarici işlər nazirlərinin 23-cü iclasının nəticəsi olaraq Düşənbə kommunikesi qəbul edilib.

Sənəddə İƏT regionunda həll edilməmiş münaqişələrin, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin mövcud olmasının iqtisadi inkişafa və regionun potensialının tam şəkildə istifadəsinə, regional və daha geniş əməkdaşlığa ciddi şəkildə maneə olmasına münasibətdə narahatlıq ifadə edilib. Bu kimi münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyi əsasında tezliklə həll edilməsi üçün səylərin artırılmasının vacibliyi qeyd olunub.

Sənəddə Azərbaycanın iştirak və təşviq etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi, habelə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Azərbaycan-İran-Rusiya elektrikötürmə xətti kimi irimiqyaslı regional nəqliyyat və enerji layihələrinin əhəmiyyəti vurğulanıb.