Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekspert: Ermənistan xalqı Sarkisyan klanını hakimiyyətdə görmək istəmir

17 Aprel 2018
Hazırda Ermənistanda həm siyasi gərginlik hökm sürür, həm də iqtisadi böhran dərinləşir. Bu səbəbdən erməni ictimaiyyəti açıq şəkildə siyasi hakimiyyətlə mübarizəyə başlayıb. Hazırda ölkədə keçirilən mitinqlərin digər bir səbəbi də Serj Sarkisyanın baş nazir olmasına etirazdır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib. O qeyd edib ki, hadisələr erməni ictimaiyyətinin artıq ölkədəki mövcud siyasi rejimdən bezdiyini, hakimiyyətdə Sarkisyan və Qarabağ klanını görmək istəmədiyini göstərir. Bir müddət öncə Ermənistan parlamenti tərəfindən təyin edilən yeni prezident Armen Sarkisyan da Serj Sarkisyanın öz namizəddir. Bu səbəbdən erməni xalqı Sarkisyanın bu siyasi oyununu pozmağa çalışır.

Müsahibimiz əlavə edib ki, Serj Sarkisyan müxtəlif yollarla Ermənistan ictimaiyyətini öz təsiri altında saxlamağa çalışır, lakin bu da nəticəsiz qalır. Hətta Sarkisyan çıxışında 2016–cı ilin aprel döyüşlərini misal gətirib və bildirib ki, Ermənistan bu döyüşlərə hazır olmayıb. Eyni zamanda, bu döyüşlər göstərdi ki, Azərbaycan münaqişənin həllində hərb variantını heç vaxt istisna etmir. Həmçinin erməni ordusunda o vaxt acınacaqlı vəziyyətin olduğunu qeyd edən Sarkisyan orduda islahatların aparılmasına ehtiyac duyulduğunu bildirib. Bir sözlə, o, təhlükəsizlik məsələlərini önə çəkməklə yenə də “Qarabağ kartı”ndan istifadə edir.