Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Əl-İttihad” qəzeti: Azərbaycan xalqı İlham Əliyevin qələbəsini böyük sevinc hissi ilə qeyd etdi

17 Aprel 2018
Birləşmiş Ərəb Əmirliklərinin ən nüfuzlu dövlət qəzeti, Əbu-Dabi vəliəhdinin divanına birbaşa bağlı olan “Əl-İttihad” qəzetində “İlham Əliyev: Münaqişə və toqquşmalardan uğurlara doğru gedən Azərbaycan” sərlövhəli məqalə dərc olunub.

Məqalə Prezident İlham Əliyevin “Azərbaycan xalqı sabitlik, təhlükəsizlik və inkişafa səs verdi” fikri ilə başlayır. Müəllif İlham Əliyevin seçkilərdə böyük səs çoxluğu ilə yenidən qələbə qazandığını bildirir və ilkin nəticələr elan olunan kimi insanların Bakı küçələrinə axışaraq, İlham Əliyevin qələbəsini böyük sevinc hissi ilə qeyd etdiyini vurğulayır.

Prezident İlham Əliyevin 2003-cü, 2008-ci və 2013-cü illərdə də böyük səs çoxluğu ilə seçkilərdə qalib gəldiyi oxucuların diqqətinə çatdırılır, Azərbaycan xalqının ona böyük etimad göstərdiyi qeyd edilir.

Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə istinad edən müəllif seçkiləri 900-ə yaxın beynəlxalq müşahidəçinin izlədiyini, əhalinin 75 faizinin səsvermədə iştirak etdiyini, İlham Əliyevin 86,03 faiz səslə digər namizədlər üzərində parlaq qələbə qazandığını qeyd edir.

Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanın çox böyük iqtisadi və sosial uğurlar əldə etdiyi bildirilən məqalədə 10 milyona yaxın əhalisi olan bu ölkənin ümumi daxili məhsulunun 5 dəfə artdığı, iqtisadiyyatın şaxələndirmə platforması üzərində qurulduğu vurğulanır. Həmçinin Azərbaycanın uğurlu enerji siyasəti barədə məlumat verilir, ölkədə turizm, kənd təsərrüfatı, infrastruktur, nəqliyyat, xidmət və inşaat sektorlarında da inkişafa nail olunduğu bildirilir.

Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində Azərbaycanın Rusiya, Qərb, Türkiyə, İran və Çin ilə balanslı əlaqələr yaratdığını vurğulayan müəllif bu gün rəsmi Bakının həmin ölkələrlə bərabərhüquqlu əlaqələrə malik olduğunu və etibarlı tərəfdaşa çevrildiyini diqqətə çatdırır. Bununla da Azərbaycanın böyük iqtisadi və sosial nailiyyətlərə doğru irəlilədiyi vurğulanır.

 

AZƏRTAC