Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Zeitung” portalı: İlham Əliyevi seçkilərdə dəstəkləyən insanlar Azərbaycanın sosial-iqtisadi inkişafına səs veriblər

17 Aprel 2018
İsveçrənin “Zeitung” portalında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı “İlham Əliyev üçün verilən səs Azərbaycanın bundan sonra da sosial-iqtisadi inkişafı naminə verilən səsdir” sərlövhəli oxucu məktubu dərc olunub.

Merlinda Dauti adlı oxucu tərəfindən yazılmış məktubda Azərbaycanın son illərdə sürətli iqtisadi inkişafı sayəsində Qafqaz regionunda qabaqcıl ölkəyə çevrilməsi, birbaşa xarici investisiyaların həcminə görə regionda aparıcı ölkə olması qeyd edilir. Vurğulanır ki, on ildən artıqdır Azərbaycan ümumi daxili məhsulun artım tempinə, birbaşa xarici investisiyalara və digər iqtisadi göstəricilərə görə öncül mövqelərdədir. Bu inkişafın özülünün Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılır, vaxtilə onun rəhbərliyi altında həyata keçirilən köklü islahatların, sabitlik və sosial dialoq siyasətinin, ölkənin tərəqqisinə rəvac verən yeni qanunların qəbulunun əhəmiyyəti vurğulanır. Qeyd edilir ki, hazırda həmin siyasət uğurla davam etdirilir və nəticədə bu gün Azərbaycan Xəzər hövzəsi və Qafqaz regionunda ən dinamik iqtisadi mərkəzə çevrilib.

Yazıda vurğulanır ki, ölkədə keçirilən növbəti prezident seçkilərində İlham Əliyev seçicilərin mütləq səs çoxluğu ilə yenidən dövlət başçısı seçilib. İlham Əliyevi seçkilərdə dəstəkləyən insanlar növbəti yeddi ildə Azərbaycanın sosial-iqtisadi inkişafı naminə səs veriblər. Çünki Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatda böyük inkişaf mərhələsi keçib, sosial və digər sahələrdə insanların rifahı yaxşılaşıb, Azərbaycanın beynəlxalq aləmdə mövqeləri xeyli dərəcədə möhkəmlənib. Bütün bunlar Prezident İlham Əliyevin siyasi nüfuzunu yüksək səviyyəyə qaldırıb.

 

AZƏRTAC