Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qablaşdırma materiallarının qida məhsullarına təsiri

17 Aprel 2018
Qida Təhlükəsizliyi Agentliyi qablaşdırma materiallarının qida məhsullarına təsiri ilə bağlı araşdırma aparıb.

Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

Məlumata əsasən, müasir dövrdə piştaxtalarda minlərlə eyni çeşidli məhsul görmək mümkündür. Bu səbəbdən də istehsalçılar alıcıların marağını cəlb etmək üçün müxtəlif dizaynlı qablaşdırmalardan istifadə edirlər. Xüsusən də qida sektorunda istehlakçıların əksəriyyətində məhsul və onun istehsalçısı haqqında ilkin və güclü təəssürat qablaşdırmadan yaranır.

Qida sənayesində, əsasən, plastik, şüşə, metal, karton, kağız və kombinləşdirilmiş qablaşdırma materiallarından (süd məhsullarının və içkilərin saxlanılması üçün istifadə olunan tetra-pak qablaşdırma) istifadə olunur.

Düzgün seçilmiş qablaşdırma materialı təzə və emal olunmuş qidaların saxlanılması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi və istehlakı dövründə keyfiyyətinin qorunub saxlanmasında vacib amildir. “Tarladan süfrəyədək” qida təhlükəsizliyi prinsipinin təmin olunmasında qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının xüsusi rolu var.

Bununla belə, qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının tərkibində olan maddələr qidaya təsir etməməlidir. Qablaşdırma düzgün seçilmədikdə qablaşdırma materialının tərkibində olan kimyəvi maddələr qidaya nüfuz edə bilər. Məsələn, qablaşdırma materialının hazırlanmasında istifadə olunan boyaq maddəsi yağda həll olursa, yağlı məhsulların həmin qablaşdırma materialı ilə qablaşdırılması yolverilməzdir.

Qida ilə birbaşa təmasda olan qablaşdırma materialları üçün miqrasiya (nüfuz etmə) test analizləri edilməlidir. Bu analizlər nəticəsində təmas zamanı qablaşdırmanın tərkibindəki maddələrin qablaşdırılan qidanın rənginə, dadına, qoxusuna və kimyəvi xüsusiyyətlərinə nə dərəcədə mənfi təsir göstərə biləcəyi öncədən öyrənilir.

Qida məhsullarının qablaşdırıldığı qablaşdırma materialının üzərində həmin materialın qida sənayesində istifadəyə uyğun olmasını və hazırlandığı materialın növünü bildirən işarə olmalıdır.

Beynəlxalq təcrübədə qida ilə birbaşa təmasda olan qablaşdırma materialının təhlükəsiz olduğunu istehlakçıya göstərmək üçün qablaşdırmanın üzərində qədəh və çəngəl təsviri olan nişandan istifadə olunur.

Qida məhsullarının qablaşdırılması üçün bir çox qablaşdırma materialı var ki, onların təkrar istifadəsi qadağandır. Təkrar istifadəsi qadağan edilən qablaşdırma materialına Pet (Polietilen tereftalat) qablaşdırmanı misal göstərmək olar ki, bu qablaşdırma materiallarının hazırlanmasında istifadə olunan kimyəvi maddələr təkrar istifadə zamanı plastikdən süzülür və insanın qanına, toxumasına yayılır. Bu kimi təsirlərə məruz qalan oqranizmdə xərçəng, immun sisteminin funksiyasının zəifləməsi, hormonal pozğunluq və digər xəstəliklərin yaranma riski var.

Təəssüflə qeyd etməliyik ki, günümüzdə bəzi istehsalçılar təkrar istifadəsi qadağan olan materiallardan hazırlanmış qablaşdırmalardan müxtəlif məhsulların satışında (süd, bəhməz, üzüm yarpağı və s.) yararlanırlar.

Bundan başqa, elə qablaşdırma materialları var ki, onlar dondurulmuş məhsulların istifadəsi üçün nəzərdə tutulur və yaxud əksinə, elə materiallar da var ki, onların mikrodalğalı sobada belə istifadəsi yolveriləndir. Qablaşdırma materialının üzərində qeyd olunan işarələrə diqqətsiz yanaşdıqda, məsələn, yüksək temperaturda istifadəsi uyğun olmayan qablaşdırma materialını sobada istifadə etdikdə, istilik təsirindən ərimə baş verir və qablaşdırmanın tərkibində olan kimyəvi maddələr qidaya təmas edir.

Qida ilə birbaşa təmasda olan qablaşdırma materiallarının düzgün seçilməsi sağlamlığımız üçün çox vacibdir. Hər bir istehlakçı məhsul alan zaman qablaşdırmaya diqqət yetirməlidir.