Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Amerikalı tədqiqatçı: Qədim Mesopotamiyanın masaüstü oyunlarının Azərbaycanda mövcudluğunu sübut edən dəlillər var

17 Aprel 2018
ABŞ-ın Arizona Dövlət Universitetinin və Amerika Təbiət Tarixi Muzeyinin əməkdaşı Valter Krist Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda keçirilən seminarda “Qədim Mesopotamiyanın masaüstü oyunları Azərbaycanda” mövzusunda elmi məruzə ilə çıxış edib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə institutun direktoru, professor Maisə Rəhimova amerikalı tədqiqatçı barədə iştirakçılara məlumat verib. Bildirib ki, əsas elmi tədqiqat istiqaməti Yaxın Şərqin qədim masaüstü oyunları olan V.Kristin fikrincə, qədim Azərbaycan ərazisində də masaüstü oyunların bəzilərinin mövcudluğunu sübut edən dəlillər var. Amerikalı alim Abşeron yarımadası ərazisində, o cümlədən Qobustan abidələrində bəzi qayaüstü rəsmlərin qədim Yaxın Şərqdə mövcud masaüstü oyunlarla oxşarlığı, həmçinin qədim Azərbaycanda bu oyunların sosial konteksti və mədəni təsirlə ölkəmizə gəlməsi barədə fikirlər irəli sürüb.

Tədqiqatçı Qobustan qayalarında qeyd edilmiş bəzi rəsm və müəyyən qayda ilə düzülmüş süni dəliklərin vaxtilə İshaq Cəfərzadə tərəfindən masaüstü oyunlar kimi şərh edildiyini bildirib. O, Qobustanda, Abşeron yarımadasının Türkan, Dübəndi və digər məntəqələrində müəyyən tapıntıların Mesopotamiya, Qədim Misir, Anadolu, Kipr və hətta erkən orta əsrə aid Almaniya ərazisində aşkarlanmış masaüstü oyunlarla oxşar olduğunu slaydlar vasitəsilə nümayiş etdirib. Amerikalı tədqiqatçı Qədim Misirdə “Tazılar və çaqqallar/58 xana” adlı oyunun müxtəlif variantlarının Yaxın Şərqdə geniş yayıldığını, xüsusilə Qobustandakı Çapmalı tunc dövrü yaşayış yeri yaxınlığındakı qayaların birində süni dəliklərin düzülüşü ilə bu oyunun əks olunduğunu qeyd edib. V.Krist masaüstü oyunların növləri, onlarda qədim cəmiyyətdə baş verən sosial dəyişikliklərin naxışlar şəklində qeyd olunması, həmçinin qarşıda duran tədqiqat istiqamətləri barədə də məlumat verib.